Ana səhifə
18 Noyabr 2018

Parlamentdə bələdiyyə qalmaqalı

Qalib salahzadə: «bütün deputatlar bilir ki, kim bələdiyyə sədri olacaq»

 

 

Kəlbəcərli girovlarla bağli etiraz; «saxta məhkəmə quranlarin üzərində gerçək məhkəmə qurulacaq»

 

 

Dünən Milli Məclisin payız sessiyasının üçüncü iclası baş tutub. Millət vəkilləri əvvəlcə cari məsələlərlə bağlı çıxış ediblər. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun sözlərinə görə, Ukraynada keçirilən parlament seçkilərinin mürəkkəbi qurumamış ABŞ elan edib ki, azad və ədalətli seçkilər keçirildi, biz çalışacağıq ki, Krım məsələsini Ukraynanın xeyrinə həll edək: “ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür, amma bu günə qədər deməyib ki, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edək. Amerika son 20 ildə Dağlıq Qarabağla bağlı belə bir bəyanat verməyib. Həm də bizdə keçirilən azad və ədalətli seçkiləri dünya ölkələri qəbul edib. Ancaq hansısa mərkəzlər, erməni lobbisinin hesabına bizdəki seçkilərin üzərinə kölgə salıblar. Məqsəd odur ki, münaqişə həll edilməsin. Təklif edirəm ki, parlament formatında müraciət etməliyik ki, ölkələrə eyni gözlə baxmaq lazımdır”.

 

«Orada məhkəmə qurulması saxta teatırdır»

 

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzazadə diqqəti bu ilin iyununda Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşlarına çəkib: «Girov götürülən şəxslərlə bağlı işğal edilən ərazilərdə məhkəmə qurulub. İşğal edilən ərazilərdə məhkəməninin qurulması saxta teatırdır. Erməni mətbuatı isə kirovların guya etiraf etməyi haqda fikirləri tirajlayırlar. ATƏT-in Minsk qrupu isə bu məsələdə susur. Ayrı-ayrı şəxslər haqda bəyanat verən həmsədr ölkələrin Xarici İşlər Nazirlikləri əsir götürülən iki vətəndaşımızla bağlı susurlar. Mən istərdim ki, onlar məsələyə münasibət bildirsinlər”. Deputat əlavə edib ki, oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşüb: “Görüşün nəticələri haqqında Fransa tərəfindən bəyanat da yayılıb. Ancaq bəyanatda bu saxta məhkəmə ilə bağlı fikir yer almayıb. Ümid edirəm ki, gələcəkdə bu saxta məhkəmə quranların üzərində gerçək məhkəmə qurulacaq”.

Deputat Fazil Mustafa da girov götürülən şəxslərin hüquq müstəvisində müdafiə edilməsi məsələsini qaldırıb: «Bəhruz Məmmədov adlı vəkil onların müdafiə olunmasını üzərinə götürüb. Bəlkə də biz Azərbaycan vəkilinin ora getməsinə qarşı ola bilərik. Ancaq biz Avropada və Rusiyada yaşayan şəxsin ora getməsinə çalışa bilərik. Məncə, bu onların səslərinin düqnyaya çatdırılması baxımından əhəmiyyətlidir”.

Deputat İqbal Ağazadə isə şəxsən özünün girovların məhkəməsində çıxış edib onlara vəkillik etməyə razı olduqlarını bildirib. Onun fikrincə, hansısa vəkilin gedib o prosesdə iştirak etməsindənsə deputatın qatılması daha yaxşı olardı.

Vitse-spiker Bahar Muradova isə bu fikrin əleyhinə çıxıb. Təklifi səmimi qəbul edən xanım deuptat bildirdi ki, heç bir halda bu məhkəməni tanıdığımızı isbatlayan addımlar ata bilmərik: «Mən qondarma bir qurumunun qondarma hüquq sisteminin təmsilçilərinin Azərbaycan vətəndaşlarının öz evlərinə getməsini ərazi bütövlüyünün pozulması, onlar üzərində məhkəmə prosesi qurması faktına etiraz etməyi düşünürəm. Bizim ümumi mövqeyimizə xələl gətirə biləcək fikirlər səsləndirməkdən uzaq olmalıyıq. Hər hansı hüquqşünas və deputat həmkarımızın belə o prosesdə iştirakını qeyri-məqbul sayıram. Bu, hüquqi mexanizm deyil, bu, Dağlıq Qarabağ rejimini tanımaq deməkdir. Qətiyyən orada iştirak etmək olmaz. Amma bizim hüquqşünaslarımız beynəlxalq hüquq müdafiə təşkilatlarını bu prosesə cəlb etməlidir».

Deputat Leyla Abdullayeva isə oğru dünyasının təbliğatından danışıb. Bildirib ki, ayrı-ayrı şəxslər sanki oğru həyatını təbliğ edir, onlar haqda kitablar yazılır, musiqilər bəslənir, sosial şəbəkələrdə səhifələr açılır: «Məncə, belə nəşrlərin, musiqilərin, kitabların azad formada yayılması pis nəticələrə gətirib çıxara bilər. Fikrimcə, buna İnzibati Xətalar Məcəlləsi vasitəsilə baxmaq olar. Bir çox ölkələrin təcrübəsi var. Orada film və kitablarla bağlı yaş məhdudiyyəti qoyulur. Düşünürəm ki, spirtli içkilər və tütün məmulatları ilə bağlı yaş senzi bizim üçün nümunə ola bilər».

 

Xanım deputata qəribə SMS

 

Millət vəkili Elmira Axundova isə yaz sessiyasında qaldırdığı məsələni yenidən gündəmə gətirib. Onun sözlərinə görə, problem elan xarakterli mesajların mobil telefonlar vasitəsilə insanlara göndərilməsidir. Bu zaman hətta insanları aldadırlar. Baku Medikal Sente bu yaxınlarda mənə mesaj göndərib. Onu oxusam sizdə gülərsiniz: «Diqqət! Bizdə doğuş 800 manat, qeysəri doğuş isə 1000 manatdır. Təsəvvür edin ki, bunu 70 yaşlı xanıma göndərirlər».

Deputat təklif edib ki, bu məsələ ilə bağlı hərəkətə keçilsin və problem həll edilsin: «Yaz sessiyasında bu məsələni qaldırmışdım. Milli Məclisin sədri ilə komitəyə göstəriş vermişdi ki, bununla bağlı hansısa addımlar atılsın. Amma məsələ olduğu kimi qalır».

Deputat Zahid Oruc bildirib ki, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin İdarəçilik Akademiyasındakı çıxışını müdafiə etmək məqsədilə çıxış edir: «Biz oturub müzakirə və təhlil etməliyik ki, nə üçün cənub zonasında qızlar təhsildən yayınıb. Eləcə də, şimal bölgəsində gənc oğlanların çoxu təhsildən yayınıb. Burada hansısa dini təsirlər olub. Düşünürəm ki, hər il ali təhsili bitirən gənclərin dövlət idarəçiliyində təmsil olunmamasına diqqət çəkməliyik. Azərbaycan dövləti problemləri həll etməlidir”.

 

 

Uşağı olmayan ailələlərə dövlət hesabına süni mayalanma

 

Millət vəkili Qənirə Paşayeva sonsuzluqladan əziyyət çəkən ailələrin problemlərindən danışıb. Deputat, onların xahiş və təkliflərini səsləndirərək bu ailələrə övlad sahibi ola bilmələri üçün dövlət dəstəyinin göstərilməsinin vacibliyini bildirib, bu istiqamətdə təcili işlərin həyata keçirilməsinə çağırıb. Nikaha daxil olan şəxslər arasında sonsuzluq probleminin 13%-ə çatdığını  deyən millət vəkili Q.Paşayeva parlamenti təcili olaraq bu cür ailələrə dəstəyi nəzərdə tutan reproduktiv sağlamlıq haqqında qanun layihəsinin müzakirə və qəbuluna çağırıb. O bildirib ki, mövcud qanun layihəsində 10 il müddətində sonsuzluq problemindən əziyyət çəkən ailələrə bir dəfə dövlətin maliyyə dəstəyi ilə pulsuz olaraq süni mayalanma əməliyyatının həyata keçirilməsi nəzərdə tutulub: «Əslində bu müddəti 10 ildən də aşağı salmaq lazımdır və sonsuzluqdan əziyyət çəkən ailələrə bir dəfə süni mayalanmanın dövlət vəsaiti hesabına həyata keçirilməsini nəzərə tutan bu qanunu təcili qəbul etmək lazımdır. Bu təklif reallaşsa cəmiyyətimiz üçün önəmli addım olardı və uzun illər sonsuzluqdan əziyyət çəkən və dağılmaqda olan ailələrin xilası demək olardı. Dövlətimizin bu gün bunu edəcək imkanları var. Hesab edirəm ki, qısa zamanda artıq bunu həyata keçirmək olar və biz bununla sonsuzuqdan əziyyət çəkən ailələrə ciddi kömək edə bilərik, bu səbəbdən dağılan ailələrin, boşanmaların sayı azalar və bu problemdən əziyyət çəkən ailələrdə yaşanan gərginliklər azalar».

 

 

Deputatdan qalmaqallı iddia: Bələdiyyələr kimin seçiləcəyini bilirik

 

Milli Məclisdə bələdiyyələrlə bağlı məsələnin müzakirəsində isə qalmaqallı iddialar səslənib. Deputat Qalib Salahzadə qarşıdan gələn bələdiyyə seçkisi barədə tənqidi fikir səsləndirib: «Onsuz da bilirik ki, kimlər bələdiyyə seçiləcək. Burada təəccüblü bir şey yoxdur. Bütün deputatlar da bilir ki, kim bələdiyyə sədri olacaq. Bir az cürətli danışdım, amma düz danışdım».

Lakin həmkarları Qalib Salahzadənin sözlərini mənfi qarşılayıblar. İlk olaraq Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ona cavab verib. O bildirib ki, bələdiyyələrə qarşı bu cür ifadələr işlətmək olmaz: “Biz onlara hüquqi qiymət verə bilmərik. Seçki keçirilsin və sonra kimin necə seçiləcəyinə hüquqi qiymət veriləcək».

Deputat Qudrət Həsənquliyev bildirib ki, ölkə ərazisində fəaliyyət göstərən 1700 bələdiyyənin hamısının Milli Məclisdə hesabat verməsi tələbinin qoyulması düzgün deyil: «Bunun tətbiqi praktiki baxımdan mümkün deyil». Deputat qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının bələdiyyələrin fəaliyyətinə xitam verməsi düzgün deyil: “Mərkəzi Seçki Komissiyasına elə bir səlahiyyət verilməyib ki, bələdiyyələrin fəaliyyətinə xitam versin. Bu qurumun statusunda da belə bir şey göstərilməyib. Mərkəzi Seçki Komissiyası Milli Məclisin qərarını ləğv edə bilməz».

Deputat Fazil Mustafa isə düşünür ki, bu dəyişiklik bələdiyyələrin fəaliyyətini məhdudlaşdıracaq: “Əksinə, imkan vermək lazımdır ki, bələdiyyələrin statusu genişlənsin”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə Fazil Mustafanın bu mövqeyinə etiraz edib. “Yaxşı olar ki, qanunun mahiyyətini başa düşəsiniz. Siz hüquqşünas kimi danışmırsınız. Bu dəyişiklik bələdiyyələrin fəaliyyətini genişləndirəcək».

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə deyilənlərə belə münasibət bildirib: «Azərbaycanda bələdiyyələrin inkişafına şərait yaradılıb. Elələri var ki, heç bələdiyyələrdən xəbəri yoxdur, amma ondan danışır. YAP bələdiyyə seçkilərinə yaxşı hazırlaşır. YAP-da bələdiyyə sədrliyinə namizədlik uğrunda qırğın gedir. Biz məcbur olub həmin şəxslərin bəzilərini partiyadan çıxarılacaqları ilə hədələyirik. Bu, ölkədə bələdiyyə seçkisinə olan marağın göstəricisidir. Kimsə deyir ki, guya bələdiyyə sədri olacaq adamlar artıq bəllidir. Bu fikir kökündən yanlışdır. Bunu o adamlar deyir ki, adamlarını bələdiyyə seçkisində namizəd kimi qeydiyyata aldıra bilmirlər”.

Sonda qanuna dəyişiklik qəbul edilib.

 

 

Elməddin MURADLI

Tarix
28 Oktyabr 2014 [18:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin