Ana səhifə
19 Sentyabr 2018

Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır

Özəl sektora dövlət dəstəyinin genişləndirilməsi nəticəsində sahibkarlıq qeyri-neft sektorunun inkişafının aparıcı qüvvəsinə çevrilib

Heyvandarlığın maddi-texniki bazasının, cins tərkibinin yaxşılaşdırılması və bu sahədə dövlət dəstəyinin gücləndirilməsi barədə dövlət başçısının imzaladığı sərəncamlar aqrar sektorun inkişafına, o cümlədən bu sektorda çalışan sahibkarlıq subyektlərinə əlavə təkan verir. «Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi, bu yaxınlarda isə Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsinə başlanılması meliorativ tədbirlərin yaxşılaşdırılmasına, on minlərlə hektar yeni torpaqların əkin dövriyyəsinə cəlb olunmasına, iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına imkan verir.
Bununla yanaşı Böyük potensiala malik olan nəqliyyat sektorunda regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin həyata keçirilməsi, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər ölkəmizin tranzit imkanlarının reallaşdırılmasını təmin edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin istifadəyə verilməsi, bu sahədə yeni infrastruktur layihələrinin icrası, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, tranzit imkanlarına görə Azərbaycanın regionun aparıcı dövləti statusunu daha da möhkəmləndirir. Yeri gəlmişkən, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlər intensivləşdirilmişdir və bu günlərdə dəhlizlə bağlı görülən işlərin gedişi, yaradılacaq infrastruktur barədə müzakirələrin aparılması məqsədilə Azərbaycan və İran sərhədində görüşlərin təşkili, dəhlizin Astara (Azərbaycan) - Astara (İran) hissəsinə baxışın keçirilməsi nəzərdə tutulur. Bu layihələrin həyata keçməsi ilə sahiğbkarların xarici bazarlara çıxış imkanları da genişlənəcək.Onlar günlərlə gözləmək problemindən xilas olacaq.
Son illərdə sürətlə inkişaf edən İKT sahəsində görülən işlərin davamı olaraq, peyklərin orbitə çıxarılması, yüksək texnologiyalar parklarının fəaliyyətinin təşkili, elektron xidmətlərin genişləndirilməsi bu sahədə əlavə imkanlar yaradır.
Ölkəmizin turizm potensialının inkişaf etdirilməsi və dünyada tanıdılması, bu sahədə müasir infrastrukturun yaradılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Nəticədə ölkəmizə gələn turistlərin sayı, bu sahədən əldə olunan gəlirlərin həcmi xeyli artıb. Turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, ölkəmizin beynəlxalq səviyyəli idman və mədəni tədbirlərə evsahibliyi etməsi turizm sahəsinin inkişafına əlavə stimul yaradır, yerli sahibkarların maddi imkanlarını yaxşılaşdırır.
Azərbaycan Respublikası Prezidentinin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, son illərdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin genişləndirilməsi nəticəsində sahibkarlıq qeyri-neft sektorunun inkişafının aparıcı qüvvəsinə çevrilmişdir. Son illər bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, dövlət dəstəyinin genişləndirilməsi, o cümlədən vergi güzəştləri və subsidiyalar ilə bağlı əhəmiyyətli işlər görülüb, Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu, "Aqrolizinq" ASC və digər vasitələrlə real sektora maliyyə dəstəyi göstərilib.
Sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilib, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri" yaradılıb. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə əlaqədar sahibkarların hüquqlarının müdafiəsinə, sui-istifadə hallarının qarşısının alınmasına və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Bununla yanaşı, icazələrin elektron informasiya portalı icazə xarakterli sənədlərə və onların alınması prosedurlarına, təqdim edilməli sənədlərə, icazələrin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etməyə imkan verir. Son tədbirlər vəzifə səlahiyyətlərindən sui-istifadə edən yerli məmurların davranışını, şəxsi təşəbbüslərə söykənən lüzumsuz yoxlamaları, xüsusi lisenziyaların verilməsində süründürməçilik hallarını və yenə də ayrı-ayrı xırda məmurların qanunsuz yolla pul əldə etmək həvəsinin qarşısını alır. Prezident də məhz bu məqamlara diqqət yönəldərək neqativ halların aradan qaldırılması və sahibkarlığın yüksək səviyyədə inkişafına nail olunması üçün aidiyyatı qurumlara konkret tapşırıqlarını verib.  Prezident onların rahat və daha böyük həvəslə işləməsini təmin edən bütün addımları atır. Dünyanın heç bir ölkəsində sahibkarlara bu qədər diqqət və qayğı göstərilmir. Odur ki, indi gərək sahibkarlar da bunu qiymətləndirib, yaranmış vəziyyətdən sui istifadə etməsinlər. Hər kəs üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməli və qanunla müəyyən edilmiş öhdəlikləri vaxtlı vaxtında icra etməlidirlər. Belədə həm onlar qazanacaq, həm də dövlət.  Bu tədbirlərin nəticəsi isə özünü çox gözlətməyəcək.
Sahibkarlıq sahəsində görülmüş tədbirlər nəticəsində ölkənin ticarət və xidmət obyektləri müasir tələblərə uyğun geniş çeşiddə yerli ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin edilib, ölkədən ixrac olunan mal çeşidi ötən ildə 2003-cü illə müqayisədə 76,6 faiz artıb.
Qarşıdakı illərdə dövlət başçısının "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq, sahibkarlara dövlət xidmətlərinin göstərilməsi zamanı subyektivliyin minimuma endirilməsi, bu zaman İKT vasitələrindən və "ASAN xidmət"in imkanlarından istifadə edilməsi, tikinti, idxal-ixrac, kommunal xidmətlərə qoşulma, daşınmaz əmlak və torpaq üzrə əməliyyatların səmərəli, şəffaf və operativ şəkildə aparılması, ixracın təşviqi və tranzit potensialının reallaşdırılması, biznes mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlər davam etdiriləcəkdir.
Qeyri-neft sektorunun inkişafında "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" mühüm əhəmiyyət kəsb edir. Dövlət proqramı çərçivəsində bu ilin 9 ayı ərzində 170-dən artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 430-dan artıq müəssisənin isə tikintisi davam etdirilir. Görülən işlər isə ölkəmizin neftdən asılılığını azaldacaq, bazarı yerli məhsullarla təmin olunmasını təmin edəcək. Bu həm də idxaldan asılılığı azaldacaq. "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində 2015-ci ilin ötən 9 ayı ərzində 11 gənclər və idman obyekti, 11 məktəb, 7 uşaq bağçası, Respublika Əlillərin Bərpa Mərkəzi istifadəyə verilib, 60-a yaxın sosial obyektdə isə işlər davam etdirilir. Sahibkarlığın inkişafında əsas rollardan birini oynayan infrastruktur sahəsində bir sıra layihələr həyata keçirilir. Bunlar paytaxtın sənaye və ərzaq məhsulları ilə vaxtında təmin edilməsində böyük rol oynayır.

Tarix
20 Noyabr 2015 [15:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin