Ana səhifə
25 Sentyabr 2018

Kooperasiya keyfiyyətli məhsul bolluğudur

 Kənd təsərrüfatı kooperasiyaları aqrar istehsalın artımına böyük töhfə verəcək

İnkişaf səviyyəsindən asılı olmayaraq hazırda dünyanın əksər ölkələrində kənd təsərrüfatı məhsullarının kollektiv surətdə istehsalı geniş yayılıb. Aqrar sektorda kollektiv istehsalın beynəlxalq təcrübədə özünü doğrultmuş əsas forması isə fermerlərin və kənd təsərrüfatı üzrə fəaliyyət göstərən sahibkarların bir araya gələrək formalaşdırdıqları kooperasiyalardır. Müasir anlamda kənd təsərrüfatı kooperasiyası məhsul istehsalından tutmuş onun emalına, saxlanmasına, bazara çıxarılaraq satışının təşkilinə qədər bütün məsələləri özündə ehtiva edən bir sistemdir.
Bəs kollektiv təsərrüfatın yaradılmasını zəruri edən səbəblər nədir? Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, iqtisad elmləri doktoru, professor Eldar Quliyev bu barədə deyib: «İlk növbədə təkbaşına yüksək səviyyədə kənd təsərrüfatı məhsulu istehsalına nail ola bilməyənlər və yaxud torpaqdan daha səmərəli istifadə edə bilməyənlər bu problemi həll etmək üçün bir araya gəlirlər. Başqa sözlə, məhsul istehsalında iqtisadi səmərəliliyi əldə etmək üçün fermerlər kollektiv əmək mexanizmindən istifadəyə üstünlük verirlər. Digər tərəfdən, məhsulun həm istehsalı, həm də emalı və ya bazara çıxarılması bir fermerin görəcəyi iş deyil. Bundan başqa, dünya ölkələrinin təcrübəsi də göstərir ki, fermerlərin sərəncamında torpaq sahəsi az olduqda həmin təsərrüfatlar rentabelli işləyə bilmir və onların bazar və ixracyönümlü məhsul istehsalını təşkil etmək potensialı yüksək olmur. Belə fermerlər könüllülük prinsipi əsasında aqrar mülkiyyətlərini - torpaqlarını, kənd təsərrüfatı texnikalarını və digər resurslarını kooperativ xüsusiyyət əsasında qurulan müəssisə çərçivəsində birləşdirərək səmərəliliyi artırmaq imkanına malik olurlar».
Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kooperativlər dünyada ilk dəfə olaraq XIX əsrin ikinci yarısında Avropa ölkələrində qurulu və sahibkarlığın inkişafında xüsusi rolu var. İlk növbədə aqrar sektorda iri sahibkarlıq subyektinin formalaşmasına səbəb olur və bu da onun rəqabət qabiliyyətli olmasını ortaya qoyur. «Hazırda Avropanın inkişaf etmiş ölkələrində, o cümlədən Yaponiyada istehsal edilən kənd təsərrüfatı məhsullarının böyük hissəsi kooperativlərin payına düşür. Hazırda aqrar sektorun geniş potensiala malik olduğu inkişaf etmiş Avropa ölkələrinin hamısında kənd təsərrüfatı kooperasiyası bir iqtisadi sistem kimi formalaşıb. Danimarka həm əhali sayına, həm də kənd təsərrüfatına yararlı torpaqların həcminə görə Azərbaycandan 2 dəfə, kənd təsərrüfatı sektorunda çalışanların sayına görə isə 13 dəfə geri qalır. Amma bu ölkənin aqrar istehsalının indiki həcmi Azərbaycandan iki dəfə böyük olan ölkənin kənd təsərrüfatı məhsullarını 100 faiz ödəməyə çatır. Bu ölkədə aqrar istehsalın 80 faizə qədəri ixraca yönəlir. Heç şübhəsiz, bu inkişafın əsas səbəblərindən biri son yüzillikdə aqrar sektorun tam kooperasiya münasibətlərinə keçididir. Belə ki, bu ölkədə mövcud olan 40 mindən artıq fermer təsərrüfatının hamısı istehlak kooperativlərində birləşib»,- Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, iqtisad elmləri doktoru, professor Eldar Quliyev deyib. Onun sözlərinə görə, kooperasiya sistemini sovetlər dönəmində mövcud olan kolxozlarla eyniləşdirmək olmaz. «Kolxozlar xüsusi mülkiyyətə əsaslanmırdı və administrativ qaydada formalaşmışdılar. Kolxozdan fərqli olaraq, azad bazar münasibətləri şəraitində fəaliyyət göstərən kooperativlər üzvlərin tam könüllüyünə və müstəqil sahibkarlığına əsaslanır. Yəni, fermer istədiyi vaxt əmlakını götürüb kooperasiyadan ayrıla da bilər, əmlakını və mülkiyyətini sata da. Digər özəl təsərrüfat subyektləri kimi kooperativlər və onun üzvlərini dövlətlə yalnız vergi öhdəlikləri bağlayır. Kooperasiyada nə sədr, nə mühasib, nə də digəri var. Burada yalnız iş görənlər - istehsalçı, emalçı, tədarükçü var,-Eldar Quliyev bildirib. Onun sözlərinə görə, hazırda inkişaf etmiş ölkələrdə kooperativ təsərrüfat anlayışı təkcə istehsal prosesini deyil, eyni zamanda məhsul istehsalından əvvəlki və sonrakı dönəmləri də əhatə edir. «Məsələn, fermerlər bir araya gələrək kollektiv təsərrüfat qururlar. Lakin əldə olan istehsal vasitələri lazımi səviyyədə deyil. Belə olan halda fermerlər texniki, maddi və maliyyə ehtiyaclarını təmin etmək üçün başqa təsərrüfatlara, yəni təchizatçı kooperativlərə müraciət edirlər. Bu kooperativlər fermerləri gübrə, yanacaq və texniki avadanlıqla təchiz edirlər. Kredit kooperativləri isə lazım olan maliyyə vəsaitinin təmininə imkan yaradırlar. Bununla yanaşı, istehsal olunan məhsulun satışı və ya istehlakçıya çatdırılması fəaliyyəti ilə məşğul olan marketinq kooperativləri də mövcuddur. Satışla məşğul olanlar məhsulların çeşidlənməsi, qablanması və satışı, xidmət üzrə ixtisaslaşanlar meliorasiya, veterinar, bitki mühafizəsi kimi xidmətlərin çatdırılması ilə məşğul olurlar»,- o deyib. Eldar Quliyevin sözlərinə görə, Azərbaycanda da aqrar sahədə fəaliyyət göstərən kooperativlər var. «Lakin bu, ölkəmizin inkişafda olan kənd təsərrüfatı sistemi üçün yetərli sayıla bilməz. Buna görə də hesab edirik ki, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvlərinin hazırladığı “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin qəbulu fermerləri kooperativ ittifaqlarda və beləliklə, səmərəliyi daha da artırmağa təşviq edə bilər». Bu kənd təsərrüfatı üçün yararlı torpaqların istifadəsiz qalmasının qarşısını da alar. Çünki kiçik torpaq sahəsinə sahib fermer bəzən həmin torpaq sahəsindən istifadə edə bilmir. İstifadə etsə də xərcləri kifayət qədər çox olur. Ona görə də kənd təsərrüfatı üçün yararlı olan kiçik torpaq sahələri bəzən istifadəsiz qalır. Aydındır ki, iri sahibkarlıq təsərrüfatları yaradılarkən beynəlxalq təcrübədən istifadə etmək vacidir. Bir müddət əvvəl Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Almaniyaya səfər edərək bu ölkənin kənd təsərrüfatı kooperasiyası sahəsindəki təcrübəsi ilə tanış olub. Hazırda Almaniyada 1,8 milyona qədər üzvü olan 2675 kənd təsərrüfatı kooperativ fəaliyyət göstərir. Könüllülük, sərbəstlik, fərdi məsuliyyət, demokratik nəzarət, özü-özünü idarəetmə prinsiplərini əldə əsas tutan alman kooperativ sistemi əsasən üç istiqamət üzrə formalaşmışdır: kənd təsərrüfatı kooperativləri, kredit kooperativləri və sənətkarlıq malları və xidmətləri kooperativləri.
Bu gün Avropada kooperasiya keyfiyyətli məhsul bolluğu, bazarlarda qiymətlərin süni bahalaşmasının qarşısını təbii yolla almaq deməkdir. Azərbaycanda da fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşmələri aqrar sahədə istehsalın və səmərəliyin artırılmasına böyük töhfələr verə bilər. Bu mənada kooperasiyaların yaradılması bütün hallarda həm dövlətin, həm də fermer və kəndlilərin marağına uyğundur.
 (ardı var)

Tarix
9 Oktyabr 2015 [18:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin