Ana səhifə
17 Dekabr 2018

Təmənnasız qan verənlərin sayı günbəgün artır

Pərvanə Hacıyeva: “Mərkəzi Qan Bankının və onun bölmələrinin kifayət qədər qan ehtiyatı var”

“Qan ehtiyatı tükənə bilən olduğuna görə hər zaman donorların təmənnasız qan donorluğuna cəlb olunması mühüm amildir”

Hələ qədim zamanlardan insanlar müəyyən xəstəliklərin qanla müalicəsinə cəhd göstərsələr də, bu çox zaman uğursuzluqlarla nəticələnirdi. XIX əsrin axırlarında Avstraliyalı alim K.Landşteyner bir insanın eritrositinin başqa insanın plazması ilə aqqlütinasiyasını müşahidə edərək çox vacib bir elmi kəşfin qanköçürmənin əsasını qoyub. Nəticədə o, eritrositin tərkibindəki A, B aqqlütinogerlərlə digər insanların plazmasındakı α və β aqqlütininlərin birləşməsinə əsaslanaraq insan qanını 4 qrupa böldü. 1-ci qrup qanı olan şəxs heç bir qrupdan qan almır.Yalnız 1-ci qrupdan qan alır və bütün qruplara qan verə bilər. 2-ci qrup qan özünə və 4-cü qrupa qan verə bilər. 3-cü qrup qan özünə və 4-cü  qrupa qan verə bilər. 4-cü qrup qan bütün qruplardan qan alır , lakin heç bir qrupa qan vermir. Bundan sonra insanların həyatı üçün son dərəcə əhəmiyyətli olan qan vasitəsi ilə ehtiyacı olan insanlara da həyat verilməyə başlanıldı. İnsan həyatı üçün müstəsna əhəmiyyətə malik olan qan insanın bədən çəkisinin 6,5-7 faizini  təşkil edir. Ehtiyacı olanların qanla təminatı üçün artıq uzun illərdir qan donorluğu institutu yaradılıb. Əvvəllər respublikamızda qan donorluğu ilə bağlı problem olsa da, son illər səhiyyə sahəsində də ciddi işlər görülüb. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, qan donorluğunun inkişafı üçün addımlar atılıb. Cəmiyyətdə hər kəs könüllü olaraq qan donuru ola bilər. Ölkəmizdə qan donorluğunun vəziyyəti və bu sahədə əhaliyə göstərilən tibbi xidmətlə bağlı suallara Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə xanım Hacıyevaya ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. 

- Pərvanə xanım, Azərbaycanda qan donorluğu ilə bağlı son durum necədir?
- Son illər Azərbaycanda donorluqla bağlı bir çox irəliləyişlər əldə olunub. Belə ki, əgər əvvəllər insanların bir çoxu qan verməkdə tərəddüd edirdilərsə, indi artıq bu qorxu intensiv maarifləndirmə nəticəsində aradan qalxıb. Əgər insanlar əvvəllər yalnız öz xəstələrinə köməklik etmək məqsədi ilə məcburiyyət qarşısında qalaraq qan verirdilərsə, indi təmənnasız qan verənlərin sayı günbəgün artmaqdadır. Buna da əsas səbəb Azərbaycan Respublikası Səhiyyə Nazirliyində son illərdə aparılan islahatlardır. Mərkəzi Qan Bankında çalışan tibb personalı fasiləsiz olaraq öz vəzifələrini layiqincə icra edərək qana ehtiyacı olanlara yardım edirlər. 

- Əvvəki illərdə regionlarda qan çatışmamazlığından ehtiyacı olanların çoxunun dünyasını dəyişdiyi ilə bağlı məlumatlar yayılırdı. Hazırda Mərkəzi Qan Bankının ölkənin neçə regionunda nümayəndəliyi var və onlar hansı rayonlara xidmət göstərir?
- Hal-hazırda donor qanının tədarükü, işlənilməsi, saxlanılması və bölüşdürülməsi bir neçə səhiyyə ocaqlarında həyata keçirilir. Bunlar Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı və Səhiyyə Nazirinin 30 noyabr 2010-cu il 102 nömrəli əmrinə əsasən müəyyənləşdirilən səhiyyə müəssisələridir. Bu səhiyyə ocaqlarına Mərkəzi Qan Bankının Gəncə, Şəki, Quba, Sumqayıt, Mingəçevir, Şirvan, Bərdə və Lənkəran şəhərlərində fəaliyyət göstərən 8 bölməsi, Bakı şəhərində isə Respublika Klinik Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Milli Onkologiya Mərkəzi, Kliniki Tibbi Mərkəz, 3 nömrəli şəhər klinik xəstəxanası, Mərkəzi Klinik xəstəxana, Mərkəzi Neftçilər xəstəxanası, Mərkəzi Gömrük hospitalı, ATU Tədris Cərrahiyyə klinikası və Naxçıvan Diaqnostika Mərkəzinin Qan Banklarıdır. Mərkəzi Qan Bankının bölmələrinə də həmin əraziyə yaxın rayonlar təhkim olunub. Hazırda Bakı şəhərindəki  Mərkəzi Qan Bankı Bakı, Abşeron, Qobustan, Şamaxı rayonlarından olan sakinlərə xidmət göstərir.
Sumqayıt bölməsi isə  Sumqayıt sakinlərinə xidmət göstərir. Gəncə, Göygöl, Tovuz, Naftalan, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Şəmkir, Ağstafa və Qazaxda yaşayan sakinlərin ehtiyacı olduqda qanla təminatı Gəncə bölməsi tərəfindən təmin edilir. Şəki bölməsinə təhkim olunan rayonlar isə Şəki şəhəri ilə yanaşı, Zaqatala, Qax, Balakən, Qəbələ, İsmayıllı və Oğuz rayonlarında yaşayan sakinlərdir. Mingəçevir bölməsi isə Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar, Zərdab, və  Ağsu rayonlarında qeydiyyatda olan sakinləri ehtiyacı olduqda qanla təmin edir. Mərkəzi Qan Bankının Quba bölməsi Quba, Qusar, Xızı, Siyəzən, Şabran və  Xaçmaz rayonlarından olan sakinlərə xidmət göstərir. Mərkəzi Qan Bankının Şirvan bölməsinin xidmətlərindən isə isə Şirvan, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Saatlı, Sabirabad, İmişli və Cəbrayıl rayonlarından olan sakinlər yararlana bilər. Lənkəran, Biləsuvar, Lerik, Masallı, Yardımlı, Astara və Cəlilabaddan olan xəstələr Lənkəran bölməsinin xidmətindən istifadə edə bilərlər. Mərkəzi Qan Bankının Bərdə bölməsinə isə Bərdə rayonu ilə yanaşı, Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Laçın və Xocavənd rayonlarında yaşayan sakinlər təhkim olunub. Mərkəzi Qan Bankının Bərdə bölməsinin xidmətlərindən isə  Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Laçın və Xocavənd rayonlarında qeydiyyatda olan sakinlər yararlana bilər. 

- Mərkəzi Qan Bankı və onun regional bölmələrində ümumilikdə nə qədər qan ehtiyatı var?
- Qan Bankları strateji müəssisə olduğuna görə və qan ehtiyatının sayı strateji məlumat olduğuna görə qan komponentlərinin sayı açıqlanmır. Ancaq yenə də qeyd edirəm ki, Mərkəzi Qan Bankının və onun bölmələrinin kifayət qədər qan ehtiyatı var.

- Qan xəstələri bəzən şikayətlənir ki, qan əldə etmək üçün hökmən öz yaxınları Qan Bankına qan verməlidir. Yalnız bundan sonra onlara qan verilir. Belə bir tələblər varmı və varsa, hansı zərurətdən tətbiq edilir?
- Qan ehtiyatı tükənə bilən məhsuldur. Təcili və təxirəsalınmaz hallarda istifadə etmək üçün daim qan ehtiyatının olması zəruridir. Ehtiyat qan komponentləri tükənməsin deyə qan köçürülən xəstənin yaxınları qanvermə prosesində iştirak etməyə cəlb olunur. Ancaq kütləvi qanvermə aksiyaları zamanı dövlət tibb müəssisələrində müalicə alan xəstələrə tələbnamə əsasında qan heç bir əvəzsiz buraxılır. Hazırda “Aşura günü” ilə əlaqədar qanvermə aksiyalarında toplanan qanlar tədarük olunandan dərhal sonra tələb oluna tibb müəssisələrinə əvəzsiz buraxılmaqdadır. Sadəcə yay aylarında və Ramazan ayında könüllü donorların sayı azaldığına görə qan ehtiyatı tükənməsin deyə xəstənin yaxınlarını donorluğa cəlb edirik.

-  Azərbaycanın hələ də müharibə şəraitində olduğunu nəzərə alsaq qan donorluğu ilə bağlı vəziyyəti qənaətbəxş saymaq olarmı?
- Yuxarıda da qeyd etdiyimiz kimi qan ehtiyatı tükənə bilən olduğuna görə hər zaman donorların təmənnasız qan donorluğuna cəlb olunması mühüm amildir. Artıq 10 ildən çoxdur respublikamızda talassemiya və eləcə də irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün qanvermə aksiyaları keçirilir və ölkə ictimaiyyəti bu xeyriyyə aksiyalarında fəal iştirak edir. Hər il Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə ölkə üzrə məscid və ibadətgahlarda qanvermə aksiyaları təşkil olunur. Eyni zamanda Səhiyyə Nazirliyi və digər dövlət qurumları tərəfindən vaxtaşırı könüllü qanvermə aksiyalar təşkil edilir. Hazırkı tələbə görə Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı mövcuddur.

- Donordan alınan qan maksimum nə qədər saxlanıla bilir?

(Ardı var)

Yazı  “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra “Qan xəstəlikləri ilə problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində hazırlanıb

Tarix
18 Noyabr 2015 [15:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin