Ana səhifə
22 Sentyabr 2018

Türkiyə baş nazirinin erməni müşaviri

 Ərəstun Oruclu: “Bunun Türkiyə üçün pozitiv effekti olmayacaq”

 

 

Hasan Oqtay: “Eten sözçü oldu deyə, Türkiyə ilə olan əlaqələr bir daha gözdən keçirilərsə bu, Azərbaycan üçün gələcək günlərin sıxıntılı keçəcəyini göstərir”

 

 

Erməni əsilli jurnalist və yazıçı Etyen Mahçupyanın Türkiyə baş nazirinin müşaviri təyin olunması faktı Azərbaycanın ictimai-siyasi kluarlarında müzakirəyə səbəb olub. Məsələyə “uman yerdən küsərlər” prinsipi ilə yanaşan ölkə ictimaiyyəti qardaş ölkənin bu addımını onun daxili işi hesab etsə də, mənəvi baxımdan düzgün hesab etmirlər.  Ekspertlər Azərbaycan ictimaiyyətini narahat edən bu kadr yeniliyində “erməniyə verilən üstünlüyü” qondarma erməni soyqırımının 100 illiyinə az vaxtın qalması ilə əlaqələndirirlər. Belə hesab edilir ki, Türkiyə hökumətinin bu addımının heç bir effekti olmyacaq.

 

 

                               Elçin Mirzəbəyli

 

 

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirdi ki, Mahçupyan  və onun çalışdığı qəzet, bütün köşə yazılarda həmişə Türkiyəni “soyqırımı” etiraf etməyə çağırıb. “Onlar hesab edirlər ki, ermənilərə hər hansı güzəşti verməklə qondarma soyqırımının 100 illiyi ilə bağlı həyata keçiriləcək bəzi tədbirlərin qarşısını alacaqlar. Amma tarix də sübuta yetirib ki, Ermənistanı, erməni diasporunu və bütövlükdə erməni xalqını belə məsələlərlə yola gətirmək, regionda  sülhə məcbur etmək, başqa ölkələrin ərazilərinə iddia etməkdən əl çəkdirməyə sövq etmək mümkün deyil”.

 E.Mirzəbəyli bildirdi ki, hakimiyyətdə olan AKP bundan öncə də olduğu kimi bu məsələdə də yanlışlığa yol verir.

 

 

                                                                Ərəstun Oruclu

 

Politoloq Ərəstun Oruclu isə Azərbaycanda məsələ ilə bağlı müşahidə olunan reaksiyanın çox neqativ olduğunu dedi. Bunu emmosional baxımdan anlaşılan hesab edən Ə.Oruclu, məsələnin  siyasiləşməsi ilə razılaşmadığını dedi. “Ona görə ki, bu Türkiyənin daxili işidir və bu ölkə heç də erməni təcavüzündən az ziyan çəkməyib. Güman eləmirəm ki, bir nəfər erməni müşavir Türkiyə baş nazirinin qərarlarına təsir göstərəcək”.

Politoloq bu təyinatın böyük ehtimalla qondarma soyqırımının 100 illiyi ilə əlaqədar olduğunu dedi. O, Türkiyə hökumətinin bu təyinatla ermənilərin aqressivliyinin qarşısını almağa çalışması ilə bağlı versiyanı daha ağlabatan hesab etdi.  “Bunun heç bir nəticəsi olmyacaq. Çünki Türkiyə indiyədək ermənilərə xeyli güzəştlər və təkliflər edib. Amma ermənilərin bu məsələdə mövqeyi dəyişməyib. Çünki burda söhbət erməni dövlətindən daha çox nüfuza malik olan erməni diasporasından gedir. Onun müxtəlif ölkələrdə, o cümləddn Qərb ölkələrində kifayət qədər lobbiçilik fəaliyyəti var. Türkiyəyə təsir edən amil də məhz budur. Bu gün Ermənistan dövlətinin Türkiyəyə təsiri sıfırdan aşağıdır. Görünür ki, bu da həmin lobbilərə təsir etmək üçün atılmış addımdır. Amma düşünürəm ki, bunun Türkiyə üçün pozitiv effekti olmayacaq. Bu, demək olar ki, heç nəyi dəyişməyəcək”.

Politoloq belə bir təyinatdan sonra ictimai rəydə Azərbaycan tərəfindən Türkiyəyə qarşı bir inamsızlıq hissinin yaranacağını istisna etmədi. O, eyni zamanda bu məsələnin Azərbaycan Türkiyə münasibətlərinə də hər hansı təsirinin ola biləcəyini inkar etdi. Bildirdi ki. bu gün Azərbaycan-Türkiyə münasibətlərində çox yüksək səviyyədədir.  

 

                                Hasan Oqtay 

 

Türkiyə Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Hasan Oqtay məsələyə münasibət bildirərkən dedi ki, Türkiyə vətəndaşı olan hər hansı bir şəxsin dövlət işində çalışması müzakirə mövzusu ola bilməz. O, bu mənada Etyen Mahcupyanın da yüksək vəzifəyə gətirlməsini mümkün saydı. Siyasi ekspert bildirdi ki, E. Mahcupyan özünü erməni kimi görsə də, o, bir katolikdir, yəni fransa ermənisidir. Onun sözlərinə görə, ermənilər Qriqoriyan dininə sitayiş etdikləri üçün katolik və ya protestan olanlar ermənilikdən çıxmış hesab olunurlar.

“Etyenin belə bir vəzifəyə təyin edilməsinin Azərbaycan ictimaiyyətində təpkilə qarşılanması müəyyən mənada normal qarşılna bilir. Lakin Türkiyə vətəndaşlığı olmayan Sevil Nuriyevanın da sözçü olaraq Davudoğlunun yanında işə götürməsi də göz önünə gətirilməlidir”.

H.Oqtay bildirdi ki, E.Mahcupyanın müşavir  seçilməsi Türkiyə üçün adi bir məsələdir. Onun sözlərinə görə, Azərbaycanın adi bir olayı bu dərəcədə şişirtməsi Türkiyə - Azərbaycan əlaqələrinə zədə vurarsa, biz Azərbaycanın haqq səsini dünyada qoruya bilmərik. Ermənistan məsələsində daha soyuqqanlı olmalıyıq. Hər iki ölkənin bir nümayəndəsi Davutoğlunun sözçüləridir. Bu, Türkiyə üçün bir zənginlik olub, ölkələrarası hüquq və əlaqələr müstəvisində önəmli bir hadisədir. Bu olay Türkiyəni gücləndirir, Azərbaycan da bu güc birliyindən istifadə etməlidir. Etyen sözçü oldu deyə, Türkiyə ilə olan əlaqələr yenidən gözdən keçirilərsə bu Azərbaycan üçün gələcək günlərin sıxıntılı keçəcəyini göstərir. Etyen her şeyden əvvəl Türkiyə Cumhuriyyətinin vətəndaşıdır, sonra katolıktir və bu mənada erməniliklə heç bir əlaqəsi yoxtur. Eyni zamanda Ermənistanda da Etyen Mahcupyanı zənn edildiyi qədər sevmirlər. Bu mənada Davutoğlu Avropaya bir mesaj verməkdən savayı zənn ediliyi kimi strateji bir həmlə etməyib”.

 

 

Tahirə Qafarlı

Tarix
28 Oktyabr 2014 [16:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin