Ana səhifə
21 Noyabr 2018

Sahibkarlıq fəaliyyətinə dövlət orqanlarının münasibəti vergi qanunvericiliyi əsasında həyata keçiriləcək

Vaxtı keçmiş qidaları ölkəyə gətirən, korrupsiayalara yol verən şirkətlər yoxlamalardan kənarda qala bilməyəcək

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Noyabrın tədbir – Mingəçevir şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Mingəçevir şəhərində fəaliyyət göstərən 164 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 8,5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 1160-dan çox yeni iş yerinin açılması mümkün olub. Ümumilikdə isə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 462 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 36 800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Mingəçevir və ətraf rayonlardan olan 60 sahibkara 4,7 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər, əsasən, iri fermer təsərrüfatının yaradılmasına, heyvandarlıq, arıçılıq, qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcək.
Forum çərçivəsində Mingəçevirdə güzəştli kredit ayrılmış çörək və tikinti materiallarının istehsalı müəssisələrinə baxış keçirilib. Ümumilikdə, son illər ərzində 21 tikinti materiallarının istehsalı müəssisəsinin yaradılmasına, müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 72 milyon manat güzəştli kredit ayrılıb. Bu müəssisələrdən 19-u artıq istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi islahatlar ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Xüsusən də sahibkarlıqla məşğul olan şəxslər ölkə rəhbərinin qərarlarının, tapşırıqlarının, imzaladığı fərman və sərəncamların onların fəaliyyətinə geniş imkanlar açacağına əminliklərini bildirirlər.
 Sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi ilə yanaşı əsassız yoxlamaların dayandırılması və sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyanın verilməsi istiqamətində atılan addımlar da sahibkarlığın ölkədə inkişafına təkan verir.  Sahibkarlar biznes mühitinin çiçəklənməsi istiqamətində atılan bu addımlardan məmnundurlar. Bu günlərdə Bilik Fondu Azərbaycan Prezidentinin sahibkarlığın inkişafı ilə bağlı əhalidə xoş ovqat yaradan fərman və sərəncamlarına münasibət bildirmələri üçün iş adamları ilə görüş keçirib. 30-dan çox biznes strukturunun rəhbərləri cənab Prezidentin imzaladığı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında", "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" Fərmanları, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunu xüsusi vurğulayaraq, bildiriblər ki, islahatların nəticəsində sahibkarlıq subyektləri arasında sağlam rəqabətin formalaşacağı və şəffaflığın əsas meyara çevriləcəyinə inanırlar. Bilik Fondunun icraçı direktor Oktay Səmədov  deyib: «Dövlətin həyata keçirdiyi islahatların mahiyyətini vətəndaşlara çatdırmaq bizim əsas vəzifəmizdir. Cənab Prezident İlham Əliyevin sahibkarlığın inkişafı üçün irəli sürdüyü islahatlara iş adamlarının münasibətini öyrənmək və bu münasibətin mətbuatda əksini tapmasını təmin etmək istəyirik. Əminik ki, həm bu görüşdə, həm də bundan sonra mütamadi xarakter alacaq başqa toplantılarımızda Azərbaycan cəmiyyətinin inkişafı üçün atacağımız birgə addımların planı, konsepsiyası müəyyənləşəcək".
Tədbirdə Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin məsul şəxslərinin iştirakını vurğulayan O.Səmədov Prezidentin fərman və sərəncamları barədə daha aydın və dəqiq təsəvvürün yaranması üçün sahibkarları rəsmi şəxslərlə birbaşa ünsiyyətə çağırıb. Fondunun Aparat rəhbəri İsaxan Vəliyev isə Prezident İlham Əliyevin imzaladığı rəsmi sənədlərin mahiyyəti barədə müfəssəl şəkildə məlumat verib. Belə aydın olub ki, sahibkarlıq sferasında yoxlamaların dayandırlıması, sahibkarlıq fəaliyyətinə dövlət orqanlarının münasibəti vergi qanunvericiliyi əsasında həyata keçiriləcək. Məsələn, vaxtı keçmiş qidaları ölkəyə gətirən, korrupsiayalara yol verən, bir sözlə, vergi qanunvericiliyini pozan şirkətlər yoxlamalardan kənarda qala bilməyəcək. Bununla yanaşı, gömrük qaydalarının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabineti yeni qərarlar qəbul edəcək. Bu qərarlarla fiziki şəxsin ölkəyə gətirmək istədiyi məhsulların siyahısı, növü, sayı müəyyənləşəcək. İsaxan Vəliyev sahibkarlıq sahəsində islahatların Ulu Öndər Heydər Əliyevin prezident olduğu dövrdə mərhələli şəkildə həyata keçdiyini bildirib: "Həmin dövrdə sahibkarlara problemlər yaradan xeyli sayda qurumlar ləğv olundu. Bu istiqamətdə imzalanan fərmanlardan, qəbul olunan qanunlardan sonra orta təbəqə formalaşdı. Prezident İlham Əliyev bu missiyanı uğurla davam etdirərək, sahibkarlığın inkişafını indiki yüksək mərhələyə çatdırdı. Artıq hər adam sahibkarın fəaliyyətini yoxlaya bilməyəcək. Biz yaxın gələcəkdə sahibkarlığın sürətlə inkişaf etdiyinə şahid olacağıq".
Vergilər Nazirliyinin əməkdaşı Yunis Quliyev aparılacaq yoxlamaların təsnifatından danışıb. O, bildirib ki, Vergilər Nazirliyi iki cür yoxlamalar həyata keçirir: səyyar və kameral. Y.Quliyev onu da qeyd edib ki, nazir Fazil Məmmədov yoxlamalarla bağlı əməkdaşlarına xüsusi göstərişlər verib. Nazir oktyabrın 25-i Kollegiya iclasında illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib. Göstəriş 70 min vergi ödəyicisinə şamil olunacaq. Bu tapşırıqların həyata keçməsi sahibkarların fəaliyyətinin daha da genişlənməsinə şərait yaradacaq. Tədbirdə iştirak edən Azərbaycan Dövlət Gömrük Komitəsinin məsul şəxsi Rüfət Elçiyov, əsasən, gömrük nəzarəti zamanı yoxlamaların sadələşdirilməsi haqqında məlumat verib. R.Elçiyov bildirib ki, bundan sonra gömrük orqanları əməkdaşları fiziki şəxsin ölkəyə gətirdiyi məhsulların şəxsi istifadə, yoxsa satış məqsədi daşıdığını aydınlaşdıracaq. Onun sözlərinə görə, çox güman bu tənzimlənmənin sərhədlərinin müəyyənləşməsi üçün Nazirlər Kabinetinin yeni qərarları olacaq. R.Elçiyov onu da xüsusi ilə vurğulayıb ki, Dövlət Gömrük Komitsəinin peşəkar əməkdaşları fiziki şəxsin ölkəyə gətirdiyi məhsulların təsnifatına aydınlıq gətirməyi bacaracaqlar. Atılan bütün addımlar fiziki şəxsin, o cümlədən, sahibkarın xeyrinə olacaq.
Azərbaycan Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) Yasin Göral sahibkarlıq sahəsində liberallaşmağa böyük zaman lazım olduğunu deyib: "Birinci növbədə proseslər şəffaflaşmalıdır. Artıq bu mərhələyə çatmışıq. Əlbəttə, hamımız islahatların tezliklə nəticə verməsini istəyirik. Tezliklə nəticə əldə etmək mümkün deyil. Hər şey tədricən olur. Əminik ki, gələcək daha uğurlu olacaq. Biz izləyirik: cənab Prezident 2010-cu ildən başlayaraq, qeyri-neft sektorunun inkişafı üçün fərman və sərəncamlar verir. Görürsünüz İlham Əliyev necə uzaqgörən siyasət yürüdüb. Buyurun, neftin qiyməti düşdü, amma Azərbaycanda böhran yaşanmır. Çünki qeyri-neft sektoru illərdir inkişaf yolu tutub. Bu gün yaşananlar artıq nəticədir. Böyük nəticlər üçün isə büdrəmədən, səbrlə yol getməliyik. Sahibkarlar cənab prezidentin islahatlarına dəstək olmalıdırlar".
TÜSİAB-ın əməkdaşı Selcuk Düzgün çıxışına "İlham Əliyev kimi prezidenti olan ölkənin uğura çatmaqdan başqa yolu yoxdur" - fikirləri ilə başladı. Müstəqil Azərbaycanın cəmi 25 yaşı olduğunu deyən türk iş adamı ölkəmizin 300-500 yaşı olan dövlətlərlə eyni cərgədə addımladığını, hətta bəzi sahələrdə onları keçdiyini bildirdi: "Ən böyük üstünlüyünüz odur ki, xalq Prezidenti dəstəkləyir. Türk iş adamları bu prosesləri diqqətlə izləyirlər. Həmişə qanuna güvənib fəaliyyət göstərdiyimiz üçün əvvəlki yoxlamalar bizə təsir edə bilmirdi. Gözəl qanunlarınız var və zaman-zaman geniş islahatlara məruz qalır. Yetər ki, qanunlara söykənərək addımlar atın".

 

Tarix
10 Noyabr 2015 [16:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin