Ana səhifə
21 Noyabr 2018

Sahibkarlara dəstək artır

ABŞ sahibkarlığın inkişafı sahəsində Azərbaycana dəstək göstərməyə hazırdır

Latviyada isə Azərbaycan sahibkarlarına hər cür şərait yaradılır

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olmuş Latviyanın iqtisadiyyat naziri Dana Reizniece-Ozolanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, indiyədək ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb. Hazırda Azərbaycanda 30-dan artıq Latviya şirkəti fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən İKT, turizm, əczaçılıq, tranzit yükdaşımaları, ticarət, qeyri-neft sektoruna investisiya qoyuluşu, Latviya şirkətlərinin ölkəmizdə yaradılan sənaye, aqrar parklarda iştirakı, birgə müəssisələrin yaradılması sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Latviyanın iqtisadiyyat naziri D.Reizniece-Ozola Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağını vurğulayıb. Latviya iqtisadiyyatına dair məlumat verən xanım nazir ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu qeyd edib, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib. Bakı Biznes Mərkəzində təşkil edilmiş tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, tikinti və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın sahibkar iştirak edib. Biznes-forumda çıxış edən Ş.Mustafayev ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb. Azərbaycanda “Latviya günləri” çərçivəsində təşkil edilən biznes-forumda Azərbaycan iqtisadiyyatı, əlverişli biznes və investisiya mühiti barədə danışan Ş.Mustafayev qeyri-neft sektorunun prioritetliyini, ölkə iqtisadiyyatının 70 faizə yaxın hissəsinin qeyri-neft sektorunda formalaşdığını vurğulayıb, Azərbaycanın Latviya ilə əlaqələrin inkişafında maraqlı olduğunu, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, latviyalı iş adamlarını sənaye parklarında sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib.
D.Reizniece-Ozola Azərbaycana səfərindən məmnunluğunu bildirib, Bakıda keçirilən “Latviya günləri” çərçivəsində bir sıra tədbirlərin təşkil edildiyini qeyd edib, bu gün keçirilən Azərbaycan-Latviya biznes-forumunda Latviyanın 30-a yaxın şirkətlə təmsil olunduğunu bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran latviyalı nazir bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial olduğunu vurğulayıb, Latviyada biznes qurmaq istəyən Azərbaycan sahibkarlarına hər cür şərait yaradılacağını qeyd edib. Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumat verib, bir sıra Latviya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini vurğulayıb. Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin nümayəndəsi Aris Kontans ölkəsinin iş adamları arasında sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına marağın böyük olduğunu bildirib, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni əlaqələrin qurulması baxımından ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırıb. AZPROMO-nun nümayəndəsi Zaur Qardaşov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nümayəndəsi Samir Məmmədov sənaye parkının fəaliyyətinə, Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kaspars Abiks Latviya iqtisadiyyatı və biznes imkanlarına dair təqdimatlarla çıxış ediblər. Biznes-forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.
Bu tədbirdən əvvəl isə azərbaycpnlı sahibkarlara bir dəsdək isə ABŞ-dan gəlib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan ABŞ-ın Ticarət Departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lallinın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin genişləndiyini, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib. ABŞ nümayəndə heyətinin Azərbaycana geniştərkibli səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına verilən önəmin daha bir göstəricisidir.
Qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün lazımi hüquqi baza mövcuddur. Hazırda Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir, bu ilin 9 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 5 faiz artıb. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 10 mlrd. dollar investisiya qoyulub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycanlı gənclər ABŞ universitetlərində təhsil alırlar. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışan Ş.Mustafayev bildirib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir və bu sahəyə investisiya qoyuluşu, eləcə də sənaye, əczaçılıq, kənd təsərrüfatı və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.
ABŞ-ın Ticarət Departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini M.Lalli ABŞ ticarət missiyasının Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məqsədini daşıdığını, səfər çərçivəsində iş adamları arasında keçirilən görüşlərin əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Vurğulanıb ki, iş adamları ilə keçirilmiş görüşlər zamanı sahibkarlar Azərbaycan Prezidentinin ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində qəbul etdiyi qərarları yüksək qiymətləndirirlər. M.Lalli Azərbaycanda sahibkarlığın inkişafı sahəsində atılan son addımların ABŞ-da da müsbət qarşılandığını diqqətə çatdırıb. Görüşdə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən sahibkarlığın inkişafı sahəsində görülən işlərin yüksək qiymətləndirildiyini, ABŞ-ın bu sahədə ölkəmizə dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Görüşdə, həmçinin Azərbaycan və ABŞ arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb. 
Noyabrın 30-da isə  iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev onun dəvəti ilə Bakıda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin mövcud vəziyyətinə və əməkdaşlıq perspektivlərinə, eləcə də tranzit yükdaşımalar sahəsində səmərəliliyin artırılmasına, bu sahədə Azərbaycan və Gürcüstan arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb. Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Nazir bildirib ki, strateji tərəfdaş olan Azərbaycan və Gürcüstanın iştirakı ilə regionda irimiqyaslı layihələr həyata keçirilir. İki ölkənin sahibkarlarının fəaliyyəti üçün geniş imkanlar mövcud olduğu vurğulanıb.

Tarix
1 Dekabr 2015 [15:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin