Ana səhifə
22 Sentyabr 2018

Yoxlamalara fasilə verilməsi son nəticədə maliyyə xidmətlərinə tələbatı artıracaq

Musa Quliyev: « İstər vergi sistemində, istər lisenziyaların verilməsi ilə bağlı, istərsə də vergilərin sadələşdirilməsi ilə bağlı qərarlar təqdirəlayiq haldır»

“Azərbaycanda sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətinə dayandırılması biznesin inkişafı baxımından müsbət addımdır”. Bunu Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) sədri, eyni zamanda “Joint Leasing” şirkətinin direktoru Elçin Əhmədov bildirib. Onun sözlərinə görə, yoxlamalara fasilə verilməsi son nəticədə maliyyə xidmətlərinə, o cümlədən lizinqə tələbatı artıracaq. Bununla belə, ALŞA rəhbəri qeyd edib ki, Azərbaycanda lizinqin inkişafı həm də bu sahəyə dövlət tərəfindən ediləcək güzəştlərdən asılıdır: “Xüsusilə lizinq predmeti olan istehsal yönümlü avadanlıqların idxalına güzəştlər edilsə pis olmaz. 2008-ci ildən həmin avadanlıqlar üçün gömrük imtiyazları ləğv olunub. Amma bu günki vəziyyətdə, xüsusilə da devalvasiyadan sonra iqtisadi aktivliyin zəiflədiyi, sahibkarların gözləmə mövqeyinə keçdiyi, lizinq xidmətlərinə tələbatın azaldığı bir vaxtda dediyim güzəştlərin müvəqqəti də olsa bərpası bizə böyük kömək olardı”.
Qeyd edək ki, son günlər sahibkarlığın inkişafı istiqamətində atılan addımlar Azərbaycanda iqtisadiyyatın inkişafına, qeyr-neft sektorunda müxtəlif sahələrin gəlirlə işləməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönələn mütərəqqi addımlardır. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyevin sözlərinə görə, istər vergi sistemində, istər lisenziyaların verilməsi ilə bağlı, istərsə də vergilərin sadələşdirilməsi ilə bağlı qərarlar təqdirəlayiq haldır. M.Quliyev deyib ki, Prezidentin imzaladığı son sərəncam və fərmanlar ölkədə mütərəqqi dəyişikliklərə səbəb olacaq: “Prezidentin son fərman və sərəncamları Azərbaycanda monopoliyanın aradan qaldırılmasına, aşkar və gizli rüşvətxorluq və mənfi halların aradan qaldırılmasına, korrupsiyanın yox olmasına yönələn çox ciddi iqtisadi rıçaqlardır. Bu addımlar Azərbaycana idxal olunan malların qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq”.
“Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək üçün Milli Məclisə göndərdiyi qanun layihəsi Azərbaycanda iqtisadi proseslərdə çox əhəmiyyətli bir dönüş nöqtəsi olacaq”. Bunları isə  Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib. Deputat qeyd edib ki, Azərbaycan hökuməti daim ölkədə biznes mühitinin yaxşılaşması, sahibkarlığa dəstək üçün tədbirlər görüb: “Cənab Prezident həm hökumətin iclaslarında, həm ictimaiyyət qarşısında çıxışlarında daima bu məsələni xüsusilə vurğulayıb. Prezident İlham Əliyev dəfələrlə sahibkarların əsassız yoxlanılmasına son qoyulmasını, bu prosesin bir sistemə salınması məsələsini qaldırıb. Nazirlər Kabinetinin sonuncu iclasında bu məsələ bir daha vurğulandı. Dünən Prezident İlham Əliyevin sahibkarların yoxlanmasının iki il müddətinə dayandırılması ilə bağlı etdiyi təklif Azərbaycanda böyük əks-səda doğurdu. Çünki bu, əsassız yoxlamaların qarşısını alacaq, sahibkarların investisiya qoyması üçün münbit şərait yaradacaq”.
A.Mirzəzadə bildirib ki, sahibkarların yoxlanılmasının dayandırılması eyni zamanda, vergi ödənişlərinin artmasına da səbəb olacaq: “Bu, eyni zamanda, sahibkarlar təbəqəsinin dövlətlərinə inamının daha da artmasına səbəb olacaq. Yoxlamaların dayandırılması biznes sahəsinin daha da genişləndilrilməsinə, sahibkarların gəlirlərinin artaraq onların həm yeni iş yerləri yaratmasına, həm də yeni investisiyalar qoymasına imkan verəcək”.
Sahibkarlığın inkişafında vergi sahəsində həyata keçirilən tədbirlər də önəmli rol oynayacaq.  Vergilər naziri Fazil Məmmədov bu barədə deyib ki, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlər davıam etdirilir. Nazir deyib ki, dövlət başçısı ölkədə yaranmış yeni iqtisadi vəziyyətdə vergi orqanlarının əsas vəzifələri kimi onların daha şəffaf və səmərəli işləməsini, əlverişli biznes mühitinin formalaşdırılmasını, dövlət büdcəsinin gəlirlərinin artırılmasının təmin edilməsi üçün vergi potensialının düzgün müəyyənləşdirilməsini və yeni mənbələrin aşkar edilərək, vergi bazasının genişləndirilməsini, vergilərin tam həcmdə və vaxtında ödənilməsini, büdcənin cari xərclərinin vergi və gömrük orqanlarının xətti ilə daxilolmalar hesabına təmin olunmasını müəyyən edib. Ölkə iqtisadiyyatının gələcək inkişafı qeyri-neft sektorunun, o cümlədən kiçik və orta biznesin inkişafından asılı olacağını deyən nazir  vergilərin ödənilməsinin hər kəsin konstitusion vəzifəsi olduğunu, sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinin vacibliyini vurğulayıb.  O deyib: «Vergi orqanlarının sərt nəzarət sistemi ilə sahibkarların fəaliyyətinə yersiz müdaxilələr arasında sərhəd müəyyənləşdirilməlidir». Hər bir vergi ödəyicisinin dövlət büdcəsinin təmin edilməsində rol oynadığını bildirən vergilər naziri, ilk növbədə, lüzumsuz yoxlamaların aparılmasına yol verilməməsini, kiçik və orta biznesin fəaliyyətinə müdaxilələrin minimuma endirilməsini və yaxın gələcəkdə tamamilə aradan qaldırılmasını, bütün yoxlamaların risk meyarlarına əsaslanmasını, yoxlamaların yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılmasının vacibliyini və əsassız tələblərin irəli sürülməsinin yolverilməzliyini iclas iştirakçılarının nəzərinə çatdırıb.. Qeyd edilib ki, ilk növbədə, yoxlamadan əvvəlki hazırlıq işlərinə xüsusi diqqət yetirilməli, vergidən yayınma risklərinin səviyyəsinin və  hüquqpozuntularının mövcudluğu faktları dəqiq araşdırıldıqdan sonra vergi yoxlamalarının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Bu həm sahibkarlıq subyektlərində nəticəsiz yoxlamalara yol verilməməsi, vergi ödəyicilərinin ciddi əsaslar olmadan yoxlanılmasının aradan qaldırılmasını, həm də vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə olunmasını təmin edəcəkdir. 
F.Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib ki, bu da obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcəkdir. Qeyd edilməlidir ki, cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olub.
F.Məmmədov bildirib ki, maliyyə əməliyyatlarının şaffalığının təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması məqsədilə müasir elektron ödəniş xidmətlərinin daha da genişləndirilməsinə dair ölkə başçısının tapşırığına uyğun olaraq, cari ilin 9 ayı ərzində 13 minə yaxın POS-terminal quraşdırılaraq onların ümumi sayı 85 minə çatdırılıb, elektron qaimə-fakturaların tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklərlə bağlı layihələr hazırlanaraq hökumətə təqdim edilib.

Tarix
28 Oktyabr 2015 [17:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin