Ana səhifə
17 Oktyabr 2018

“Ailə modelimizdə olan bir çox faktorlar dağılıb”

Mehriban Zeynalova: “İnsanların telefondan və virtual məkandan düzgün istifadə etməməsi dəyərlər sisteminə təsir edən amillərdəndir”

 

 

Asif Bayramov: “Azərbaycan menataliteti, əxlaqı, mənəviyyatı və etnik dəyərləriylə heç cür uzlaşmayan hərəkətlərin və davranışların şahidi oluruq”

 

 

Azərbaycanda ailə dəyərləri əsrlər boyunca həmişə öndə olub. Ailə üzvləri arasında bir-birinə hörmət, qayğı hər zaman diqqət çəkib. Lakin son illər ailə daxili zorakılıq, bir-birinə xəsarət yetirmə, qətl kimi hadisələrlə qarşılaşırıq. Artıq elə bir vəziyyət yaranıb ki, ailəsini, uşağını atıb başqa biri ilə qaçan qadınlarla bağlı xəbərlər mətbuata ayaq açıb. Valideynlərini, yaxın qohumlarını öldürən və ya yaralayan adamlar barədə xəbərlər adi hal alıb.  Bu kimi hallar ailə dəyərlərimizdə müəyyən boşluqların yarandığından xəbər verir. Bəs bunlara səbəb nədir? Məsələyə münasibət bildirən sosioloq Asif Bayramov deyir ki, Azərbaycan Şərq ölkəsi olaraq mənəvi əxlaqi dəyərlərin daşıyıcısı olub: “Qərb qanunverici sənədlər, hüquqi normativ aktlar tərtib etdiyi bir zamanda Şərq daha çox əxlaqi təlimlər yaradırdı və onlara söykənirdi. Bunun nəticəsində Qərbdə və Şərqdə fərqli ailə institutları formalaşdı. Ancaq SSRİ-nin süqutundan sonra Azərbaycana və possovet məkanında olan digər respublikalara Qərb dəyərlərinin ixracı sürətləndi. Bunun üçün bütün ideoloji kommunikasiya vasitələrindən böyük məharətlə istifadə olundu. Məsələn, ilk öncə televiziya kanalları bu sahədə önəmli rol oynadı. 90-cı illərdə Braziliya və digər Amerika kontingentində olan dövlətlərin Azərbaycana ixrac olunan filmləri birbaşa Azərbaycanda mənəvi əxlaqi dəyərlərin məhvinə yönəlmiş filmlər idi. Azərbaycan teleməkanında göstərilən bir çox Hollivud filmləri Amerika cəmiyyəti üçün çəkilmir. O filmlər bizim kimi ölkələrdə ənənəvi davranış stereotiplərini məhv etməyə yönəlib. Əgər Amerika Azərbaycandan hansısa bir filmi alıb ölkəsində nümayiş etdirmək istəyirsə, əvvəlcə xüsusi ekspertlər qrupu həmin filmə diqqətlə baxırlar. Orada Amerika cəmiyyətinin şüuraltına zərərli stereotip ötürə biləcək epizodları filmdən çıxarırlar. Amma Azərbaycan bu sahədə indiyədək heç bir iş görməyib. Bunun nəticəsində son illər Azərbaycan ailələrində ənənəvi milli etnik modeldən uzaqlaşma meyli baş alıb gedir”.

Sosioloq deyir ki, əsrlər boyu Azərbaycanı qoruyan və bu günümüzə qədər gətirib çıxaran ailə institutu olub: “O ailə institutu ki, orada atadan evin kiçiyinə qədər hər kəs müəyyən bir pillə altında birləşib. Atanın sözü hakim olub, ananın sözünə hörmət qoyulub, böyük övlad daha çox söz sahibi kimi tanınıb, evin kiçiyi ərköyün sayılıb və daha çox sevilib. Nəticədə bir pilləli tabeçilik yaranıb. Ancaq Qərb ailəsində belə tabeçilik sistemi olmadığından orada bu, inzibati qaydalarla təmin olunub və olunur”.

A.Bayramov deyir ki, əgər insanın davranışını yalnız qanun və hüquq tənzimləyirsə, davranış nəzarətçisi insanın çölündə olur: “Amma insanın davranışını mənəvi dəyərlər tənzimləyirsə, nəzarətçi içində olur. Hər hansı situasiyada biz, qanun qorxusundan yox, içimizdəki nəzarətçinin diktə elədiyi şəkildə hərəkət edirik. Son dövrlər Azərbaycan cəmiyyətinə ötürülən qorxulu, zərərli stereotiplər bizim içimizdəki mənəvi nəzarətçini demək olar ki, tərksilah edib. Bunun nəticəsində istənilən şəraitdə Azərbaycan menataliteti, əxlaqı, mənəviyyatı və etnik dəyərləriylə heç cür uzlaşmayan hərəkətlərin və davranışların şahidi oluruq”.

Sosioloq deyir ki, teleməkandakı bir çox verilişlər mənəvi əxlaqi dəyərlərin, yüz illərlə bizim milli kimliyimizi qoruyan həmin zirehin məhvinə yönəlib: “Hansısa ucqar kənddə kimsə milli əxlaqa zidd bir hərəkətə yol verirsə, belə hadisəni el ağsaqqalları həll etməlidirlər. Amma bizim televiziya kanalları gedib onu çəkib, bir ay efirdə müzakirə edirlər. Nəticədə həmin hadisə Azəbrbaycanda hər bir ailənin içərisinə daxil olur. Efir qarşısında dayanan yeniyetmə gəncin şüuraltında belə bir fikir formalaşır ki, lazım gələrsə, oğul ataya əl qaldıra bilər, lazım gələrsə, anasını boğub öldürə bilər, qardaş qardaşa əl qaldıra bilər. Hansısa tərbiyə görməmiş bir ailənin davranışı teleməkana çıxarılmaqla ictimailəşir və cəmiyyət üçün qorxulu davranış modelinə çevrilir”.

Ailə daxilində baş verən cinayətlər zamanı çox vaxt cinayəti törədən şəxsin psixi vəziyyətinin qaydasında olmadığını deyirlər.Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, əgər vətəndaş həqiqətən cinayəti anlaqsız vəziyyətində törədibsə, cinayət məsuliyyətinə cəlb edilə bilməz: “Yox əgər psixikası pozulubsa, amma öz əməlini, onun faktiki xarakterini dərk edibsə, belə hallarda isə cinayət məsuliyyətinə cəlb olunurlar. Ümumiyyətlə, məhkəmə qaydasında belədir ki, şəxsiyyət əli ilə törədilən cinayətlərdə, xüsusən də ölüm hadisəsi baş verən cinayətlərdə bir qayda olaraq təqsirləndirilən şəxsin cinayəti törədən zaman psixi vəziyyətinin müəyyən edilməsi üçün hökmən məhkəmə psixatrik ekspertizası təyin olunur. Təyin olunmayanda da təsqirləndirilən şəxsin vəkili məhkəmədə vəsadət qaldırır ki, bu şəxsin həmin cinayəti törədən zaman psixatrik vəziyyəti təyin edilsin. Əlbəttə, bu məsələlər hər bir halda araşdırırlır”.

Ailəsini atıb gedən qadınların sonradan ailədə hansı hüquqları qalmasına gəlincə hüquqşünas bildirdi ki, həmin qadının uşaqların tələb edilməsi ilə bağlı ciddi problemləri ola bilər: “Xanım kimləsə qaçıb gedibsə, yeni ailə qurub. Azərbaycanda əxlaqi cəhətdən belə hallara pis baxılır. Uşaqların tələb edilməsi ilə bağlı ciddi problemlər olacaq. İnanmıram ki, məhkəmə elə bir qətnamə qəbul etsin ki, başqa biri ilə qaçıb gedən anaya uşaq verilsin. Amma mülklə bağlı nigah dövründə birgə nə isə əldə ediblərsə, onların bölgüsünü tələb edə bilər”.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, əvvəlki ailə modelimizdə olan bir çox faktorlar dağılıb: “Əvvəllər ailə münasibətlərində müəyyən subardinasiyalar, ağsaqqallar institutu, müəyyən davranış modelləri, cəmiyyətdə baş verən hadisələrə ictimai qınaq modeli var idisə, hazırda onlar dağılıb. Sərhədlərin açılması, müəyyən ideologiyaların, zərərli mədəniyyətlərin ölkəmizə daxil olması, müharibə kimi gərginliklər ailə münasibətlərinə birbaşa təsir etməyə başladı. Bu da qloballaşan dünya siyasətinin elementlərindən biridir ki, ailə modelində dəyişiklik olsun və bu bütün dünyada idarə olunan bir sistem olsun”.

M.Zeynalova deyir ki, insanların telefondan və virtual məkandan düzgün istifadə etməməsi dəyərlər sisteminə təsir edən amillərdəndir: “Bu gün istənilən adam üçün istədiyi adam əlçatan olur. Əvvəlki münasibətlər toplumu dəyişməyə başlayır. Virtual aləmdə müxtəlif müzakirələrin mümkün olması da dəyərlər sisteminə təsir edir. Mobil telefon və internetdən düzgün istifadə olunmaması müxtəlif təhsili olmayan, eyni zamanda müəyyən psixoloji yüklü adamlara çox güclü təsir edir və onlar öz həyatlarını fərqli qurmağa çalışırlar”.

 

Aygün Asimqızı

Tarix
29 Oktyabr 2014 [14:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin