Ana səhifə
14 Noyabr 2018

Kiçik və orta sahibkarlığa dəstək artır

Korrupsiya qarşı əsas metodlardan biri prosesin sadələşdirilməsidir və “ASAN Xidmət” bunun bariz nümunəsidir
«Regionlarda yaradılan iş yerləri, əlbəttə ki, ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına xidmət göstərir. Ancaq onu da qeyd etməliyəm ki, 9 ayda baxmayaraq, 67 min daimi iş yeri yaradılıb, 30 minə yaxın iş yeri bağlanıb. Bu da reallıqdır. Biz bu reallığı bilməliyik və burada ciddi təhlil aparılmalıdır ki, bu prosesin səbəbləri nədən ibarətdir. Əslində bu, təbii bir prosesdir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yeni iş yerləri açılır və bağlanır. Həmişə bizdə müsbət saldo müşahidə olunub, bu gün də belədir. Hətta böhranlı ildə 67 min daimi iş yerinin açılması böyük nəticədir. Yəni, əgər bağlanan iş yerlərini çıxsaq, 40 minə yaxın yeni iş yeri yaradılıb. Ancaq bununla bərabər, biz bağlanan bu iş yerlərinin təhlilini aparmalıyıq və bilməliyik ki, bu proseslər hansı səbəblər üzündən baş verir». Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib. Prezidentin çıxışından sonra  sahibkarlığın inkişafına mane olan səbəblər və onların aradan qaldırılması ilə bağlı ciddi addımların atılması gözlənilirdi. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Fuad Muradov Prezident İlham Əliyevin iclasda səsləndirdiyi fikirləri təqdirəlayiq hesab edib. O qeyd edib ki, sahibkarların tez-tez yoxlanılması bir çox məsələlərə mənfi təsirini göstərir: “Bəzi yoxlama qurumlarının orta və kiçik sahibkarlığa maneələr törətməsi dövlət büdcəsinə, insanların gündəlik həyatına təsirsiz ötüşmür. Bu cür yoxlamalar iş yerlərinin bağlanmasına gətirib çıxarır. Bu gün ən vacib məsələlərdən biri kiçik və orta sahibkarlığa dəstəkdir. Ona görə də Prezident İlham Əliyev iclasda bu istiqamətdə çox ciddi tapşırıqlar verdi və inanıram ki, müvafiq sturkturlar bundan çox ciddi nəticə çıxaracaqlar”.
Prezident İlham Əliyevin bütün çıxışlarında daima xalqı narahat edən məsələlərə xüsusi diqqət ayırdığını vurğulayan millət vəkili qeyd edib ki, dövlət başçısı Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda da cəmiyyətə mənfi təsir edən hadisələrdən danışdı, korrupsiya və rüşvətxorluğa qarşı tövsiyyələrini verdi: "Prezidentin təşəbbüsü ilə fəaliyyətə başlamış “ASAN Xidmət”in rüşvətxorluğa qarşı mübarizədə xüsusi yeri və çəkisi var. İnsanlara gündəlik həyatlarında lazım olan - normativ aktları özündə əks etdirən sənədlərin verilməsi sadə şəkildə həyata keçirilməlidir. Korrupsiya və rüşvətxorluğa qarşı əsas metodlardan biri prosesin sadələşdirilməsidir. “ASAN Xidmət” bunun bariz nümunəsidir”.
«Həm dövlət, həm də ictimai qurumların korrupsiyaya qarşı mübarizə işlərinə daha ciddi yanaşmaları lazımdır». Bu barədə isə Milli Məclisin deputatı Rövşən Rzayev deyib. R.Rzayev bildirib ki, bu qurumlar ictimaiyyətə gördükləri işlərin nəticəsini açıq şəkildə verməlidirlər. “Həmişə olduğu kimi, Prezident İlham Əliyevin tələbləri çox aydın şəkildə həm məmurlara, həm də ictimaiyyətə çatdırılıb. Düzdür, bu istiqamətdə işlər aparılır və nəticələr var. Bir tərəfdən Respublika Prokurorluğu yanında Korrpusiyaya Qarşı Mübarizə İdarəsi, digər tərəfdən ictimai qurumlar korrupsiyaya qarşı mübarizə üçün iş aparırlar. Bu işlər davam etdirilir. Görünür ki, buna daha ciddi yanaşmaq lazımdır”. Millət vəkili qeyd edib ki, korrupsiya hallarının aradan qaldırılması həm dövlət qurumları, həm də ictimaiyyətin marağında olmalıdır: “Təəssüflər olsun ki, bu, elə məsələdir ki, onunla mübarizə aparmaq o qədər asan məsələ deyil. Bütün qurumlar korrupsiyaya qarşı müabrizədə maraqlı olmalıdır”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zaman korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılmasının vacib olduğunu deyib: “Bununla yanaşı, sistem xarakterli tədbirlər, institusional islahatlar aparılmalıdır. Çünki inzibati və cəza tədbirləri bir çox hallarda səmərəsini vermir, müvəqqəti xarakter daşıyır. Ona görə, sistemli islahatlar davam etdirilməli, yeni təkliflər verilməli və əlbəttə ki, “ASAN xidmət”in təcrübəsi geniş tətbiq edilməlidir”. 
Son müşavirədə dövlət başçısı vurğulamışdı ki, sahibkarlarlığın inkişafına əngəl törədilməsi ilk növbədə dövlət siyasətinə ziddir və ölkənin inkişafına mane olan əsas amildir. Çünki bu cür yoxlamalar son nəticədə orta və kiçik sahibkarlığa maneələr törədir, iş yerlərinin bağlanmasına gətirib çıxarır. Hətta iş o yerə çatıb ki, yerli-yersiz yoxlamalar, cərimələrin tətbiq olunması və sahibkarlardan rüşvətin alınması son vaxtlar bir sıra mağazaların və gözəllik salonlarının bağlanmasına gətirib çıxarıb. Son günlər paytaxtın müxtəlif istiqamətlərində mağazaların üzərində bağlanırıq kimi elanlara rast gəlmək olar. Bu tip elanlar həm ərzaq məhsullarının satıldığı dükanların, həm də geyim əşyalarının satıldığı məkanların üzərində var. Səbəblərsə müxtəlifdir. Dünyada baş verən iqtisadi böhran getdikcə yerli sahibkarlara da təsir etməyə başlayıb. 
Satıcı Günay Salmanova deyir ki, iqtisadi böhran vəziyyətində satış yox səviyəsindədir, yoxlamalar da bir tərəfdən çətinlik yaradır. Satıcı xanımın vurğuladığı yoxlama məsələsindən əziyyət çəkən, məhz elə bu səbəbdən mağazasının qapısına kilid vuran sahibkarlar da az deyil. Mağazaların bağlanmasının əsas səbəblərindən biri kimi yersiz yoxlamaları da göstərirlər. Müxtəlif qurumlar tərəfindən göndərilən müfəttişlər və onların təyin etdikləri əsassız cərimələr sahibkarı bezdirib bazardan çıxarır. 
İqtisadçı Samir Əliyev deyir ki, son dövrlər müəyyən dövlət qurumları tərəfindən aparılan yoxlamaların sayında artım müşahidə olunur: “Məhz əsasız olaraq aparılan yoxlamaların kökündə təbii ki, əlavə vəsaitin qazanılması güdülür. Ümumilikdə isə ticarət obyektlərinin bağlanması gələcəkdə vergi yığımı zamanı bəzi problemlərin yaranmasına səbəb ola bilər”.
Sahibkarlığın inkişafına mane olan  neqativ halların qarşısını almaq üçün  artıq ciddi addımlar atılmağa başlayıb. 2015-ci oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub. Dünən layihə Milli Məclisdə müzakirə edilib.

 

Tarix
20 Oktyabr 2015 [16:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin