Ana səhifə
19 Sentyabr 2018

Qaradağ rayonunun güclü sənaye potensialı var

Güzəştli kreditlər sayəsində müxtəlif istehsal, emal və infrastruktur müəssisələri istifadəyə verilib
Azərbaycan iqtisadiyyatının bütün sahələrində uğurlar əldə edilib. Bu, Azərbaycanda bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsi, zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsi və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsidir. Bu uğurların əldə olunmasında Azərbaycanın güclü sənaye mərkəzlərindən birinə çevrilən Qaradağ rayonunun da öz payı var. Qaradağ rayonunun ərazisinin çox böyük olması və çoğrafi vəziyyəti buranı böyük sənaye mərkəzinə çevirmək üçün yaxşı imkanlar yaradır. Burada yaradılan müəssisələr və tikilməkdə olan zavodlar rayonun iqtisadi gücünü artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına, insanların həyat səviyyəsinin yaxşılaşmasına gətirib çıxarır. Rayon ərazisində yerləşən bəzi müəssisələr yalnız respublika deyil, həm də beynəlxalq əhəmiyyətə malikdir. Rayonun iqtisadi göstəriciləri də onun respublikanın aparıcı rayonlardan biri olduğunu  göstərir. Bu ilin ötən altı ayın yekunlarına əsasən rayon üzrə 322,3 milyon manatlıq sənaye məhsulu istehsal edilib. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 249,2 min ton xam neft və 202,4 milyon kub metr təbii qaz hasil olunub. Rayon üzrə 948 min ton sement, 54,1 min ton mişar daşı  istehsal edilib, rabitə xidmətlərinin həcmi 1 milyon 189,3 min manat olub. Pərakəndə əmtəə dövriyyəsi 1 milyard 435 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər isə 74,5 milyon manta təşkil edib. Qaradağ rayonunda fəaliyyət göstərən sahibkarlara verpilən güzəştli kreditlər sayəsində bu gün müasir texnologiyaların tətbiqinə əsaslanan müxtəlif istehsal, emal və infrastruktur müəssisələri tikilib istifadəyə verilib. Bu müəssisələrdən Qaradağ rayonunun Lökbatan qəsəbəsində mərmər istehsalı, Səngəçal şəhər tipli qəsəbədə qazobeton bloklar istehsalı və əhəng istehsalı zavodlarının və Sahil qəsəbəsində metal konstruksiya istehsalı zavodunu göstərmək olar. Onların maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 15,5 mln. manat güzəştli kredit verilib.
Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biri olan Səngəçal neft terminalı bu rayonun ərazisində yerləşir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub və genişləndirilmək imkanı var. Terminala neft və qazı texnoloji emal edən qurğular, Bakı-Tbilisi-Ceyhun boru kəmərinin birinci nasos stansiyası, Cənuubi Qafqaz boru kəmərinin kompressor stansiyası və digər qurğular daxildir. Dənizdəki qurğulardan terminala səkkiz müxtəlif boru kəməri daxil olur və terminaldan da səkkiz boru kəməri çıxır. Onlar müxtəlif marşrutlara istiqamətlənməklə yüksək keyfiyyətli Azərbaycan xam neftini və qazını dünya bazarlarına nəql edir. Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistandan daxil olan üçüncü tərəfə aid nefti də qəbul edir.
Qeyd edək ki,Səngəçal terminalı təxminən 550 hektar bir ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminal iki əsas hissədən ibarətdir: İlkin Neft Layihəsi (İNL) və Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP). Terminalın İNL hissəsi Xəzərdəki Çıraq dəniz yatağından hasil edilən nefti texnoloji emaldan keçirmək, anbarlarda toplamaq və ixrac etmək üçün inşa edilib. İNL terminalında hər birinin tutumu 25 500 barel olan 4 ədəd xam neft saxlama çəni var və terminal ildə 6 milyon tondan artıq xam nefti texnoloji emaldan keçirə, anbarlarda saxlaya və ixrac edə bilir.  Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP) terminalın bir hissəsidir və o, Azəri-Çıraq-Günəşli yatağının Azəri və Dərinsulu Günəşli hissələrindən hasil olunan nefti və Şahdəniz yatağından hasil edilən qazı qəbul etmək, anbarlarda saxlamaq və texnoloji emaldan keçirmək üçün genişləndirilib. Terminalda hər birinin tutumu 880 000 barel olan 3 xam neft çəni də daxil olmaqla bir sıra qurğular var. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 970 milyon standart kubfut və ya 27,4 milyon standart kubmetrdir, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kubmetr təşkil edir. 2015-ci ilin birinci yarım ilində terminal təqribən 154 milyon barel neft və kondensat, o cümlədən təqribən 135 milyon Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 16,3 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təqribən 2,2 milyon barel dəmir yolu vasitəsilə və 0,9 milyon barel kondensat ixrac kəməri vasitəsilə, ixrac edib. Birinci yarım ildə terminaldan həmçinin gündəlik orta hesabla 28,8 milyon standart kub metr (1 milyard 17 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilib. Bu terminal Qərbin enerji təhlükəsizliyində də önəmli rol oynayır. ABŞ Dövlət Departamenti Səngəçal terminali və Baki-Ceyhan neft kəmərini ABŞ-in milli təhlükəsizliyi üçün mühüm obyektlər siyahısına salıb. 
Bu gün rayon ərazisində qaz anbarları da ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Bu vaxtadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Qaradağ” və “Qalmaz” qaz anbarlarına ümumilikdə 1 milyard 466 milyon 218 min kubmetr qaz vurulub. Bunun da 680 milyon 422 min kubmetri “Qaradağ”, 785 milyon 796 min kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb. Mövsümün sonuna kimi anbarlara ümumilikdə daha 2 milyard kubmetr qazın vurulması proqnozlaşdırılır.
SOCAR-ın mətbuat xidmətindənbildirilib ki, Prezident İlham Əliyev tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədilə şirkətin qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə təxirə salınmadan və yüksək keyfiyyətlə yerinə yetirilir. Hazırda payız-qış mövsümü üçün “Qaradağ” və “Qalmaz” qaz anbarlarına təbii qazın vurulması uğurla davam etdirilir. Bu proses mövcud qrafikə uyğun olaraq apreldən başlanıb və cari ilin noyabrda başa çatdırılacaq.

Qeyd edək ki, ARDNŞ-in balansında olan köhnə neft emalı zavodları (Heydər Əliyev adına NEZ və "Azərneftyağ") və qaz emalı zavodunun avadanlıqları  köhnəldiyindən beynəlxalq standartlara uyğun qaz və neft məhsulları emalına imkan vermir. Hazırda Qaradağ rayonunda dəyəri 13-15 milyard dollar olan müasir texnologiyaya əsaslanan böyük neft-kimya kompleksinin yaradılması istiqamətində ciddi işlər görülür. Azərbaycan tarixində ən böyük investisiya layihəsi olan kompleks istifadəyə verildikdən sonra müasir tələblərə cavab verən məhsul emal etmək mümkün olacaq. Bu zavodların tikintisi isə 5-7 il müddətinə başa çatdırılacaq və Qaradağ rayonunun əhalisinin əksəriyyəti həmin zavolarda yeni texnologiyalarla çalışacaq. Ən müasir və mütərəqqi texnologiyaya malik yeni neft-kimya kompleksinin inşası təkcə neft-kimya sənayesinin deyil, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sahələrinin dinamik, sürətli inkişafına təkan verəcək.

Tarix
21 Sentyabr 2015 [20:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin