Ana səhifə
17 Noyabr 2018

Kənd təsərrüfatı kooperasiyaları aqrar istehsalın artımına böyük töhfə verir

Güclü sahibkarlıq subyektlərinin yaranması üçün kiçik fermer təsərrüfatları iri təsərrüfatlarda birləşməlidir

Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən biri də kənd təsərrüfatıdır. Bu sahədə iş qabiliyyəti olan əhalinin təqribən 37 faizi çalışır. Aqrar sektor həm də ölkənin ərzaq təhlükəsizliyinin təminatında önəmli rol oyünayır. Onun inkişafı prioritet sahə sayılır. Qeyd edək ki, aqrar islahatların Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkənin aqrar sahəsinin inkişafında həlledici rol oynayır. Azərbaycanda aqrar sahədə indiki inkişafın əsası isə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qoyuldu. Bu o dövr idi ki, aqrar sahədə əvvəlki istehsal və əmək münasibətləri pozulmuş, yeniləri formalaşmamışdı.
Bunun üçün dövlət başçısının rəhbərliyi ilə 1994-cü ildə geniş müzakirələr keçirildi, istiqamətlər müəyyənləşdirildi və ilk növbədə hüquqi baza yaradıldı. “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” qanunlar, daha sonra onların işlək mexanizminin tənzimlənməsi üçün bir sıra qaydalar, əsasnamələr və digər normativ-hüquqi aktlar qəbul olundu. Bu zaman qarşıda duran başlıca məqsəd planlı sosialist təsərrüfat sisteminin bazar iqtisadiyyatı ilə əvəz edilməsi, yeni mülkiyyət formalarının təşəkkül tapması və mülkiyyətçilərin yaradılması idi. İlkin mərhələdə torpaqdan və islahat aparılan təsərrüfatlara məxsus əmlakdan pay almaq hüququ olan subyektlər və onlara düşən paylar müəyyən olundu, mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədlər verildi. Təsərrüfatlarda islahat aparılaraq torpaq və əmlak bölüşdürüldü. Beləliklə, 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, kənddə aqrar islahatların, o cümlədən torpaq islahatının həyata keçirilməsi, xüsusilə kolxoz və sovxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın paylanması, məhsulun qiymətlərinin sərbəstləşdirilməsi, ərzaq və yeyinti məhsulları emal edən sənaye müəssisələrinin özəlləşdirilməsi və s. bu kimi tədbirlər aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərdi. Azərbaycan iqtisadiyyatının mühüm sahəsi olan aqrar-sənaye kompleksi və onun əsas bölməsi olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Torpaq öz sahibinə - kəndliyə verildi. Tədricən yeni dövrün tələblərinə uyğun olaraq torpaq üzərində yeni mülkiyyət formaları, yeni əmək münasibətləri formalaşdı. Bütün bunlar Konstitusiya ilə təsbit olundu.Bununla da kənd təsərrüfatı sahəsində sahibkarlar formalaşmağa başladı. Hazırda aqrar məhsulların 95 faizindən çoxu ev təsərrüfatlarında formalaşır. Bu sahənin indiki şəraitdə inkişaf etdirilməsi və güclü sahibkarlıq subyektlərinin yaranması üçün kiçik fermer təsərrüfatlarının iri təsərrüfatlarda birləşdirilməsi gündəmdə olan əsas məsələlərdən biridir. Çünki orta hesabla bir ev təsərrüfatına 1,5-2 hektar becərilən torpaq sahəsi düşür. Dünya ölkələrinin təcrübəsi isə belədir ki, sahibkarların sərəncamında 10-15 hektardan az torpaq olduqda onun təsərrüfatı rentabelli işləyə bilmir, bazar və ixrac yönümlü məhsul istehsalını təşkil potensialı aşağı olur. Deməli, aqrar sektorun hazırkı durumu kooperasiyalaşmanı zəruri edir. Mütəxəssislər bu fikirdədirlər ki, kooperasiyalaşma mexanizmi vasitəsi ilə sayı 800 minə çatan kiçik ölçülü ailə-kəndli təsərrüfatlarının konsalidasiyası son dərəcə vacibdir.

Xatırladılır ki, hazırda dünyada taxıl, ət və ya süd istehsalı üzrə ixtisaslaşmış, amma pərakəndə fəaliyyət göstərən xırda sahibkarlar əmlaklarını və maliyyə resurslarını kooperativ müəssisə çərçivəsində birləşdirirlər. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, əhalinin böyük bir hissəsi onlara verilən pay torpaqlarını əkib-becərə bilmir və ya torpaqdan lazımi qazanc götürmür: "Vəziyyətdən çıxış yolu kooperativlər yaratmaqdadır. Birinin torpağı, digərinin texnikası, başqa birinin isə pulu olar və güclərini bir yerə toplayıb təsərrüfat yaradarlar, qazanc götürərlər". Eldar İbrahimov vurğulayır ki, kooperasiya ilə bağlı qanunu ("Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun) hazırlamaqda məqsəd kiminsə torpağını əlindən almaq deyil. Torpaq Məcəlləsinin 73-cü maddəsində açıq şəkildə qeyd olunur ki, xüsusi mülkiyyətdə olan torpaqlar sahibkardan alınmır. O torpaqlar alına bilər ki, onlar bələdiyyəyə və yaxud dövlət mülkiyyətinə aid olsun. Yəni kooperasiya adı altında yenidən keçmiş kolxoz sistemi bərpa olunacaq və sair kimi iddiaların heç bir əsası yoxdur. Yeri gəlmişkən, hazırda xüsusi mülkiyyətə aid olan torpaqların sahəsi 1 milyon 671 min hektardır. Özü də bu torpaqlar əkinə yararlı, münbit torpaqlardır.
Kooperativlərə daxil olmaq və oradan çıxmaq isə könüllülük prinsipinə əsaslanır. Bu gün Azərbaycanda 200-dən artıq kənd təsərrüfatı kooperativi mövcuddur ki, onlar da 1996-cı ildə qəbul edilmiş və sonradan qüvvədən salınmış "Kooperasiya haqqında" qanuna və 1999-cu ildə qəbul edilmiş Mülki Məcəllənin müvafiq maddələrinə uyğun olaraq yaradılıb. E.İbrahimov deyir: "Söhbət ondan gedir ki, kooperasiya istehsalçıdan ta istehlakçıya qədər uzanan bir sistemdir. Məsələn, mən pomidor, soğan, kartof istehsal edirəm, amma istəyirəm ki, onu saxlayıb, qışda bir az baha satım.Bunlar isə iri təsərrüfat yaratmaqla mümkündür».
Aqrar sektorun geniş potensiala malik olduğu ölkələrin hamısı yüksək kooperasiyalaşma səviyyəsinə malikdir. Məsələn, Danimarka həm əhali sayına, həm də kənd təsərrüfatına yararlı torpaqların həcminə görə Azərbaycandan 2 dəfə, kənd təsərrüfatı sektorunda çalışanların sayına görə isə 13 dəfə geri qalır. Amma bu ölkənin aqrar istehsalının indiki həcmi Azərbaycandan iki dəfə böyük olan ölkənin kənd təsərrüfatı məhsullarını 100 faiz ödəməyə çatır. 
Danimarka aqrar məhsulların ixrac həcminə görə dünyanın 15 ölkəsi sırasında yer alır. Bu ölkədə aqrar istehsalın 80 faizə qədəri ixraca yönəlir. Bunun səbəbi -aqrar sektorun tam kooperasiya münasibətlərinə keçmiş olmasıdır. Ölkədə mövcud olan 40 mindən artıq fermer təsərrüfatının hamısı istehlak kooperativlərində birləşib. Kooperativlər əsasən süd və ət emalı üzrə ixtisaslaşıblar. Kooperativlərə üzv olan fermerlər öz məhsullarını məhz onların nəzdində fəaliyyət göstərən zavodlara satmaq öhdəliyinə malikdir. Bu həm də məhsulun fermerdən alınacağına dair təminat mexanizmi deməkdir. Bənzər misalları başqa ölkələrin timsalında da görmək olar
Milli Məclisin Aqrar siyasət komitəsinin  sədr müavini, iqtisad elmləri doktoru, professor Eldar Quliyev də hesab edir ki, kənd təsərrüfatı kooperasiyaları aqrar istehsalın artımına böyük töhfə verəcək. Onun sözlərinə görə,  ötən il aprelin 17-də Prezident İlham Əliyev “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmanda aqrar sahənin inkişafına xidmət edən mühüm məsələlər, o cümlədən kəndli-fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi qarşıya qoyulub. İnkişaf səviyyəsindən asılı olmayaraq hazırda dünyanın əksər ölkələrində kənd təsərrüfatı məhsullarının kollektiv surətdə istehsalı geniş yayılıb. Aqrar sektorda kollektiv istehsalın beynəlxalq təcrübədə özünü doğrultmuş əsas forması isə fermerlərin və kənd təsərrüfatı üzrə fəaliyyət göstərən sahibkarların bir araya gələrək formalaşdırdıqları kooperasiyalardır. Müasir anlamda kənd təsərrüfatı kooperasiyası məhsul istehsalından tutmuş onun emalına, saxlanmasına, bazara çıxarılaraq satışının təşkilinə qədər bütün məsələləri özündə ehtiva edən bir sistemdir.
(ardı var)

Tarix
8 Oktyabr 2015 [18:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin