Ana səhifə
15 Dekabr 2018

Azad sahibkarlığın inkişafı yolunda dövlət səviyyəsində ciddi addımlar atılır

Fikrət Yusifov: "Prezidentin “cəmiyyətdə heç kim toxunulmaz ola bilməz” deməsi, onun bu məsələdə heç kəsə güzəştə getməyəcəyi anlamına gəlir"

Nazirlər Kabinetinin oktyabrın 12-də keçirilmiş iclasında Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sahibkarlığın inkişafına əngəl olan bütün məqamları kəskin tənqid etdi. Bu, dövlətimizin başçısının tezliklə çox ciddi addımlar atacağına mesaj idi. Belə də oldu. Bu sözləri  “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 22 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələrlə bağlı şərhində deyib. Professor F.Yusifov bildirib ki, Prezident bir-birinin ardıca sahibkarlığın inkişafına əngəl törədən mənfi halların aradan qaldırılmasına və nəticə etibarilə ölkədə məhsul bolluğunun yaradılması yolu ilə qiymətlərin aşağı salınmasına, büdcə gəlirlərinin artırılmasına yönəlmiş çox ciddi qərarlar qəbul etdi. Lisenziyaların verilməsi sahəsindəki əngəllərin aradan qaldırılmasından, əsassız yoxlamaların dayandırılmasından, fiziki şəxslər tərəfindən respublikanın gömrük ərazisinə gətirilən malların və məhsulların ümumi gömrük dəyərinin əsaslı şəkildə artırılmasından məqsəd ölkədə sahibkarlığın inkişaf etdirilməsinə daha münbit şərait yaratmaq yolu ilə qeyri-neft sektorunun tərəqqisinə nail olmaqdan ibarətdir. Bu addımlar digər tərəfdən ölkədə istehlak mallarının və məhsulların qiymətlərinin əsaslı şəkildə aşağı düşməsinə və beləliklə, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına gətirib çıxaracaq.
Azərbaycan Prezidentinin oktyabrın 22-də imzaladığı Fərmanla fiziki şəxslər tərəfindən ölkənin gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2 min ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçiriləcək. Bu günə qədər mövcud olan qaydalara əsasən vətəndaşlar ölkədən 10 min dollara qədər vəsait apara bilsələr də ölkəyə cəmisi hər bir nəfər üçün 1500 dollar (müşayiət edən hər bir həddi buluğa çatmayan üçün isə 500 dollar) ekvivalentində mal-məhsul gətirə bilərdilər. Məsələnin bu qaydada qoyuluşunda yanlışlıq var idi. Hər dəfə ortaya sual çıxırdı ki, ölkədən 10 min dollar aparan vətəndaş bu pulun cəmi 1500 dollarına mal-məhsul alıb gətirə bilərsə, onda o həmin pulun yerdə qalan hissəsindən necə istifadə etməlidir? Prezidentin imzaladığı Fərman təkcə bu uyğunsuzluğu aradan qaldırmadı. Hər bir vətəndaşın ölkəyə 10 min dollar, onu müşayiət edən həddi buluğa çatmayanların hər birinin isə 2 min dollar məbləğində mal-məhsul gətirmək şansının olması o deməkdir ki, idxal edilən analoji məhsulların ölkə daxilində qiymətləri avtomatik aşağı düşəcək. Buna qədər vətəndaş həmin malları və məhsulları ölkəyə özünə lazım olan miqdarda gətirə bilmədiyindən onları xaricdən topdan ticarət yolu ilə gətirib daxili bazarda satan monopolistlərin diktə etdikləri qiymətlərlə - yəni, bəzən öz real dəyərindən bir neçə dəfə baha qiymətlərlə almaq məcburiyyətində qalırdılar. İndi isə vətəndaş həmin malı gömrük vergisi ödəmədən xaricdən real qiymətlə alıb gətirə biləcək. Bu isə ölkədə monopoliyanın tədricən aradan qalxmasına gətirib çıxaracaq. Prezidentin Fərmanı bu problemin həllinə yönələn çox mühüm addımdır.
Fərmanda aksizli malların, avtonəqliyyat vasitələrinin və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olunur. Aksizli malların gömrük vergisi ödəməkdən azad olunacaq 10 min ABŞ dolları məbləğindəki mal və məhsulların sırasına aid edilməməsini sosial şəbəkələrdə şişirdib insanlara yanlış izahat verənlər bilməlidirlər ki, bizdə yalnız pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla), istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr aksiz vergilərinə cəlb olunur. Göründüyü kimi, bu sırada insanları narahat edə biləcək əsas istehlak malları yoxdur.
Onun sözlərinə görə, yersiz yoxlamaların aradan qaldırılması çox önəmli addım idi: " Bu gün həqiqətən çox yersiz yoxlamalar aparılır. Bu işin özündə müəyyən normalar var. Yəni müəssisə hansı hallarda yoxlanıla bilər? Bax bu suala qəbul edilmiş fərmanda və ona  əlavədə konkret cavab verilib”.
Birlik sədrinin sözlərinə görə, bu məsələnin aktuallığı 90-cı illərdə də ortaya çıxmışdı: "1996-cı il iyunun 17-də mərhum prezident Heydər Əliyev "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız  yoxlamaların qadağan edilməsi barədə fərman imzaladı və sənəd sahibkarlıq  sahəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu kimi  tədbirlərin sayəsində ölkə iqtisadiyyatında əsaslı dirçəlişə nail olundu. Yəni müstəqillik dövrümüzün başlanğıcında da belə bir qərarın qəbul edilməsinə ehtiyac yaranmışdı. Hazırki vəziyyətdə isə  yoxlamaların sayının azaldılması, əsassız olan yoxlamaların qadağan edilməsi günün vacib bir məsələlərinə çevrilmişdi. Odur ki, prezident İlham Əliyev yaranmış  vəziyyəti çox düzgün dəyərləndirib və  haqlı olaraq belə bir addım atıb”.
O korrupsiya və rüşbətxorluq məsələsinə də doğunub. Fikrət Yusifov deyib: “Prezident İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində çıxışında ölkədə korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində bundan sonra daha ciddi addımların atılacağının anonsunu verdi. Prezidentin ”korrupsiya dövlətimizin dayaqlarını sarsıdır, inkişafı, azad rəqabəti əngəlləyir, müəyyən dərəcədə inamsızlıq yaradır” kimi qətiyyətlə deyilmiş fikirləri onun bu məsələdə mövqeyinin tam barışmaz olduğunu bir daha ortaya qoydu. Azad sahibkarlığın inkişafı yolunda dövlət səviyyəsində atılan ciddi addımların qarşısında bir əngələ çevrilən məmur özbaşınalığı və yerlərdəki ayrı-ayrı səlahiyyət sahiblərinin maddi maraqlarından qaynaqlanan qanunsuz fəaliyyət formaları ilə mübarizə son zamanlar çox ciddi fazaya daxil olub. Prezidentin “cəmiyyətdə heç kim toxunulmaz ola bilməz” deməsi, onun bu məsələdə heç kəsə güzəştə getməyəcəyi anlamına gəlir”.
F.Yusifovun sözlərinə görə, vətəndaşlarımız, xüsusilə də iş adamları ölkə başçısının bu mövqeyini ürəkdən bəyənir və dəstəkləyirlər: “Lakin yerlərdəki bəzi məmurların, o cümlədən bəzi icra hakimiyyəti nümayəndələrinin bu görülən işlərə kölgə salan əməlləri insanların əhval-ruhiyyəsini pozur, iş adamları öz fəaliyyətlərini lazım olan səviyyədə qura bilmirlər və bu da sonda cəmiyyətdə narazılıqlara gətirib çıxarır.
Bir məsələ hər bir məmura aydın olmalıdır: dövlət ölkədə azad sahibkarlığın inkişafı yolunda nə qədər qətiyyətli addımlar atırsa, bu addımlara mane ola biləcək rüşvət və korrupsiyaya qarşı da beləcə ciddi tədbirlər görəcək. Hesab edirəm ki, dövlətin korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizədə vətəndaşlarımız da fəal iştirak etməlidirlər. Prezident dəfələrlə ictimai nəzarətin umumi işimizə verə biləcəyi faydanın böyük ola biləcəyini vurğulayıb. Bu səbəbdən hər bir iş adamı, hər bir sahibkar onun fəaliyyətinə əngəl törədənləri ifşa etməkdən çəkinməməlidir. İnkişaf etmiş ölkələrdə ictimai nəzarət çox böyük səmərə verir. Bax, biz bu yolda ciddi irəliləyişə nail olmalıyıq».

Tarix
12 Noyabr 2015 [17:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin