Ana səhifə
23 Sentyabr 2018

İqtisadiyyata bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub

Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir

«Azərbaycanda sənayeləşmə siyasəti uğurla icra edilir. Bir neçə il bundan əvvəl qarşıya qoyduğumuz vəzifə icra edilir. Çünki Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivləri sənaye istehsalı və kənd təsərrüfatı istehsalı ilə bağlı olacaqdır. Ona görə, qeyri-neft sənayesinin 10 faizdən çox artması, əlbəttə ki, bizi həm sevindirir, həm də daha da ruhlandırır. Biz bu yolla getməliyik və sənayenin inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görüləcəkdir». Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev  Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır. «Texnoparklar salınır. Bu da öz səmərəsini verir. Sumqayıt Kimya Sənaye Parkında 1 milyard dollar dəyərində sərmayə qoyuluşu gözlənilir. Artıq işlər başlayıb. Bizim bütün rayonlarımızda xüsusi sənaye zonaları yaradılmalıdır. Artıq pilot layihəsi həyata keçirilir, əminəm ki, uğurlu olacaq». 
Uğurların əldə olunması üçün nəqliyyat sektorunun inkişaf etdirilməsi də çox önəmlidir. Son illər ərzində bu sektora bəlkə də bütün infrastruktur layihələri arasında ən böyük vəsait ayrılıb. Bunu bizim coğrafi vəziyyətimiz diktə edir ki, burada – həm ölkə daxilində müasir nəqliyyat infrastrukturu yaradılmalı, həm də tranzit imkanlarımız genişlənməli, bizə daha da böyük həcmdə siyasi və iqtisadi dividentlər gətirməlidir. Nəqliyyat sektorunun gələcək inkişafıisə daha da düşünülmüş şəkildə olmalıdır. Bu gün yüklər uğrunda mübarizə gedir. Bu gün yeni tranzit marşrutları açılır. Bölgə ölkələri rəqabət aparır. Bu da təbiidir, o vaxta qədər ki, bu, sağlam rəqabətdir. Azərbaycan da burada passiv bir müşahidəçi olmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq. Ona görə, bu, çox ciddi məsələdir. «Onu qeyd etmək istəyirəm ki, bu il Azərbaycanın tranzit imkanlarını genişləndirmək üçün çox əlamətdar hadisələr baş verib. Avqust ayında Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana birinci konteyner qatarı gəlib. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə Azərbaycanın məsuliyyət daşıdığı hissəsi artıq istifadə üçün hazırdır. Bildiyimə görə, Türkiyə ərazisində son işlər aparılır. Verilən məlumata görə, gələn il Türkiyə ərazisində də bu xətt hazır olmalıdır. Belə olan halda bütün müvafiq qurumlar, əlbəttə ki, koordinasiya şəklində işləməlidir və bu xətt bizə çox böyük xeyir gətirəcək. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı çox yaxşı nəticələr var və bu da Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini daha da artıraca»,- dövlət başçısı deyib.
“Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı da 9 ayda çox gözəl, önəmli işlər görülüb, addımlar atılıb. Bu dəhliz ölkəmizin təşəbbüsü idi və artıq həm “Şahdəniz-2” yatağının işlənməsi, həm TANAP layihəsinin icrası istiqamətində ciddi praktiki addımlar atılır. Layihənin önəmli hissəsi olan TANAP, - Azərbaycan əsas səhmdardır və bütün məsuliyyət də bizim üzərimizdədir, - vaxtında - 2018-ci ildə istifadəyə verilsin. «Digər layihələrdə - “Şahdəniz-2” və TAP layihələrində Azərbaycan əlbəttə ki, səhmdardır, ancaq biz əsas səhmdar deyilik. Ona görə, əsas operator məsuliyyəti başqa qurumların üzərinə düşür. O ki qaldı TANAP layihəsinə, Azərbaycan orada əsas sahibkardır. Ona görə, bizim məsuliyyətimizdə olan bu layihə əminəm ki, vaxtında icra ediləcək»,-Prezident İlham Əliyev deyib.
Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. «Artıq ümumi daxili məhsulumuzun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Bu, çox gözəl göstəricidir. Ancaq o da həqiqətdir ki, biz ixracda, əlbəttə, başqa mənzərə ilə üzləşirik. Bu da yəqin ki, təbiidir, çünki bizim əsas ixrac məhsullarımız neft-qaz məhsullarıdır. Bununla bərabər, son illər ərzində biz daha çox daxili bazarı yerli məhsullarla təmin etməyə, idxaldan asılılığı azaltmağa çalışmışıq və demək olar ki, buna nail oluruq. Ona görə, bundan sonra çalışmalıyıq ki, qeyri-neft sektorunda istehsal edilən məhsullar rəqabətqabiliyyətli məhsullar olsun və biz ixracyönümlü siyasət aparmalıyıq». 
İdxaldan asılılığın minimuma endirmək üçün həm də kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində uğurlu  işlər görülür. Bu il “Kənd təsərrüfatı ili” elan edil məsçi də bu məqsədə xidmət edir. “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatı 6,7 faiz artıb. Ölkədə aparılan islahatlar, eyni zamanda, dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiyalar, texnika təminatı və bütövlükdə dövlət siyasəti bu vəziyyəti yaradıb. İri fermer təsərrüfatlarının yaradılması da, xüsusilə, taxılçılıq sahəsində, böyük dönüşə səbəb olub. «Kənd təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi sahədir. Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Burada artıq qeyd edildi ki, 30 iri fermer təsərrüfatı yaradılıb, 40 min hektar yeni torpaq sahəsi dövriyyəyə buraxılıb. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner məhsul götürülür. Bu, çox yüksək göstəricidir. Nəzərə alsaq ki, son illərə qədər bizdə orta məhsuldarlıq 25-26 sentner idi. Bu il isə orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Bu da rekord göstəricidir. Ona görə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün əlavə tədbirlər görüləcək. İndi yeni əkin sahələri dövriyyəyə buraxılacaq. Yaradılmış iki böyük su anbarının – Taxtakörpü və Şəmkirçay su anbarlarının hesabına on minlərlə hektar torpağa suyun verilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyi işləyir, biznes plan hazırlanır. Özəl qurumlar da buna maraq göstərsinlər. Yeni yaradılacaq əkin sahələrində məhsullar yetişdiriləcək və onların böyük hissəsi ixrac edilməlidir»,-Prezident İlham Əliyev deyib. 
Qeyd edək ki, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir. Bu da çox gözəl göstəricidir. Çünki bu gün dünyada maliyyə və likvidlik qıtlığı yaşanır. Bir çox ölkələr öz ölkələrinə daha çox investisiyalar cəlb etmək üçün çalışırlar və o cümlədən Azərbaycan. Biz də əsas vəsaitimizi ölkəmizə qoyuruq. Eyni zamanda, xarici investorlar üçün də Azərbaycan cəlbedici ölkə kimi tanınır. Biz çalışmalıyıq ki, investisiya iqlimini daha da yaxşılaşdıraq və bu sahədə əlavə tədbirlər görüləcəkdir. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 ayda 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. Əlbəttə ki, vergi bazası genişləndirilməlidir. Bunu hamımız yaxşı bilirik ki, imkanlar kifayət qədər genişdir. Sahibkarlar da vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. 

Tarix
14 Oktyabr 2015 [18:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin