Ana səhifə
24 Sentyabr 2018

Sənaye parklarının yaradılmasında əsas məqsədlərdən biri sahibkarlıq fəaliyyətinin genişləndirilməsidir

Sahibkarlara bir sıra güzəştlər nəzərdə tutulur

Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın modernləşməsinə, innovativ və elmtutumlu iqtisadiyyatın formalaşmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsinə, investisiya mühitinin cəlbediciliyinin artmasına, sahibkarlığın dəstəklənməsinə, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək. Bu sahədə artıq müvafiq qanunvericilik bazası yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə" sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir.  Bununla bağlı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, hazırda ölkədə müxtəlif təyinatlı sənaye parklarının (Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parkları) yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Sumqayıt Kimya Sənaye Parkının işinin yüksək səviyyədə qurulması məqsədilə bu sahədə böyük təcrübəyə malik məsləhətçi şirkət cəlb edilib. Məsləhətçi şirkət tərəfindən Azərbaycanın neft-kimya sektoru üzrə təhlillər aparılıb, rəqabətqabiliyyətli yeni məhsulların istehsalı, xarici və yerli investorların cəlb edilməsi üçün təkliflər hazırlanıb, texniki tapşırığa uyğun olaraq, Sənaye Parkının Baş Planı tərtib edilib, ərazidə nəzərdə tutulan infrastruktur şəbəkəsi, sosial təyinatlı obyektlərin konseptual dizaynı hazırlanıb. «Sumqayıt Kimya Sənaye Parkının kimya sənayesinin inkişafında, bu sahədə ixrac potensialının artırılmasında da əhəmiyyətli rolu olacaq. Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammalla təchizatı, xammaldan son məhsul mərhələsinədək istehsalın yaradılmasında "Azərikimya" İstehsalat Birliyi ilə sıx əməkdaşlıq ediləcək»,-Şahin Mustafayev deyib..
 Onun sözlərinə görə, Sumqayıt şəhərində yaradılacaq Yüksək Texnologiyalar Parkı isə ölkəmizdə İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmi araşdırmaların, elmtutumlu texnoloji məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına təkan verəcək.  Sənaye parklarının yaradılması isə şübhəsiz ki, sahibkarlıq fəaliyyətinin genişlənməsinə imkan yaradacaq. « Prezident İlham Əliyev bu sahədə strateji hədəfimizi müəyyənləşdirib. Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir. Sənaye parklarının yaradılmasında əsas məqsədlərdən biri özəl sektorun inkişafının sürətləndirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsidir. Bildiyiniz kimi, birbaşa xarici investisiyaların cəlb edilməsi üçün əsas amillər əlverişli infrastrukturun yaradılması, cəlbedici güzəştlər mexanizmi, müvafiq prosedurların maksimal sadələşdirilməsi, o cümlədən elektron xidmətlərin təqdim edilməsi, idarəedici təşkilat tərəfindən təqdim olunan xidmətlər, layihənin maliyyələşdirmə imkanları, ən başlıcası isə dövlət dəstəyidir.
Azərbaycanda innovativ sənaye quruculuğunun irimiqyaslı layihəsi olan Sumqayıt Kimya Sənaye Parkı investorlar üçün ən münasib işgüzar şərait və komfortlu biznes mühiti təklif edir. Sumqayıt Kimya Sənaye Parkının inkişaf planında sahibkarların səmərəli fəaliyyətinə və inkişafı üçün bütün amillər nəzərə alınıb və Sənaye Parkının modeli formalaşdırılarkən dünyada uğurlu sənaye parklarının təcrübəsi öyrənilib.
İnvestisiya cəlbediciliyinin təmin olunması məqsədilə Sənaye Parkının ərazisində yerli və xarici investorlar üçün bir sıra güzəştlər nəzərdə tutulur. Belə ki, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərəcək sahibkarlar üçün sənaye parkının rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən və parkda istifadə məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən azad edilir. Bu, baza güzəştlər portfeli kimi qəbul edilir və zərurət yaranarsa, güzəştlər paketi daha da genişləndirilə bilər.
Daha bir vacib məqam isə Sənaye Parkının ərazisində ən müasir tələblərə cavab verəcək infrastrukturun yaradılmasıdır. Belə ki, ərazidə fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisinin təchizatı üçün iki yarımstansiya, içməli və texniki sular üçün yeraltı su anbarları və təchizat sistemi, 2 alternativ istiqamətdən qaz təchizatı, proses suyu və çirkab sularının axıdılması üçün ötürücü nasoslarla təchiz olunmuş xətlər, yağış sularının ərazidən toplanması, təmizlənməsi və yaşıllıqların suvarılması üçün müasir irriqasiya sistemi yaradılır. Sənaye parkının ərazisində avtomobil və dəmir yolu şəbəkəsinin yaradılması nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkına müraciət edən fiziki və ya hüquqi şəxslərin rezident statusu alması sadə prosedur əsasında aparılır. İnvestorlar rezident statusunu aldıqdan sonra da daim "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin dəstəyini görəcək və Sənaye Parkı tərəfindən təklif olunan xidmətlərdən bəhrələnəcəklər. Eyni zamanda, Sumqayıt Kimya Sənaye Parkı tərəfindən rezidentlərə digər müxtəlif xidmətlər, o cümlədən təlim-treninq, laboratoriya, monitorinq və məsləhət xidmətləri də təklif olunur. Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin qeydiyyatı, lisenziyaların və icazələrin alınması, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər prosedurların sadələşdirilməsi məqsədilə "vahid pəncərə" prinsipi tətbiq edilir.
Sumqayıt Kimya Sənaye Parkının əlverişli coğrafi mövqedə yerləşməsi istehsal olunan məhsulun satış bazarlarına münasib tariflərlə və vaxtında çatdırılmasını təmin edilir. Belə ki, Sənaye Parkının nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşməsi yüklərin müxtəlif istiqamətlər üzrə daşınması prosesini asanlaşdırır. Sumqayıt Kimya Sənaye Parkının dəmiryol qovşaqlarına, Rusiya Federasiyasına gedən magistral yola, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yaxınlığı burada fəaliyyət göstərəcək müəssisələrə daşınmaların həyata keçirilməsi üçün əlverişli şərait yaradır.
Bu ərazidə geniş sosial obyektlərin tikintisi nəzərdə tutulur. Buraya inzibati binalar, müxtəlif ofislər, biznes inqubatorlar, elektron-kitabxana, təlim-peşə mərkəzi, müasir laboratoriya, emalatxanalar, tələbələr üçün yataqxanalar, otel, yeməkxana və s. daxildir. Həmçinin ərazidə anbarlar, mühafizə xidməti, parkinq sahələri, xidməti avtobuslar, yanğın söndürmə məntəqələri, təcili tibbi yardım stansiyası olacaqdır».

Hazırda Sənaye Parkının Baş Planına əsasən, 2013-cü ildən başlayaraq ərazidə nəzərdə tutulan geniş infrastruktur şəbəkəsinin (elektrik, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, inzibati, sosial və digər infrastruktur obyektlərinin) yaradılması işlərinə başlanıb və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Artıq Sumqayıt Kimya Sənaye Parkının yeraltı infrastruktur şəbəkəsinin tikintisi başa çatdırılıb. Belə ki, parkboyu ümumi uzunluğu 13,5 km yağış suyu, 10,8 km içməli su, 8 km texniki su, 20,6 km yanğına qarşı su, 11,7 km məişət tullantı suları, 9,3 km kimyəvi tullantı suları xətləri çəkilib. Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkında da kommunikasiya xətləri qalereyalar vasitəsilə çəkilir. Eni 3 metr, hündürlüyü isə 2,2 metr olan yeraltı qalerayaların ümumi uzunluğu 10,3 km təşkil edir. Artıq yeraltı texniki qalereyanın daxilində elektrik və su xətlərinin çəkilişinə başlanılıb və işlərin bu ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır. Məlum olduğu kimi, hər bir sənaye layihəsi üzrə investisiya qoyuluşunun böyük hissəsi (təxminən 35-40%-i) infrastruktur şəbəkəsinin yaradılmasına sərf olunur. Sumqayıt Kimya Sənaye Parkında isə texniki infrastruktur şəbəkəsi rezidentlərə ən müasir üslubda inşa olunaraq "birbaşa qoşulma" ("plug&play") sistemi əsasında təqdim ediləcək.
(ardı var)

Tarix
16 Noyabr 2015 [12:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin