Ana səhifə
20 Noyabr 2018

Ziya Məmmədov demişdi ki…

2011-ci ilin iyunun 6-da Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Avropa standartlarına cavab verən müasir avtomobillərin növbəti hissəsi paytaxta gətirildi. Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə məlumat verdi ki, paytaxt əhalisinə və Bakının qonaqlarına yüksək səviyyədə taksi xidmətinin göstərilməsi məqsədi ilə “Bakı Taksi” MMC və London Taksi şirkəti arasında nümayəndəlik müqaviləsi və 1000 ədəd TX4 markalı (London Taksi) taksi minik avtomobilinin alınmasına dair kontrakt imzalanıb. Bu modellər yalnız taksi məqsədləri üçün istehsal edilmiş avtomobildir. 

 

 

Qeyd edək ki, TX4 Avro-4 standartlarına cavab verir, 2 500 kubsantimetr həcmində dizel mühərriki ilə, 5 pilləli mexaniki sürət qutusu və hidravlik sükanla təchiz olunub.

 

Bu Bakıya gətirilən London taksilərinin keyfiyyətinə dair rəsmi məlumatlardır.  Və onu da bildirək ki, Londonda iki cür taksilər fəaliyyət göstərir: “Qara keb”lər və azbüdcəli “mini keb”lər. Bakıya gətirilən Londonun klassik simvolu sayılan “qara keb”lər deyil, azbüdcəli “mini keb”lərdir. Orada “qara keb”ləri istənilən sərnişin yalnız əlini qaldırmaqla saxlaya bilər. “Mini keb”lər isə əsasən sifariş verən müştərilərə xidmət göstərir.  

 

Əslində, “Bakı Taksi” MMC-nin rəhbərliyi “qara keb”ləri paytaxtımıza gətirməməkdə düz edib. Çünki bu taksilər yanacağı çox işlətdiyindən heç London sakinlərinin özlərinə sərfəli deyil. Məsələn, “qara keb”lərdə 5-6 kilometrlik məsafə bəzən sərnişinə 15 funta başa gəlir. Sərnişin Londonun mərkəzindən Hitrou aeroportuna “qara keb”lərlə gedərsə, onda 80 funta qədər xərci çıxacaq. Ona görə də Azərbaycana gətirilən “mini keb”lər sərnişinlər üçün sərfəlidir.

 

Ümumiyyətlə, Azərbaycanda London taksilərinin şütüməsi bu ölkənin inkişafından xəbər verir. Sadəcə, bəzi çatışmazlıqları aradan qaldırmaq lazımdır. Məsələn, London taksiləri Bakıya gətiriləndə “Bakı Taksi” MMC-dən məlumat verilmişdi ki, avtomobillərdə WI-FI fəaliyyət göstərəcək. İstənilən sərnişin taksiyə əyləşməklə rahat şəkildə internetdən istifadə edəcək. Lakin 3 ildən çoxdur ki, taksilərdə WI-FI yoxdur. Qeyd edək ki, Böyük Britaniyadakı keblərdə sərnişinlər internetdən rahat şəkildə istifadə edirlər. London keblərində sərnişinlərə göstərilən bəzi servis xidmətlərini nəzərinizə çatdıraq: həmin taksilərin əksəriyyətində pleer var. Hələ yeni modifikasiyalı London keblərindəki mini televizorları demirik. Yaxud sərnişinin enerjisi boşalan telefonu üçün adaptor taxılan guşə mövcuddur. Bundan başqa sərnişin gediş haqqını ödəyəndən sonra onlara bunun müqabilində çek təqdim edilir. Çek məsələsi çox vacib məsələdir. Bakı taksilərində bunlar mövcud olsa yaxşı olardı. Ola bilsin post terminal quraşdırılıb, amma sürücülər çek vermirlər. Həm də nəzərə alaq ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına təkcə azarkeşlər gəlməyəcək. Eləcə də müxtəlif telekanalları, qəzetləri təmsil edəcək jurnalistlər də paytaxtımıza təşrif buyuracaqlar. Onlar ezamiyyə xərclərinin nəyə sərf olunduğuna dair rəhbərlikləri qarşısında hesabat verəndə təbii ki, çeklər də mühasibatlığa təqdim ediləcək. Xarici jurnalist öz rəhbərliyi qarşısında “Bakıdakı London taksilərində çek verilmir” sözlərini necə deyib xərclənən pulun hesabatını verəcək, bax, bu qəliz məsələdir.  Qeyd edək ki, Böyük Britaniyada gediş haqqına görə çekin təqdim edilməsi məsələsinə çox ciddi yanaşılır. Hökumət hesab edir ki, bununla da vergidən yayınmanın qarşısı alınır, eləcə də bu sahədə şəffaflıq mühütü yaradılır.  

 

London taksilərinin dayanacaqları məsələsində irəliləyişlər olsa da, bu sahədə də işlər intensivləşməlidir.  Xatırlayırsınızsa, Bakıya gətirilən London taksilərinin təqdimatı zamanı nəqliyyat naziri Ziya Məmmədov məlumat vermişdi ki, “Bakı şəhərində 816 avtomobil tutumu olan 61 taksi dayanacağı pasportlaşdırılmış və dayanacaqların xəritəsi tərtib edilmişdir”. Məlumat 2011-ci ildə verilib. Çox maraqlıdır, dayanacaqların ayrılması nəzərdə tutulsa da, bəzi sürücülər hələ də yer üstündə dava salıb “sən mənim çörəyimə dəyirsən” prinsipi ilə işləyirlər. 

 

Və sonda. “Bakı Taksi” MMC-nin dispetçer xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üçün lazımi avadanlıqların alınması, eləcə də müştərilər üçün “9000” xidmətinin yaradılması, eləcə də sürücülərin uniformalarlarla təmin olunması təqdirəlayiq işlərdir. Sadəcə bəzi çatışmazlıqlar da aradan qaldırılarsa, Bakı şəhəri nəqliyyat xidmətinin keyfiyyətinə görə birincilik qazanan London şəhərini də üstələyər. Bunun üçün yuxarıda göstərdiyimiz servislərin təşkili yerinə yetirilərsə. Yeri gəlmişkən, təkrar edirik ki, çek məsələsi vacib məsələdir. Üstəlik, bəzi sürücülərə tapşırmaq lazımdır ki, paytaxta bələd olmayan sərnişini 3-4 “kruq” vurdurub həmin obyektə aparmaqla gündəlik planı bir nəfərin belindən çıxmasın. Sonuncu ifadə tək-tük halda aldadılan sərnişinlərin leksikonundan götürülüb.(Qafqazinfo.az)  

 

Tarix
27 Sentyabr 2014 [13:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin