Ana səhifə
19 Noyabr 2018

Sahibkarların rahat işləməsinə imkan verilməlidir

Fəzail Ağamalı: «Yersiz yoxlamalar sahibkarlığın inkişafına maneələr yaradır”.

Bahar Muradova:  «Kiçik və orta sahibkarlığın kreditləşmə prosesini sürətləndirmək lazımdır”
«Sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət tələb, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır. O ki qaldı Dövlət Neft Fondundan ənənəvi transfertlərə, o transfertlər ancaq investisiya layihələrinə yönəlməlidir»,- Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib. Dövlət başçısı bildirib ki, mövcud vergidən azadolmalar və güzəştlər sisteminə yenidən baxılmalıdır: «Bu praktika bizdə var. Biz bu praktikanı yerli istehsalı stimullaşdırmaq, yeni müəssisələrin yaradılması və xaricdən gətirilən avadanlıqları burada quraşdırmaq üçün tətbiq etmişik. Hesab edirəm ki, bu işlərə artıq yenidən baxılmalıdır. İxracyönümlü qeyri-neft sektorunun inkişafı o cümlədən vergi mexanizmləri vasitəsilə stimullaşdırılmalıdır».
Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımların atılması da nəzərdə tutulur. Yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəldiyini deyən dövlət başçısı bildirib ki, yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. «Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyı»,- Prezident deyib.
Dövlət başçısının sözlərinə görə, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər: «Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər».
 Prezidentin bu çıxışı sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Onlar əmindir ki, bundan sonra yersiz müdaxilələrin. Qanunsuz yoxlamaların qarşısı alınacaq. Onlar ölkənin iqtisadiyyatının inkişafında daha önəmli rol oynayacaqlarına əmindilər. Sahibkarlar dövlət tərəfindən göstərilən  dəstək nəticəsində ixracatda da rollarının artacağına inanırlar. Bu isə xaricə daha keyfiyyətli, rəqabət qabiliyyətli məhsullar çıxarmağa imkan verəcək. Eyni zamanda bu sahədə qeyri-neft sektorunun ixracatda payının artmasına səbəb olacaq. Sahibkarlara dəstək həm də ölkəmizin tələbatının daxili mənbələr hesabına təminatında mühüm rol oynaya bilər. İndii konkret addımların atılmasının vaxtıdır. “Prezident İlham Əliyevin çağırışı artıq sondur. Bunun ardınca artıq konkret addımlar atılacağını düşünürəm”. Bunu  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluqla bağlı dediklərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sahibkarlığı boğan və sahibkarlığın inkişafına maneələr yaradanlar bilməlidir ki, artıq neftdən pul gəlmir: "Sahibkarlara süni maneələr yaradanlar anlamalıdır ki, Prezidentin dediyi kimi, ölkə büdcəsini doldurmağın yeganə mənbəyi sahibkarlığın inkişafıdır. Ona görə də düşünürəm ki, Prezidentin bu çağırışlarına əhəmiyyət verməyənlər dövlət başçısının sərt iradəsi ilə üzləşəcəklər. Çox güman ki, onlar öz vəzifələri ilə vidalaşacaqlar. Ölkə Prezidentinin bu çağırışlarına əhəmiyyət verməyən istənilən şəxs qanun qarşısında cavab verməlidir. O, təkcə vəzifəsindən uzaqlaşmalı deyil, yığdığı sərvət də araşdırmalıdır. Nəhayət, vəzifə başında olanlar bəlkə bundan sonra bu cəzalardan nəticə çıxara bildilər”.
F.Ağamalı Prezident İlham Əliyevin “ASAN xidmət” mərkəzləri ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub. O, qeyd edib ki, adıçəkilən qurumun korrupsiyanın qarşısının alınması istiqamətində çox böyük xidmətləri var: “Azərbaycan brendi hesab edilən “ASAN xidmət” Prezidentin birbaşa öz layihəsidir. Hesab edirəm ki, bu qurum korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasında çox önəmli rol oynadı. Amma təəssüflər olsun ki, hələ də korrupsiyanın kökü kəsilməyib. Ölkə Prezidentinin dediyi kimi, sahibkarlara təzyiqlər var. Sahibkarların rahat işləməsinə imkan verilmir, yersiz yoxlamalar aparılır. Bu da sahibkarlığın inkişafına maneələr yaradır”.
Bu arada Milli Məclisin sədr müavini Bahar Muradova da sahibkarlığın inkişafı ilə bağlı danışıb. “Milyonları sizin öhdənizə buraxırıq, ancaq orta təbəqə mövcud olmadan milyonları nə qazana, nə də qoruyub saxlaya bilərik. Ona görə də kiçik və orta sahibkarlığın inkişafı üçün kreditləşmə prosesini sürətləndirmək lazımdır”. Bu fikirləri Parlamentin plenar iclasında Milli Məclisin sədr müavini Bahar Muradova Mərkəzi Bankın rəhbərliyinə və hökumət üzvlərinə müraciət edərək deyib. Vitse-spiker eyni zamanda yeni investisiya layihələrinin başlanılmasına ehtiyac olmadığını vurğulayıb. O, regionlarda çoxlu sayda obyektlərin açılıb, bir neçə aydan sonra bir-birinin ardınca bağlandığını bildirib: “Arqument kimi manatın məzənnəsi, neftin qiyməti, dünyada gedən proseslər göstərilir. Bu, ümumi səbəblərdir. Amma burada başqa səbəblər də var. Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə yardımçı olmaq üçün onların uçotu aparılmalıdır. Ehtiyac yoxdur ki, yeni sahələr açılsın. Mövcud müəssisələrə yardım etməklə onların fəaliyyətini davam etdirmək olar. Buraxılmış səhvlər araşdırıla və etibarlı dövlət-biznes qurumları formalaşa bilər”.

Tarix
15 Oktyabr 2015 [16:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin