Ana səhifə
19 Sentyabr 2018

Nəqliyyat layihələri ölkəmizə böyük həcmdə vəsait gətirəcək

Sahibkarların xarici bazara çıxmaq imkanları artacaq
Azərbaycanda həyata keçirilən diversifikasiya siyasətinin nəticəsi kimi, son illərdə qeyri-neft sənayesinin artım tempi sənayenin neft sektorunun artım tempini üstələyib. Qarşıdakı illərdə beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir. Təsadüfi deyildir ki, artıq Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar Parklarının yaradılması işləri həyata keçirilir. Eləcə də, Gəncə və Mingəçevir şəhərlərində, Bakının Qaradağ rayonunda da müasir sənaye şəhərciklərinin yaradılması istiqamətində ardıcıl işlər görülür. Heç şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı imzalanmış Sərəncam sənayenin inkişafını əsas prioritetlərdən biri kimi müəyyən etməklə, sənayeləşmə siyasətinin uğurla davam etdirilməsini, ölkəmizin regionun sənaye mərkəzinə çevrilməsini təmin edir. İqtisaddiyyat və sənaye naziri Şahin Musayev bildirib ki,  yeni qeyri-neft sənaye sahələrinin yaradılması üçün karbohidrogen ehtiyatları ilə yanaşı, dəmir filizi, qızıl, mis, alunit və digər zəngin təbii ehtiyatlar da çox mühüm amildir.  Məsələn, Azzərbaycan növbəti ildə 80 min unsiya qızıl çıxarmağı planllaşdırır. Bu il bu göstərici 74-75 unsiya  olacaq.  Onun sözlərinə görə, dünyanın ən iri enerji layihələrindən olan“Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcəkdir.
Eyni zamanda, ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılması yerli məhsulların, eləcə də sənaye məhsullarının xarici bazarlara çıxışını daha da genişləndirəcək. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulmasını, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri limanın inşası layihələrini xüsusilə qeyd etmək lazımdır. 
“Azərbaycan nəinki regionda, artıq Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı öz dəyərli töhfəsini verməkdədir. Bizim rolumuz artır. Rolumuz artdıqca əlbəttə ki, ölkəmizin imkanları da, beynəlxalq nüfuzu da, təsir imkanlarımız da genişlənir. Biz əlbəttə ki, bunu yaxşı bilirik və bundan istifadə etməliyik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev V çağırış Milli Məclisinin ilk iclasında çıxışı zaman deyib. Dövlət başçısı vurğulayıb ki, bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır: “Getdikcə biz tərəfdaşlarımızın coğrafiyasını genişləndirəcəyik, artıq genişləndirmişik. İmzalanan kontraktlar artıq yeni bir vəziyyətə gətirib çıxarıbdır. Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir. Qeyd etməliyəm ki, burada, ilk növbədə, ölkəmiz bu təşəbbüsləri irəli sürərək liderlik göstərib. Bu gün geniş beynəlxalq əməkdaşlıq formatı da məhz ölkəmizin təşəbbüsü ilə formalaşıbdır. “Cənub” qaz dəhlizinin reallaşması bizim imkanlarımızı daha da genişləndirəcək, həm iqtisadi, həm siyasi imkanlarımız böyük dərəcədə artacaqdır. Beləliklə, ölkəmizin gücü artacaq və bölgədə, qitədə gedən proseslərə təsir imkanlarımız da təbii ki, daha da güclü olacaqdır. “Cənub” qaz dəhlizi layihəsi bizim üçün strateji layihədir. Bu layihənin icrası işinə Azərbaycan əvəzolunmaz töhfə verib və verməkdədir. Nəqliyyat sektorunda biz indi tərəfdaş ölkələrlə çox önəmli layihələr üzərində işləyirik, bir neçə ildir ki, işləyirik. Azərbaycanı nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzinə çevirmək üçün biz konkret addımlar atmışıq”.
İlham Əliyev vurğulayıb ki, bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşır: “Azərbaycan hər iki layihədə çox ciddi rol oynayır. Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün ölkəmiz yüz milyonlarla dollar vəsait sərf edibdir. Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün yenə də biz maliyyə vəsaitimizi səfərbər etmişik və tərəfdaş ölkələrlə bu layihə üzərində indi çox ciddi işləyirik. Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir. Eyni zamanda, Azərbaycan nəqliyyat sahəsində əvəzolunmaz rola malik olacaqdır. Coğrafi vəziyyətimiz bizə bu imkanları yaradır. Ancaq biz bu coğrafi vəziyyətə infrastruktur layihələrini əlavə edirik, böyük vəsait qoyulur. Nəqliyyat infrastrukturu Azərbaycanda bu gün ən çox sərmayə alan sahədir və bu, ölkəmiz üçün çox lazımdır, biz bunu etməliyik”.
 Bu layihələrin reallaşması sözsüz ki, ölkə iqtisadiyyatının inkişafına təkan verəcək, sahibkarların öz məhsullarını istənilən  ölkəyə ixrac imkanını artıracaqdır. Eyni zamanda iqtisadiyyatımıza qoyulan sərmayələrin həcmi, ölkəyə daxil olan valyutanı də artıracaq. Strateji valyuta ehtiyatları da sənayenin inkişafında əhəmiyyətli amillərdən olmaqla, iri layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradacaq. Şübhəsiz ki, son illərdə yaradılmış əlverişli biznes və investisiya mühiti ölkədə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafının başlıca şərtlərindən biridir Bununla yanaşı, müvafiq dövlət dəstəyi mexanizmləri və institutları (AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu və s.) sənayenin inkişafına öz töhfəsini verir.
Ölkədə formalaşmış yüksək ixtisaslı kadr potensialı, xüsusilə “qara qızıl”ın “insan kapitalı”na çevrilməsi siyasəti çərçivəsində xarici ölkələrin aparıcı universitetlərində təhsil almış azərbaycanlı gənclərin sənayenin inkişafında da böyük rolu var. Qeyd edilənlər və digər amillər qeyri-neft sənayesinin potensial imkanlarının reallaşdırılmasını və gələcəkdə onun davamlı inkişafını təmin edəcəkdir. Nazir deyib ki, gələcək illərdə də sənayenin modernləşdirilməsi siyasəti davam etdiriləcək. Bununla əlaqədar olaraq, sənayenin innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması əsas istiqamətlər kimi qəbul olunub. Eyni zamanda, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması sahəsində ardıcıl tədbirlər həyata keçiriləcək. Bu siyasətə uyğun olaraq, ölkənin regionlarında sənaye potensialının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılacaq. Növbəti mərhələdə sənayenin inkişafının əsas istiqamətlərindən biri də bu sahədə dövlət dəstəyinin genişləndirilməsidir. Bu baxımdan sənaye parklarının yaradılması sahəsində zəruri işlər sürətləndiriləcəkdir.
Eləcə də, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, o cümlədən güzəştli maliyyə resurslarına çıxışın, maarifləndirmənin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq üçün daha əlverişli şəraitin yaradılması da ölkədə qeyri-neft sənayesinin inkişafına töhfəsini verəcəkdir. Qarşıdakı illərdə ilk növbədə Azərbaycan uçun ənənəvi neft-qaz emalı sənayesinin daha da inkişaf etdirilməsi qarşıdakı illər uçun əsas prioritetlərdən biri olaraq qalır. Perspektivli sahələrindən biri yerli xammala əsaslanan metallurgiya sənayesidir. Bu sahənin inkişafı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.

 

Tarix
25 Noyabr 2015 [17:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin