Ana səhifə
24 Sentyabr 2018

Sahibkarlara "ASAN xidmət" vasitəsilə lisenziyalar verilib

İqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır

Xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakı şəhərində və ölkə regionlarında “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsi davam etdirilir. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bərdədəki “ASAN xidmət” mərkəzində və Bakıda 5 saylı “ASAN xidmət” mərkəzində baytarlıq preparatlarının, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının satışı, qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi, avtomobil nəqliyyatı ilə şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımaları sahəsində fəaliyyət göstərən sahibkarlara lisenziyalar təqdim edilib.
Xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddət ərzində baxılması, lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi və şəffaflığın təmin edilməsindən razılıq edən sahibkarlar yaradılmış şəraitə, göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirıblər. Bununla yanaşı sahibkarların maarifləndirilməsi davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN)  mətbuat xidməti məlumat verir ki, Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninqlər Sabirabad, İmişli və Cəlilabadda keçirilib. “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Kənd təsərrüfatında logistikanın tətbiqi” mövzularında təşkil edilmiş treninqlərdə iştirakçılara biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik, logistika və onun növləri, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması, biznes ideyanın yaradılması və biznes planın tərtib edilməsi, ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracın stimullaşdırılması tədbirləri və s. barədə geniş məlumat verilib. Bundan başqa, tədbirlərdə İSN tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Sonda mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb. Görülən tədbirlər ölkədə qeyri-neft sektorunun daha sürətlə inkişafı və onun ümumi daxili məhsulda payının artırılmasına xidmət edir. Bu dünyada müşahidə edilən sosial-iqtisadi böhran fonunda çox önəmlidir.
«Son illərdə dünyada müşahidə edilən sosial-iqtisadi böhranlar, siyasi kataklizmlər milli dövlətlərin qarşısına yeni çağırışlar qoyub, ələlxüsus da ölkələrin iqtisadi təhlükəsizliyinin təmin olunması məsələsi daha da aktuallaşıb. Təbii ki, beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycan da yeni hədəflər müəyyənləşdirib». Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edir. Onun sözlərinə görə, iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. 
«Əlamətdar haldır ki, ölkəmizdə qeyri-neft sektorunun genişlənməsi ildən-ilə daha dinamik hal alır. Bunu 2015-ci ilin arxada qalan 9 ayının statistik göstəriciləri bir daha təsdiqləyir. Belə ki, cari ilin 9 ayı ərzində qeyri-neft sektorunda artım 6 faizdən çox olub. Hazırda respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida emalı sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür. Bu da qeyri-neft sektorunun inkişafının göstəricisidir»- deyə, İ.Məmmədov qeyd edib.
Qeyri- neft sektorunun inkişafında banklar da  daha fəal iştirak etmək niyyətindədir. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları öz strategiyalarına yenidən baxıb dəyişiklik edəcək.  Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib. "Banklar iqtisadi inkişafın hər bir mərhələsində öz strategiyalarına yenidən baxır və dəyişiklik edir. Hazırkı dövrədək, bankların strategiyası böyük neft gəlirləri, yüksək iqtisadi inkişaf templəri üzərində qurulmuşdur. Bu gün iqtisadi proseslər, qonşu ölkələrdəki böhran Azərbaycana da təsir edir və banklar 2016-cı il və qarşıdakı dövr üçün strategiyalarına yenidən baxır və dəyişiklik aparır", - deyə Z.Nuriyev qeyd edib.
"Mərkəzi Bankla görüşümüz də məhz yeni mərhələ üçün strategiyanın hazırlanması üzrə məshətləşmələrdən ibarət olub. Hesab edirik ki, digər iqtisadi bloku əhatə edən müvafiq nazirlik və komitələrlə görüşləri davam etdirəcəyik ki, banklar özlərinin yeni strategiyalarında yenilikləri nəzərə alsın. Strateji planlar daha uzunmüddətli dövr üçün hazırlanır, lakin taktiki planlar hər il üçün ayrılıqda müəyyən edilir və təsdiqlənir", - deyə ABA başçısı əlavə edib.
Z.Nuriyev dəyişiklərdə əsasən kiçik və orta sahibkarlığın malyyələşdirilməsinə diqqətin artırılması, xərclərin optimallaşfırılması və s. aspektlər əksini tapır. "Əsas dəyişikliklərə məsuliyyətli kreditləşmə, kredit faizləri, 2015-ci il ərzində Mərkəzi Bankın faizlərin aşağı endirilməsi ilə bağlı təkliflərindən irəli gələn gəlirliliyin azalmasından doğan proseslər aiddir. Kiçik və orta biznes, habelə korporativ sektorun maliyyələşdirilməsi prioritet kimi nəzərə alınmalıdır. Həmçinin, istehlak kreditlərindən kiçik bə orta biznesin maliyyələşməsinə keçid müddəası əksini tapacaq. Eyni zamanda, gəlirliyin aşağı düşməsi ilə əlaqədar xərclərin optimallaşdırılması, korporativ strategiyanın daha dərin tətbiqi nəzərə tutulur", - deyə Assosiasiya rəhbəri bildirib.
Beləliklə, banklar öz vəsaitləri ilə ölkədə kiçik və orta sahibkarlığın  maliyyə vəsaitlərinə çıxışını təmin etmək üçün yaxından iştirak edəcək  Kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan iqtisadiyyatında aparıcı sahələrdən birinə çevriləcək. Yeni iş yerlərinin açılmasında, əhalinin  işlə təminatında önəmli rol oynayacaq. 
Bu arada qeyd edim ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsini uğurla davam etdirir. SKMF-nin icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, cari ilin ötən dövrü ərzində 4 287 sahibkara 159,7 mln. manat güzəştli kredit verilib. Bu kreditlər prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market", cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, meyvə-tərəvəz emalı, meyvəqurutma, pendir, ketçup, mayonez və xardal sousu, eləcə də üzlük daşların istehsalı müəssisələrinin yaradılmasına yönəldilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9 900-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

 

Tarix
26 Noyabr 2015 [14:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin