Ana səhifə
26 Sentyabr 2018

«Sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib»

 Prezident İlham Əliyev: «Ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir»

«Qanun qarşısında hər kəs bərabərdir, ona görə cəza tədbirləri davam etdiriləcək»

Son vaxtlar aparılan araşdırmalar nəticəsində Azərbaycanda sahibkarların hüquqlarının pozulması ilə bağlı dəhşətli faktlar aşkar edilib. Bu barədə prezident İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimindəki çıxışında bildirib. Dövlət başçısı bildirib ki, dövlət məmurları və vəzifəli şəxslər öz vəzifə borcunu şərəflə yerinə yetirməli, insanları incitməməli və əsassız tələblər irəli sürməməlidir: «Əfsuslar olsun, biz hələ ki, bu xoşagəlməz mənzərə ilə üzləşirik»-deyə prezident bildirib. 
İlham Əliev bildirib ki, son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır: «Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir».
Prezident bildirib ki, ancaq ədalətli istintaq və ədalətli məhkəmə qərarları, hesab edirəm ki, bu sahədə də ciddi irəliləyişə gətirib çıxaracaq.
«Biz korrupsiya, rüşvətxorluq üçün, əgər belə demək mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün". 
Prezident deyib ki, Bu istiqamətdə görüləsi işlər çoxdur və məhkəmə-hüquq sisteminin bu sahədəki fəaliyyəti çox önəmlidir. İlk növbədə, məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Buna yol verilməməlidir. Eyni zamanda, məhkəmə qərarları elə olmalıdır ki, bu böyük bəla ilə bizim mübarizəmiz daha da səmərəli olsun. Prezident böhrandan da danışıb : "Heç bir böhran bizim iqtisadi inkişafımıza ciddi təsir edə bilməz. Amma müəyyən dərəcədə təsir edə bilər. Bütövlükdə builki iqtisadi-sosial göstəricilərimiz göz qabağındadır. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var, düzdür azalır. Ancaq buna baxmayaraq, biz öz yolumuzla gedirik və nəticə də göz qabağındadır».
Ədliyyə naziri Fikrət Məmmədov isə çıxışında bildirib ki, korrupsiyaya qarşı barışmaz mövqeyinizə, o cümlədən son dövrdə verdiyiniz göstərişlərə uyğun olaraq, ədliyyə və məhkəmə sistemində bu sosial bəla ilə qəti mübarizə aparılır, təsirli tədbirlər görülür. Şəffaf prosedurlar əsasında yeni notarius korpusunun formalaşdırılması, nazirlik tərəfindən 20-dən çox elektron xidmətlərin göstərilməsi vətəndaş məmnunluğu doğurur. O deyib ki,  ötən dövrdə 6 milyon insanın faydalandığı “ASAN xidmət” çərçivəsində 1 milyon yarım əməliyyat məhz ədliyyə orqanları tərəfindən həyata keçirilib.
Ədliyyə naziri sahibkarlığın inkişafı ilə bağlı da danışıb. O deyib: “Sahibkarlığın inkişafına əngəllərin aradan qaldırılması ilə bağlı əhalidə böyük rəğbət doğuran qəti və prinsipial tədbirlərinizə uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən yoxlamaların reyestrinin yenidən, daha mükəmməl qurulması üzrə işlər görülür».
Beləliklə, sahibkarlıq subyektlərində həyata keçirilən əsassız yoxlamaları qarşısını almaq və onun inkişaf etdirilməsi istiqamətində görülən işlərə Ədliyyə Nazirliyi də qoşuldu. Bundan başqa, daha bir qurum da sahibkarlıq subyektlərində yoxlamaları dayandırdığını asçıqlayıb. Dövlət Qaz Nəzarəti İdarəsi və Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar artıq dayandırılıb. Bu barədə jurnalistlərə müsahibəsində energetika nazirinin müavini Natiq Abbasov məlumat verib. Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sahibkarlıq subyektlərində aparılan yoxlamalarla bağlı Energetika Nazirliyində də lazımi tədbirlər görülüb. Nazirliyin Dövlət Qaz Nəzarəti İdarəsi və Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar artıq dayandırılıb.
Qeyd edək ki, sahibkarların hüquqlarının qorunması, onlara qarşı əsassız yoxlamaların aradan qaldırılması ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, qlobal miqyasda daha mühüm uğurlar qazanmaq baxımından böyük və tarixi əhəmiyyət kəsb edir. Ölkə rəhbərliyi tərəfindən son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar sahibkarların qarşısındakı süni maneələrin aradan qaldırılmasına, onların maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləmələrinə, ölkə iqtisadiyyatına vəsait qoymalarına, yeni və daimi iş yerləri yaratmalarına və nəticə etibarilə Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına yönəlib. Sahibkarlar da son vaxtlar atılan addımların çox faydalı olduğunu bildirirlər. Onlar yoxlamaların 2 il müddətində dayandırılması və lisenziya sahəsində həyata keçirilən tədbirlərin ölkə iqtisadiyyatında özəl sektorun payının artacağına səbəb olacağını bildiriblər. Sahibkarların bəzisi biznes ombudsmanın yaradılmasının da faydalı olacağını bildirirdlər. ADCO reklam şirkətinin direktoru Elnur Eyvazovun APA-ya müsahibəsin də bildirib ki, Nazirlər Kabinetinin bu ilin 3-cü rübünə həsr olunan iclasındakı çıxışında dövlət başçısı sahibkarlıq fəaliyyətinin dövlət quruculuğundakı əhəmiyyətini qeyd edərək, onun istiqamətini dəqiqliklə müəyyənləşdirib. Bu islahatların hər biri ölkədə böyük iqtisadi dəyişikliklərin olacağından xəbər verir. Bu gün ölkə rəhbərliyinin sahibkarlığa, iqtisadiyyatın inkişafı üçün onun potensial imkanlarına etimadının yüksəlməsindən əminliklə danışmaq olar. Eyni zamanda, son samanlar keçirilən bütün görüşlərdə prezident bürokrat məmur aparatını sərt, bəzən isə amansız tənqid edib. 
Təəssüf ki, sahibkarlar könülsüz olaraq müvafiq orqanlara və bilavasitə dövlət başçısına şikayətlə müraciət edirlər. Əfsuslar olsun ki, bir çoxları "lazımi" əlaqələr tapmağa, ya da problemi başqa yollarla həll etməyə çalışırlar. Bu gün sahibkarlar yaxşı başa düşürlər ki, onlar dövlətin dəstəyi olmadan keçinə bilməzlər. Bu dəstək özündə həm imtiyazları, həm də hüquqi köməyin göstərilməsini ehtiva edir. Belə bir dəstək böyük xərclər tələb etmir - burada, ilk növbədə, sahibkarlar da daxil olmaqla, hüquqların müdafiə olunması üçün nəzərdə tutulan qurumların işi olduqca vacibdir. Vətəndaş cəmiyyətinin müxtəlif qruplarının müdafiəsi üzrə belə təşkilatlar dünyanın bir çox ölkələrində mövcuddur. Bəzi belə institutlar, məsələn, insan haqları üzrə ombudsman xidməti, artıq uzun zamandır ki, MDB-nin əksər ölkələrində fəaliyyət göstərir. Lakin bu sahədə heç bir resept və ya göstəriş ola bilməz - hər bir ölkə özü onun üçün hansı problemin vacib olduğunu daha yaxşı bilir. Elnur Eyvazov bildirib ki, bəzi ölkələrdə ombudsman institutları və ya bələdiyyələrin dəstəklənməsi xüsusilə vurğulanır, digərlərində - diqqət sırf iqtisadi aspektlərə - biznesin bank və vergi sistemləri və ya gömrüklə qarşılıqlı əlaqəsinə ayrılır. Üstəlik, həmin institutlar müxtəlif prinsiplər üzrə formalaşır. Onlar birbaşa nazirliklər və ya parlament yanında fəaliyyət göstərə bilər, və ya ölkə prezidenti yanında yaradılan qurum kimi çalışa bilərlər. Lakin istənilən halda onların fəaliyyətinin zəruri şərti istənilən dövlət qurumlarından heç bir asılılıqlarının olmamasıdır. Bu qismən belədir, lakin yenə də ombudsman institutlarının əsas məqsədi dövlətin maraqları və müəyyən biznes-qrupların maraqları arasında tarazlığın tapılmasından ibarətdir. Şəxsən mənim üçün ölkəmizdə ən aktual məsələ prezident yanında kiçik və orta biznesin hüquqları üzrə səlahiyyətli olan institutların yaradılmasıdır. Böyük biznes özünü müdafiə edə bilir, məsələn, o, Biznesmenlər Assosiasiyası kimi strukturlarda yaxşı təmsil olunub. Onun parlamentdə, hökumətdə öz lobbiçiləri var. Bunu kiçik və orta biznes haqqında isə demək olmaz.

Tarix
5 Noyabr 2015 [17:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin