Ana səhifə
19 Noyabr 2018

Sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyi artıb

Beynəlxalq standartlara cavab verən markalanma və qablaşdırmanın aparılması ixracın genişlənməsinə yeni imkanlar yaradır

Qlobal və regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və yuxarıda qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir. Hələ 2008-ci il qlobal böhrandan xeyli əvvəl iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinə başlanılması bu siyasətin nə qədər doğru olduğunu hazırkı dövrdə bir daha təsdiq edir. Xam neftin qiymətinin 2 dəfədən çox enməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı məhz qeyri-neft sektoru hesabına inkişaf edir. Belə ki, əgər 2009-cu ildə ÜDM-də qeyri-neft sektorunun payı 47 faiz idisə, 2014-cü ildə 61 faiz təşkil etmişdir. Strateji valyuta ehtiyatları, xarici borclanmaya konservativ yanaşma da Azərbaycan iqtisadiyyatının dayanıqlılığına öz töhfəsini verir.  Sahibkarlığın inkişafına mane olan mənfi havllar aradan qaldırılır, əsassız yoxlamaların qarşısı alınır, lisenziyaların verilməsi ASAN xidmət vasitəsilə həyata keçirilir. Sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi davam edir. Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirir ki, dünyadakı mənfi iqtisadi tendensiyalar fonunda investisiyalar uğrunda rəqabət kəskinləşir. Belə şəraitdə Azərbaycan iqtisadiyyatına xarici investorlar tərəfindən sərmayə qoyulması davam edir və bu ilin ötən dövründə ölkə iqtisadiyyatına yatırılmış investisiyaların əhəmiyyətli hissəsinin xarici sərmayələr təşkil etməsi investorların Azərbaycana inamının ifadəsidir. «Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən əsas sahələrdən biri qeyri-neft sənayesidir. Dövlət başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir və hazırda Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər icra olunur.
Sənayeləşmə siyasətinə uyğun olaraq, həyata keçirilən tədbirlər nəticəsində son illər yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkə sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı, kosmik, müdafiə, alternativ enerji, gəmi istehsalı və digər yeni sənaye sahələri yaradılmış, yüzlərlə müasir istehsal və emal müəssisələri fəaliyyətə başlamışdır. Təkcə 2015-ci ilin 9 ayı ərzində 200-dən çox sənaye müəssisəsi və obyekti istifadəyə verilib, 10 elektrik yarımstansiyası fəaliyyətə başlayıb. Hazırda dövlətin maliyyə dəstəyi ilə özəl sektor tərəfindən 20-yə yaxın sənaye müəssisəsi inşa olunur»,-Şahin Mustafaye deyir.
Onun sözlərinə görə, müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyi artıb. «Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur və bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. Rəqabətədavamlı məhsul istehsalı, beynəlxalq standartlara cavab verən markalanma və qablaşdırmanın aparılması ixracın genişlənməsinə yeni imkanlar yaradır, Azərbaycanın bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır.
Sumqayıt Kimya, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarının, regionlarda sənaye məhəllələrinin yaradılması qeyri-neft sənayesinin davamlı inkişafı üçün möhkəm zəmin yaradır. Təkcə Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 mlrd. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn" MMC tərəfindən dəyəri 45 mln. ABŞ dolları olan 60 min ton boru məhsulunun Türkmənistana ixracı üzrə müqavilə bağlanıb.
Qaradağ Sənaye Parkının rezidenti olan "Bakı Gəmiqayırma Zavodu" MMC tərəfindən müqavilə dəyəri 40 mln. ABŞ dolları olan sifariş əsasında yarımdalma qazma qurğusunun pantonlarının tikintisi başa çatdırılaraq təhvil verilib və hazırda ümumi dəyəri 404 mln. ABŞ dollarından çox olan 2 sifariş əsasında sualtı tikinti gəmisinin və üç ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi aparılır.
Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə "yaşıl biznes"in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən ilkin mərhələdə 10 mln. manatdan artıq investisiya yatırımı nəzərdə tutulur.
Gələn ilin birinci yarısında Neftçala rayonunda ilk sənaye məhəlləsi fəaliyyətə başlayacaqdır. Burada sahibkarlara hər tərəfli güzəştlər nəzərdə tutulur.Hazırda sənaye məhəlləsində geniş infrastruktur şəbəkəsinin (elektrik, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, inzibati, istehsal və digər infrastruktur obyektlərinin) yaradılması işləri aparılır. Sahibkarlar tərəfindən sənaye məhəlləsində balıq məhsulları və yeminin, müxtəlif avadanlıqların, qapı-pəncərə və tikinti materiallarının, qayıq və balıqçılıq ləvazimatlarının istehsalı ilə bağlı Azərbaycan İnvestisiya Şirkətinə 18 layihə təqdim olunmuşdur. Sənaye məhəlləsində sahibkarların fəaliyyətinin səmərəli təşkili üçün hüquqi, bank, sığorta, ümumi mühasibatlıq xidmətləri göstəriləcək, onlara müxtəlif təlimlər keçiriləcəkdir. İlkin mərhələdə şirkətlər tərəfindən sənaye məhəlləsinə 7 layihə üzrə 15,6 mln. manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir. Burada sənaye istehsalı və ya sənaye ilə bağlı xidmət üzrə layihələr həyata keçirmək istəyən sahibkarlar Azərbaycan İnvestisiya Şirkətinə müraciət edə bilərlər.
Sənaye sahəsində həyata keçirilən tədbirlər rəqabətqabiliyyətli məhsul istehsalının genişlənməsi ilə bərabər, idxalın əvəz edilməsinə də öz töhfəsini verir. Məsələn, son illər yeni sement zavodlarının fəaliyyətə başlaması bu sahədə ölkəmizin illik istehsal gücünün 5 milyon tonu ötməsinə və tələbatın əsasən yerli istehsal hesabına ödənilməsinə imkan yaratmışdır.
Qarşıdakı illərdə sənayenin modernləşdirilməsi və innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud zəngin təbii resurslardan səmərəli istifadə, son məhsuladək texnoloji zəncirin qurulması, rəqabətqabiliyyətli sənaye istehsalının artırılması və ixracın genişləndirilməsi Azərbaycan sənayesinin başlıca istiqamətləridir. Növbəti illərdə bu prioritetlərə uyğun olaraq sənayenin inkişafına dövlət dəstəyi tədbirləri davam etdiriləcək, yeni istehsal sahələrinin yaradılması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaqdır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2015-ci il "Kənd təsərrüfatı ili" elan edilmişdir. İstehsalçılar vergilərdən azad edilməklə (torpaq vergisi istisna olmaqla) bərabər, onlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanı yaradılır, əkin sahələrində istifadə olunan yanacaq üçün subsidiyalar verilir. Görülmüş işlər və aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri nəticəsində bir sıra ərzaq məhsullarının istehsalı artmış, ölkəmizin özünütəminetmə səviyyəsi yüksəlmişdir.
Son illər təkcə dövlətin maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 43 quşçuluq təsərrüfatı, 23 cins heyvandarlıq kompleksi, 8 süd və 6 ət emalı müəssisəsi, 39 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 43 müasir istixana kompleksi, 16 meyvə-tərəvəz emalı müəssisəsi, 51 logistik mərkəz və 22 taxıl anbarı kompleksi yaradılmışdır ki, bu da istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir. Bununla yanaşı, aqroparkların və intensiv metodlara əsaslanan yüksək məhsuldarlığa malik müasir iri fermer təsərrüfatlarının yaradılması tədbirləri də davam etdirilir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın hazırda 19 rayonunda (Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı, Yevlax, Ağdaş, Şəmkir, Siyəzən, İsmayıllı, Samux və Şəmkir) 40 min hektardan artıq sahədə 22 sahibkarlıq subyekti tərəfindən 30 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 162,4 milyon manat olan bu təsərrüfatların yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 61,6 milyon manat güzəştli kredit verilmişdir. Hazırda fəaliyyətdə olan təsərrüfatlarda müasir suvarma sistemləri qurulmuş, hər hektardan 58-60 sentner arpa və buğda, 120 sentnerədək dənlik qarğıdalı götürülür. Bununla yanaşı, Şəmkir, Xaçmaz və Xızı rayonlarında aqropraklar yaradılır. Aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 23 milyon manat güzəştli kredit verilmişdir. Şəmkir və Yalama aqroparklarında birinci mərhələ üzrə işlər ilin sonunadək yekunlaşacaqdır. Xızı aqroparkında isə hazırda müvafiq layihələndirmə işləri aparılır».
(ardı var)

Tarix
19 Noyabr 2015 [15:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin