Ana səhifə
19 Noyabr 2018

Sahibkarların xarici bazara çıxış imkanları genişlənir

Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz tikilib

Azərbaycanda iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılması və şaxələndirilməsi ölkənin xarici ticarət əlaqələrinə də müsbət təsir göstərir, qeyri-neft ixracının inkişaf dinamikası davam edir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz tikilib. Dövlətin maliyyə dəstəyi, İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Azərsun Holdinq" MMC tərəfindən həyata keçirilən layihənin dəyəri 20 milyon ABŞ dollarıdır. Bu ilin noyabr ayından etibarən logistik mərkəz vasitəsilə Azərbaycanda istehsal olunan meyvə, tərəvəz və digər qida məhsulları Qazaxıstanın qərb regionlarına ixrac olunacaqdır. Digər regionlarda da belə logistik mərkəzlərin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bunlar sahibkarların xarici bazarlara çıxmaq və öz məhsullarını satmaq imkanını genişləndirir.
Prezident İlham Əliyev qeyd edib ki, neftin qiymətinin düşməsi ilə əlaqədar Azərbaycanın gəlirlərinin azalmasına baxmayaraq, heç bir sosial proqram ixtisar olunmayacaq. Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi dayanan bu siyasətin nəticəsidir ki, son 12 ildə 1 milyonu daimi olmaqla, 1 milyon 400 mindən çox iş yeri açılıb, yeni sahibkarlıq subyektləri fəaliyyətə başlayıb. Azərbaycanda işsizlik 4,9 faiz, yoxsulluq 5 faiz səviyyəsində olub. 
Ölkə iqtisadiyyatının qlobal böhran fonunda belə inkişaf nümayiş etdirməsi beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır. Təsadüfi deyildir ki, bir qədər öncə dərc edilmiş "Qlobal Rəqabət Qabiliyyəti 2015-2016" hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, öz lider mövqeyini qoruyub, "G-20"-yə üzv olan 8 ölkəni - İtaliya, Rusiya Federasiyası, Cənubi Afrika Respublikası, Türkiyə, Hindistan, Meksika, Braziliya və Argentinanı qabaqlayıb. Azərbaycan "Makroiqtisadi vəziyyət" göstəricisi üzrə 10-cu yer tutub, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəricisiləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olub. Qlobal böhran fonunda bir çox ölkələrin reytinqini aşağı salan "Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın suveren reytinqini bir daha investisiya səviyyəli "BBB-" səviyyəsində saxlamış, reytinq üzrə proqnozu isə "sabit" kimi təsdiqləyib. Beynəlxalq Valyuta Fondunun bu günlərdə açıqladığı "Dünya İqtisadi Proqnozları" hesabatında Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu yüksəldərək 4 faiz səviyyəsinə qaldırıb.
Beləliklə, ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çevik və praqmatik siyasəti, uzaqgörənliklə qəbul etdiyi qərarlar, həyata keçirilən qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mürəkkəb proseslərin, xarici risklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini neytrallaşdırır, ölkəmizin dayanıqlı və davamlı inkişafını təmin edir. Prezident İlham Əliyevin dediyi kimi: "Bu gün elə bir ölkə tapmaq çətindir ki, böhran ona təsir etməsin - hansısa ölkələrə daha çox, hansısa ölkələrə daha az. Amma Azərbaycan böhranlı illərdə inkişaf edir... İnfrastruktur layihələri icra edilir, neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək".
 Qeyd edək ki, bir sıra çətinliklərə baxmayaraq sahibkarplara güzəştli kreditlərin verilməsi bu gün də uğurla davam edir. Bu kreditlər nəinki iri şəhərlərdə fəaliyyət göstərən sahibkarlara, həm də rayonda fəaliyyət göstərən sahibkarlara verilir. Məsələn, noyabrın 19-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunun Goran qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Goranboyda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Goranboy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, intensiv bağçılıq, arıçılıq təsərrüfatlarının, meyvəqurutma, pendir, plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri və dəmir qapı istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanb.
Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev indiyədək Goranboy rayonunda fəaliyyət göstərən 812 sahibkara 10,1 milyon manat güzəştli kredit verildiyini diqqətə çatdırb. Qeyd edilib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5690 investisiya layihəsinin maliyyələşdirilməsinə 210,8 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə suları istehsalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
Tədbir çərçivəsində Goranboy və ətraf rayonlardan olan 57 sahibkara 663 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, əkinçilik, üzümçülük, tamet istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Goranboyda güzəştli kredit ayrılmış 200 başlıq cins heyvandarlıq təsərrüfatına baxış keçirilib. Son illərdə güzəştli kreditlər hesabına ildə 189,6 min ton süd və 2,1 min ton ət istehsal etmək gücündə olan 24 cins heyvandarlıq kompleksinin yaradılmasına 96,6 milyon manat və illik emal gücü 200 min ton olan 8 süd emalı müəssisəsinin maliyyələşdirilməsinə 19,1 milyon manat güzəştli kredit verilib. Müasir heyvandarlıq kompleksləri və kiçik ailə fermer təsərrüfatları respublikanın süd emalı zavodlarının xammala olan tələbatının təmin edilməsində mühüm rol oynayır.
Bu tədbirdə «AtaBank"  da iştirak edib. Bank biznesin güzəştli kreditləşməsini artırıb. Bankdan verilən məlumata görə, 2015-ci il ərzində “AtaBank” ASC vasitəsilə sahibkarlıq subyektlərinə 26 milyon manat güzəştli kredit verilib. "AtaBank" ASC 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bu günə kimi bank tərəfindən 115 milyon manat güzəştli kredit verilib.

 

Tarix
23 Noyabr 2015 [13:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin