Ana səhifə
16 Dekabr 2018

Əli Həsənovun bəzi media orqanları ilə bağlı dediklərinə deputatdan dəstək

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması ilə bağlı bəyanatını mən demək olar ki, çoxdan gözləyirdim və onu alqışlayıram. Həqiqətən də bəzi KİV-lərin, xüsusən də bir sıra saytların informasiya əldə etmə və yayma prinsipinə münasibəti insanda böyük təəssüf hissi doğurur. Heç şübhəsiz ki, burada əsas faktorlar bir çox KİV nümayəndələrinin şəxsi maraqlarının mövcudluğu, kənar sifarişlərə xidmət etməsi, həmçinin həmin saytlara rəhbərlik edən şəxslərin peşəkarlıq səviyyəsinin çox aşağı olmasıdır.

Əslində Azərbaycan milli mətbuatının tarixinə baxsaq, 140 il ərzində necə böyük, zəngin və şərəfli inkişaf yolu keçdiyinin şahidi olarıq. Xüsusən müstəqillik dövründə son 25 ildə ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın aradan qaldırması, onun davamçısı cənab Prezident İlham Əliyev tərəfindən milli mətbuata, jurnalistikaya ayrılan diqqət və qayğı milli mətbuatın inkişafına öz müsbət təsirini göstərib. Cənab Əli Həsənovun da dediyi kimi Azərbaycanda jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib. Amma təəssüf ki, mətbuatımızda peşəkarlarla yanaşı qeyri-peşəkarlar, mətbuata qazanc yeri kimi baxanlar da çalışır. Məhz onların fəaliyyəti Azərbaycan jurnalistikasına qara ləkə kimi yapışır.
Əslində jurnalist həm ədəbiyyatşünas, həm araşdırmacı, həm də detektiv funksiyalarını yerinə yetirməlidir. Jurnalistin əldə etdiyi məlumat araşdırıldıqdan sonra səlist və axıcı bir dillə oxucuya çatdırılmalıdır. Çox təəssüf ki, bizim indiki jurnalistlərin əksəriyyəti diktofon rolunu oynayır. Heç kəs özünü əziyyətə salmaq istəmir. Onlar üçün qarşı tərəfin mövqeyini öyrənmək də əhəmiyyət kəsb etmir. Məni bağışlayın, amma sadəcə sensasiya xatirinə yoxlanılmamış və qərəzli məlumat yaymaq işinə jurnalistika deməyə dilim gəlmir.
Bu yaxınlarda mən özüm də bu cür qeyri-peşəkar, qeyri-ciddi, sözün həqiqi mənasında rekert jurnalistikası ilə üzləşdim. Belə ki, seçki öncəsi mənə və ailəmə qarşı böyük qarayaxma kampaniyasına start verildi. Bizim mövqeyimizi öyrənmədən, həqiqəti araşdırmadan bir çox KİV-lər bu kampaniyada canla-başla iştirak etdilər. Amma haqq-ədalət öz yerini tapdı. Belə ki, həmin şantaj, böhtan və yalan dolu məlumatları mətbuatda dərc etdirən jurnalistə qarşı məhkəmədə qalib gəldim.
Buna görə düşünürəm ki, hökumətin jurnalistikaya və jurnalistlərə ayırdığı bu qədər qayğının nəticəsində bu gün qarşımızda başqa mənzərə olmalı idi. Görünən odur ki, bəzi şəxslər cənab Prezidentin yaratdığı bu şəraitdən, onun mülayimliyindən, demokratik ruhundan sui-istifadə etməyə çox maraqlıdırlar. Onun üçün də arzu edərdim ki, bu cür halların qarşısını almaq üçün biz müvafiq qanunlar vasitəsilə Mətbuat Şurasına daha geniş səlahiyyətlər verək, məsələn, bu və ya digər qəzet və ya saytların fəaliyyətinin müvəqqəti dayandırılması, hətta xəbərdarlıqdan sonra belə xoşagəlməz hallar davam edərsə bağlanması. Düşünürəm ki, adı çəkilən qurum bu cür hallara qarşı daha təsirli mübarizə apara bilməsi üçün daha geniş səlahiyyətlərə malik olmalıdır. Əks halda jurnalistika sahəsində qeyri-peşəkarlar, rekert jurnalistlər at oynatmağa davam edəcək.


Elmira Axundova,
Millət vəkili

Tarix
20 Noyabr 2015 [13:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin