Ana səhifə
22 Avqust 2018

Qan vermək donorun özü üçün də cox faydalıdır

Pərvanə Hacıyeva: “Qan verərkən qan axını təzələnir, immunitet möhkəmlənir”

“Siz hər dəfə qan verərkən təkcə insanlara kömək etmirsiniz, həm də öz orqanizminizi təzələmiş olursunuz”

(Əvvəli ötən sayımızda) 

Hələ qədim zamanlardan insanlar müəyyən xəstəliklərin qanla müalicəsinə cəhd göstərsələr də, bu çox zaman uğursuzluqlarla nəticələnirdi. XIX əsrin axırlarında Avstraliyalı alim K.Landşteyner bir insanın eritrositinin başqa insanın plazması ilə aqqlütinasiyasını müşahidə edərək çox vacib bir elmi kəşfin qanköçürmənin əsasını qoyub. Nəticədə o, eritrositin tərkibindəki A, B aqqlütinogerlərlə digər insanların plazmasındakı α və β aqqlütininlərin birləşməsinə əsaslanaraq insan qanını 4 qrupa böldü. 1-ci qrup qanı olan şəxs heç bir qrupdan qan almır.Yalnız 1-ci qrupdan qan alır və bütün qruplara qan verə bilər. 2-ci qrup qan özünə və 4-cü qrupa qan verə bilər. 3-cü qrup qan özünə və 4-cü  qrupa qan verə bilər. 4-cü qrup qan bütün qruplardan qan alır , lakin heç bir qrupa qan vermir. Bundan sonra insanların həyatı üçün son dərəcə əhəmiyyətli olan qan vasitəsi ilə ehtiyacı olan insanlara da həyat verilməyə başlanıldı. İnsan həyatı üçün müstəsna əhəmiyyətə malik olan qan insanın bədən çəkisinin 6,5-7 faizini  təşkil edir. Ehtiyacı olanların qanla təminatı üçün artıq uzun illərdir qan donorluğu institutu yaradılıb. Əvvəllər respublikamızda qan donorluğu ilə bağlı problem olsa da, son illər səhiyyə sahəsində də ciddi işlər görülüb. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, qan donorluğunun inkişafı üçün addımlar atılıb. Cəmiyyətdə hər kəs könüllü olaraq qan donuru ola bilər. Ölkəmizdə qan donorluğunun vəziyyəti və bu sahədə əhaliyə göstərilən tibbi xidmətlə bağlı suallara Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə xanım Hacıyevaya ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. 

- Donordan alınan qan maksimum nə qədər saxlanıla bilir?
- Donordan qan alındıqdan sonra müxtəlif komponentlərə bölünür. Qan çökdükdə 2 təbəqəyə  ayrılır: Üst hissə plazma və aşağı hissə formalı elementlərdən ibarətdir (eritrosit, leykosit, trombosit). Qan hüceyrələri müəyyən müddət yaşayır və tələf olurlar. Qan komponentlərinin saxlanma müddəti aşağıdakı kimidir:

Eritrosit kütləsi – 1-35 gün, +2-6°C
Təzə dondurulmuş plazma – 24 ay, - 18-25°C
Trombosit kütləsi – 5 gün, +20-24°C

- Qan verməyin insan orqanizmi üçün hansı faydaları var?
- Qan insanın başqasına verə biləcəyi ən qiymətli hədiyyədir. Qan həyat bəxş edir. Qan vermək donorun özü üçün də cox faydalıdır. Belə ki, qan verərkən qan axını təzələnir, immunitet möhkəmlənir. Siz hər dəfə qan verərkən təkcə insanlara kömək etmirsiniz, həm də öz orqanizminizi təzələmiş olursunuz. Həmçinin  qan verdiyiniz zaman 4 infeksiyaya qarşı yoxlanmış olursuzunuz (Hepatit B və C, AİDS və sifilis) və əgər qanınızda hər hansı infeksiya aşkarlanarsa bununla bağlı məlumatlandırılırsınız.

- Qan donorları üçün hansısa güzəştlər və ya həvəsləndirici tədbirlər varmı? - Donorluğun genişləndirilməsi üçün onun təbliğatı lazımdır. Bu işdə bizə bir çox dövlət qurumları, özəl müəssilər, qeyri hökumət təşkilatları və ictimai birliklər kömək edir. Ən keyfiyyətli donorluq könüllü və təmənnasız donorluqdur ki, hal hazırda Azərbaycanda donorluğun bu növü tətbiq olunur (məcburi və təmənnalı donorluq yox səviyyəsindədir). Donorların həvəsləndirilməsi üçün qan verən müəssisələrin adına və ya birbaşa donora təşəkkürnamələr təqdim olunur. Məsələn, 2014-cü ilin iyun ayının 14-də Bakıda Ümumdünya Qan Donor gününə həsr olunmuş Azərbaycan Qan Donorlarının I Forumu keçirildi. 2015-ci ilin fevral ayında Gəncə şəhərində “Gənc qan donorlarının birinci regional forumu” baş tutdu. Forumda donorluğu təbliğ edən vidoçarxlar nümayiş olundu və mütəxəssislər tərəfindən çıxışlar edildi. 2015-ci ilin iyunun 6-da də Bakı şəhərində Azərbaycan Gənc qan donorlarının ikinci forumu keçirilib.  Bu işlərin davamlılığı  donorluğun inkişafına öz töhfəsini verəcək.  

Həmçinin qan və qan komponentləri verən donorların imtiyazlar var.

- Qan vermə aksiyaları zamanı götürülən qanın tərkibinin yoxlanılması necə aparılır?
 - Qanların yoxlanılması ciddi prosesdir. Bu proses bizim prioritet işimizdir. Donordan götürülən qan nümunələri laboratoriyada müasir cihazlar vasitəsilə 4 infeksiya üzrə yoxlanılır (HİV½, HBsAg, HCV, Syphilis). İl ərzində yoxlanan qanların içində təxminən 7-8% infeksiyalara görə yararsızlaşdırılır. 
Artıq qan köçürülməsi dünyada qəbul olunan son metodlarla aparılır. Belə ki, qan tələb olunan xəstəxana elektron tələbnamə ilə müraciət edir. Tələb olunan komponent mərkəzləşdirilmiş formada sanitar maşını vasitəsi ilə həmin müalicə müəssisəsinə göndərilir. Bu isə o deməkdir ki, daşınan qan torbalarına bütün şərtlər gözlənilir. Bu şəbəkənin genişləndirilməsi işi davam etdirilir. Talassemiyalı və hemofiliyalı xəstələrin müalicə vasitələrinə olan tələbatı müəyyən edilən və xəstələrə çatdırılma mexanizmi hazırlanıb. Müvafiq müalicə müəssisələri talassemiyalı və hemofiliyalı xəstələrdə lazım olan laborator analizlərin aparılması üçün reaktiv və tibbi ləvazimatlarla təmin edilib. Bu da xəstələrin beynəlxalq protokollara uyğun laborator müayinələrinin (qanın laxtalanma faktorlarının təyini, zərdab ferritinin təyini, dərman mübadiləsi testlərinin aparılması, biokimyəvi müayinələrinin, o cümlədən hormonların təyininin aparılması, xəstələr üçün köçürülən qanın uyğunluğunun təyini) yerinə yetirilməsinin təşkil olunmasına imkan yaradıb. 

-  Talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin qanla təminatı üçün mərkəz tərəfindən xüsusi proqram varmı?
- Ölkə rəhbərliyi tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən donorçuluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanmış və müvafiq qanunlar qüvvəyə minmişdir. 2005-ci il fevral ayının 8-də ölkəmizin Birinci Xanımı Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva Azərbaycanda “Talassemiyasız həyat naminə” proqramı layihəsinin başlanmasını elan edib. Uşaqların sağlamlığının qorunmasını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın talassemiyalı uşaqlara diqqəti də xüsusi qeyd olunmalıdır. Heydər Əliyev Fondunun vəsaiti və şəxsən ölkənin birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə talassemiyalı xəstələr üçün Bakıda Talassemiya Mərkəzi tikilib. Mərkəz uşaqların sağlamlığının qorunmasını özünün prioritet istiqamətlərindən biri hesab edən Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa edilib. Bu gün Talassemiya Mərkəzi hemofiliyalı uşaqların və onların valideynlərinin böyük ümid yeridir. Burada quraşdırılan ən müasir tibbi avdanlıq müalicənin yüksək səviyyədə aparılmasına şərait yaradır. Mərkəzdə regionda ilk dəfə olaraq sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı yaradılıb və artıq əməliyyatlar aparılır.

- Ölkəmizdə Qan donorluğunun inkişafı üçün hansı tədbirlərin görülməsi zəruridir?
- Qan donorluğunun inkişafı üçün həm Səhiyyə Nazirliyi tərəfindən, həm həm qan donorluğunun təbliği ilə məşğul olan təşkilatlar tərəfindən hər zaman tədbirlər planı hazırlanır və yerinə yetirilir. Azərbaycanda təhlükəsiz donor qanı ilə təminat məsələsi bu gün praktiki olaraq həll edilib. Bu gün ölkədə kifayət qədər qan ehtiyatı var və hazırda qan tədarükü ilə bağlı Azərbaycanda heç bir problem yoxdur. 

Yazı  “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra “Qan xəstəlikləri ilə problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Tarix
19 Noyabr 2015 [14:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin