Ana səhifə
17 Noyabr 2018

Qaradağda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktur var

Sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradılıb

Qaradağ Sənaye Parkı yaradılır. Bu park sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazidir. Qaradağ Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan prezidentinin fərmanı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) tərəfindən həyata keçirilir.
Qaradağ Sənaye Parkının fəaliyyəti üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində Bakı-Astara magistral yolunun 25-ci kilometrində yerləşən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 72 hektar torpaq sahəsi ayrılıb. Burada sahibkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılacaq. Sənaye parkı istifadəyə verildikdən sonra Qaradağ rayonu ölkənin əsas sənaye mərkəzlərindən birinə çevriləcək.
İnfrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində də Qaradağ rayonunda önəmli işlər görülüb. Dairəvi yolun tikintisi nəinki Bakı sakinlərinə, bütün ölkə vətəndaşlarına rahatlıq yaradıb. İndi bu yoldan bütün istiqamətlərdən gələn avtomaşınlar istifadə edir. Xocasən - Lökbatan avtomobil yolunun yenidən qurulması istiqamətində də işlər davam etdirilib. 
Qaradağ rayonunun iqtisadi potensialını artıran digər bir müəssisə isə Ələt qəsəbəsində tikilir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üç mərhələdə tikilir və onun tezliklə istifadəyə veriləcəyi bildirilir. Dəniz ticarət limanının fəaliyyətə başlaması nəticəsində, eyni zamanda, birinci mərhələdə 1400, sonrakı mərhələlərdə 3 min Azərbaycan vətəndaşı işlə təmin olunacaq. Bu, özlüyündə böyük sosial məsələlərin həlli deməkdir. Limanın isə iqtisadi inkişafa böyük təkan verəcəyi, Azərbaycanın etibarlı tərəfdaş kimi rolunu daha da artıracağı gözlənilir. O eyni zamanda region ölkələrinin tranzit potensialının artmasına, Azərbaycanın Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına xidmət edəcək.
 Xatırladaq ki, Qaradağ rayonu ərazisində hazırda 33-dən artıq iri müəssisə fəaliyyət göstərir. Kiçik və orta sahibkarlıq subyektlərinin sayı da sürətlə artır. Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditlər hesabına rayonda çörək zavodu, ət emalı müəssisəsi, müasir quşçuluq təsərrüfatı, kiçik istixana təsərrüfatları, daş karxanaları və s. tikilərək istifadəyə verilib. Bu müəssisələrdə isə minlərlə rayon sakini işləyir. Aydındır ki, rayonun bu sürətli inkişafı elektrik enerjisinə tələbatı artırır. Bu nəzərə alınaraq, böyük elektrik stansiyası tikilib istifadəyə verilib. Modul tipli Səngəçal elektrik stansiyasının istehsal gücü 300 meqavata bərabərdir. Yəni, bu, gələcəyə atılmış bir addımdır. Çünki burada yaradılacaq yeni sənaye müəssisələri əlavə elektrik enerjisi tələb edəcəkdir. Daha bir elektrik stansiyası isə neft-qaz kompleksinin tikintisi çərçivəsində istifadəyə veriləcək.  Bu il isə rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 4 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılıb, 1 yeni transformator məntəqəsi istifadəyə verilib, mövcud transformatorlara 485 kq yağ əlavə olunub, 9 min 146 metr müxtəlif diametrli kabel və hava xətləri çəkilib. 
Qaradağ rayonunun iqtisadi həyatında önəmli rol oynayan iri müəssisələrdən biri də "AAC" müasir tikinti materialları zavodudur. Onun tikintisində Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı 10 milyon manat güzəştli kreditdən istifadə olunub. Yüksək texnologiyalı bu müəssisə Qafqaz regionunda yalnız Azərbaycanda fəaliyyət göstərir. Zavodda emal və istehsal prosesində istifadə olunan texnika və avtomobillər də dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Burada da keyfiyyət və ekoloji təmizlik əsas götürülüb. Hazırda zavodda 130 nəfər işləyir. Onların orta aylıq əməkhaqqı 760 manatdır.
Ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olan gəmiqayırma zavodunun təməl daşı da Qaradağ rayonunda, Sahil qəsəbəsində qoyulub. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu yaxınlığında inşasına başlanılan və dəyəri 300-350 milyon dollar olan belə bir zavodun regionda yaranmasında əsas məqsəd Xəzər dənizi hövzəsində tələbat duyulan bütün növ gəmilərin istehsalıdır. Zavodun tikintisinin ilkin mərhələsində 1000, sonrakı mərhələlərdə isə 1700-2000 yeni iş yerinin açılması nəzərdə tutulub.
Qaradağ rayonunda önəmli müəssisələrdən biri də metanol zavodudur. Bu zavod nəinki respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri sayılır. Belə bir sənaye obyektinin işə düşməsi sahibkarlara dövlət maliyyə dəstəyinin güclənməsi hesabına olub. Sahibkarlığın inkişafı ilə bağlı dövlət dəstəyi də ciddi nəticələr verib. Təkcə ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qaradağ rayonunda 22 sahibkarlıq subyektinə 2,4 milyon manat güzəştli kredit ayrılıb. Bu da yeni iş yerlərinin yaradılmasına, biznes mühitinin təkmilləşməsinə ciddi kömək edib.
Qeyd edək ki, Qaradağ rayonunda Heydər Əliyev adına Dərin Özüllər Zavodu, qaz emalı zavodu və digər nəhəng müəssisələr artıq neçə vaxtdır sənaye flaqmanı kimi tanınır və beynəlxalq rəqabətdə layiqli yer tutur. Belə müəssisələrin keyfiyyətli iş əmsalı daha geniş meridianlarda tanınır, ölkə sənayesinin strukturca yeniləşməsinə əhəmiyyətli dərəcədə kömək edir. Bu gün Qaradağ rayonunda sənaye potensialının nəzərəçarpacaq dərəcədə güclənməsi ixrac imkanlarını da xeyli genişləndirib. Müasir və mütərəqqi texnologiyaların tətbiqi nəticəsində yeni sənaye şəhərcikləri yaradılıb. Bütün bunlar yeni iş yerlərinin yaradılmasına, büdcə gəlirlərinin artmasına əhəmiyyətli dərəcədə təsir edib. Yeni yaradılan sənaye şəhərciklərində infrastruktur layihələri də nəzərdən qaçırılmayıb. Bir sözlə, Qaradağda təzə yaradılan sənaye mərkəzlərində iqtisadi innovasiyalardan, eləcə də beynəlxalq inteqrasiyadan gen-bol istifadə olunur. Görülən işlər onu da sübut edir ki, rayon iqtisadiyyatının sənaye təməli üzərində qurulması üçün yeni mərhələ başlanıb. Başlıca hədəf isə milli iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndirməkdir. Ayrı-ayrı müəssisələr arasında genişlənən əlaqələr bu rəqabətin uğurlu sonluğundan xəbər verir.
 
«Biz müxtəlif istiqamətlərdə güclü sənaye potensialının yaradılması ilə məşğuluq. Hazırda biz ölkə miqyasında əlbəttə ki, Bakıdan sonra iki böyük sənaye mərkəzinin yaradılması ilə ciddi məşğuluq. Onlardan biri neft-kimya sənayesinin ənənəvi mərkəzi olan Sumqayıt şəhəridir. İkinci sənaye mərkəzi Qaradağ rayonu olmalıdır»,-Azərbaycan Prezidenti  İlham Əliyev deyib.
Qaradağ rayonunda yaradılan müəssisələr və tikilməkdə olan zavodlar isə rayonun iqtisadi gücünü artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin rifah halının yaxşılaşmasına, yoxsulluq səviyyəsinin aşağı düşməsinə xidmət edir. Rayonun iqtisadi inkişafı həm də orada yaşayanların sosial problemlərinin həllidir. Bir sözlə, Qaradağ rayonunun inkişafı artıq reallıqdır. Görülən işlər qəsəbələrin davamlı inkişafına, infrastrukturun yeniləşdiril¬məsinə səbəb olmaqla yanaşı, təbii və iqtisadi poten¬sial¬dan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluğunun artı¬rıl¬masına və yoxsulluq səviyyəsinin daha da azaldıl¬mas¬ı¬na təkan verib. 

Tarix
22 Sentyabr 2015 [20:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin