Ana səhifə
25 Sentyabr 2018

Azərbaycan iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkədir

Sahibkarlıqla məşğul olmağa qərar verən gəncləri hədəfləyən dəstək proqramları həyata keçirilir

 Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, dostlarımızın, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev beşinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində səsləndirib. Dövlətimizin başçısı deyib: “Əlbəttə ki, bir neçə il bundan əvvəl böyük beynəlxalq dəstəklə, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz ölkəmizin beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir”.
Prezident vurğulayıb ki, Azərbaycan son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkədir. Bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar bu reallıqları təsdiq edir və Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir. Bu, doğrudan da böyük uğurumuzdur. Sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Bizim apardığımız uğurlu iqtisadi islahatlar eyni zamanda güclü sosial siyasətlə tamamlanır. Bu siyasətin nəticəsidir ki, son illər ərzində ölkəmiz yoxsulluğun və işsizliyin azaldılması sahəsində böyük uğurlara imza atıb. Bu gün Azərbaycanda həm yoxsulluq, həm işsizlik 5 faiz səviyyəsindədir və bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Bu uğurların arxasında isə həyata keçirilən uğurlu iqtisadiyyat durur.  Artıq  sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlər ölkədə bir sıra kiçik və orta sahibkarlıq subyektlərinin istifadəyə verilməsinə imkan verib. Bu gün də bu proses davam edir. Sahibkarlardan yeni layihələr qəbul edilir.  Məsələn, artıq 
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qaradağ rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Nazirliyin mətbaut xidmətindən rend-ə verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il noyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: - ət kəsimi, şirniyyat məhsulları, plastik qapı-pəncərə, süni üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, corab istehsalı müəssisələrinin yaradılması. Bu layihələrlə bağlı sahibkarlar Fonda müraciətləri davam edir. Bundan başqa, “Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması” layihəsi çərçivəsində təlimlər başa çatıb. İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Mətbuat xidmətindən verilən məlumata görə, sənaye və istehsal sahələrində fəaliyyət göstərən sahibkarların və menecerlərin maarifləndirilməsi məqsədi ilə İSN-nin təşkilatçılığı ilə “Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması” layihəsi çərçivəsində noyabrın 18-dən başlamış treninqlər dekabrın 2-də başa çatıb.
“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçirilən layihənin məqsədi sənaye və istehsal müəssisələrinin marketinq sahəsində məlumatlılıq səviyyəsinin artırılması və brendləşmənin təşviq edilməsidir.Treninqlərdə müxtəlif sənaye sahələrində fəaliyyət göstərən 50-dən çox yerli müəssisənin nümayəndələri iştirak edib. “Reklam və marketinq kommunikasiyaları”, “Sənayede brendləşmə”, “Marketinq strategiyaları” mövzularını əhatə edən treninqlərdə məhsulun düzgün tanıdılma vasitələri, reklamın səmərəliliyinin artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) bu işlərdən əlavə Bakı Biznes Tədris Mərkəzi regionlarda maarifləndirmə tədbirlərini davam etdirir. Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün sonuncu treninqlər Sabirabad, İmişli və Cəlilabadda keçirilib. “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Kənd təsərrüfatında logistikanın tətbiqi” mövzularında təşkil edilmiş treninqlərdə iştirakçılara biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik, logistika və onun növləri, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması, biznes ideyanın yaradılması və biznes planın tərtib edilməsi, ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracın stimullaşdırılması tədbirləri və s. barədə geniş məlumat verilib. Bundan başqa, tədbirlərdə İSN tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Sonda mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.
 QŞeyd edək ki, gənclər arasında da sahibkarlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir. Azərbaycan Tələbələr Birliyi (ATB) yeni proqramın icrasına başlayıb. Pproqramın əsas fəaliyyət istiqamətləri əhalimizin böyük bir hissəsini təşkil edən gənclər arasında sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, sahibkarlıqla məşğul olmağa qərar verən gəncləri hədəfləyən dəstək proqramları həyata keçirmək, bu sahədə müxtəlif maarifləndirici tədbirləri və görüşləri təşkil etməkdən ibarətdir. ATB universitetlərdə gəncləri sahibkarlıq fəaliyyətinə stimullaşdıracaq və bu fəaliyyəti dəstəkləyəcək biznes inkubatorların yaradılmasını vacib hesab edir. Beləki, gənclər universitet illərində risk almağa, fərqli və yeni şeylər öyrənməyə, ən önəmli isə ilham alaraq bir şeyləri etməyə daha çox meyilli olurlar. Birlik proqramın icrası məqsədilə müxtəlif şirkətlərlə əməkdaşlığa önəm verir. ATB proqram çərçivəsində ilk əməkdaşlıq memorandumunu “AlGetsin.com” elektron ticarət platforması ilə bağlamışdır. Beləki, əməkdaşlıq memorandumu gənclər arasında onlayn ticarətin stimullaşdırılması, bu sahədə imkanlar və perspektivlərin gənclərə çatdırılması, gənclərin onlayn sahibkarlıq fəaliyyətinə kömək edilməsini özündə ehtiva edir. Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov əməkdaşlıq memorandumu barədə bir neçə məqamı vurğulamışdır: “Biz “AlGetsin.com” kimi yeni fəaliyyətə başlayan şirkətlərlə əməkdaşlıqda maraqlıyıq. Çünki, gənclərə nümunə olaraq göstərmək istəyirik ki, gənclər də bu kimi təşəbbüslərlə çıxış edib, öz işlərini qura bilərlər. Bu həm də ölkə iqtisadiyyatının inkişafına kiçik də olsa bir yardım deməkdir. Ona görə də biz “AlGetsin.com” şirkəti ilə müxtəlif tədbirlərin təşkilini nəzərdə tuturuq ki, o tədbirlərdə də sahibkarlığın sirrləri, müasir dünyada necə öz biznesini qurmaq olar kimi məsələlərə toxunacağıq və bu sahədə müxtəlif ekspertlərin gənclərlə görüşünü təşkil edəcəyik. Gənclər, həmçinin, bilməlidirlər ki, cənab Prezident İlham Əliyevin son dövrlərdə sahibkarlığın inkişafına kömək məqsədilə verdiyi fərmanlar, sahibkarlıq subyektlərinin yoxlamalarının qarşısını alan, yersiz büroktatik əngəlləri ortadan qaldırmaqla bağlı verdiyi qərarlar onlara bir motivasiya olmalıdır. Gənclər yaradılan şəraitdən maksimum yararlanmalıdırlar.”
“AlGetsin.com” elektron ticarət platformasının icraçı direktoru Elnur Əhmədov da imzalanan əməkdaşlıq memorandumu ilə bağlı öz fikirlərini bildirmişdir: “Azərbaycan Tələbələr Birliyi ilə əməkdaşlıq bizim üçün çox önəmlidir. Çünki, biz onlayn ticarətdə əsas hədəf qrupunun gənclər, gənclərin içərisində də dinamik qrupu olaraq tələbələri seçmişik. Bu mənada Azərbaycan Tələbələr Birliyi ilə edəcəyimiz işlər bir komanda olaraq bizi indidən həyəcanlandırır. Düşünürəm ki, qısa zamanda biz gənclərə yönəlik uğurlu işlər ortaya qoya biləcəyik.” Azərbaycan Tələbələr Birliyi yaradılan proqram çərçivəsində digər bir neçə şirkətlə əməkdaşlıq memorandumunun imzalanacağını bildirir.

Tarix
7 Dekabr 2015 [16:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin