Ana səhifə
26 Sentyabr 2018

Millət vəkilini belə sındırdılar...

Ucnoqta.az” xəbər verir ki, "Qafqazinfo" Kitab Evinin oxucuları üçün Nəcib Fazil Qısakürəklə bağlı lətifələr və əhvalatları təqdim edir:

 

 

***

 

Qəzetlərin birində köşə yazıları yazan bir qadın məqaləsində İslam dini ələ salır deyə N.Fazil onun haqda tənqidi fikirlərini qələmə alır. Yazdığı tənqidi məqalədə həmin xanımı eşşək adlandırır. Qadın şəxsiyyətinin təhqir olunmasına görə N.Fazildən şikayət edir. Məhkəmədə hakim deyir ki, bu xanımı məqalənizdə eşşək adlandıraraq təhqir etmisiniz, yazınız da faktdır.  N.Fazil, “Belə yazmaq cinayətdirmi” deyə soruşur, hakim cavab verir:

 

– Əlbəttə, cinayətdir, amma üzr istəsəniz xanım şikayətçi olmayacaq. – Şair yenə sual verir:

 

– Hörmətli hakim, yaxşı bəs eşşəyə xanım demək də təhqir, cinayət hesab olunurmu? – Hakim sualdan çaş-baş qalıb təəccüblə deyir:

 

– Yox o təhqir deyil. – Şair gülə-gülə deyir:

 

– Onda bu xanımdan üzr istəyirəm.

 

***

 

N.Fazil tramvaya minib pəncərənin yanındakı oturacaqda əyləşir. Az sonra bir neçə nəfər kostyumlu adam gəlir. Onlardan bir deyir: “Ordan qalxın mən oturacam”.

 

N.Fazil soruşur:

 

– Niyə, sizin məndən hansı üstünlüyünüz var ki?

 

– Bəli, mən millət vəkiliyəm.

 

– Nolsun, mən də MİLLƏTƏM...

 

***

 

Məhkəmə zalında əsəbiləşən N.Fazil deyir:

 

–  Bu zaldakı adamların əlli faizi eşşəkdir. Hakim hirslənib tələb edir ki, o sözlərini geri götürsün. N.Fazil sözlərini guya geri götürür:

 

–  Bu zaldakı adamların əlli faizi eşşək deyil.

 

***

 

– Bir gün N.Fazilə sahildə rast gələn oxucusu “Sənin bütün mübarizən alqışa layiqdir, xidmətlərin qiymətlidir, amma bircə bu cəhətin olmaya” deyə onu tənqid edir. Nəcib Fazil gülümsünərək deyir:

 

– Bax boğazdan keçən o gəmini görürsənmi? Gör necə də möhtəşəm, rahat gəmidir, hə? Amma o cür ecazkar gəminin də tualeti var.

 

***

 

N.Fazil konfransda ad çəkmədən qəzetləri tənqid edirmiş. Ancaq elə açıq danışırmış ki, bu işlərlə lap uzaqdan maraqlananlar belə söhbətin hansı qəzetdən getdiyini bilirmiş. Amma bir nəfər şairin  sözünü kəsib soruşur:

 

– Hansı qəzet haqqında danışırsınız?

 

N.Fazil suala sualla cavab verir:

 

– Siz nəçisiniz?

 

–  Taxta-şalban ustasıyam.

 

– Məlumdur, otur.

 

***

 

N.Fazildən soruşurlar:

 

– Niyə bu qədər siqaret çəkirsiniz? – ustad cavab verir:

 

– Mənim üçün yanan yeganə varlıq siqaretdir.

 

***

 

Nazim Hikmət və N.Fazil Ramazan ayında maşında gedirlərmiş. Nazimdən fərqli olaraq N.Fazil oruc tutubmuş. Nazim dindar dostu N.Fazillə məzələnmək üçün yolun qırağında otlayan arıq inəyi göstərib deyir:

 

– Buna bax, gör oruc tutmaqdan nə hala qalıb.

 

Söz altında qalmayan N.Fazil, dostu Nazimin payını verir:

 

– Ay Nazim, sən bilmirsən ki, heyvanlar oruc tutmur?!

 

***

 

Bir tələbə N.Fazilə deyir:

 

– Müəllim, Allah dəvəni iynə deşiyindən keçirə bilərmi?

 

Ustad cavab verir:

 

– Keçirər, keçirər, amma nə iynəni böyüdər, nə dəvəni kiçildər – Bu boyda dünyanı sənin gözünə sıxışdıra bildiyi kimi keçirər.

 

***

 

Bir gün N.Fazil universitetlərin birində konfransa qatılır. Konfransda həmişəki kimi Din və Allah haqqında çıxış edir. Çıxışı başa çatandan sonra onunla əks dünya görüşündə olan bir professor N.Fazilə deyir:

 

– Siz əvvəllər fərqli məsələlərdən bəhs edərdiniz, indi o fikirlərinizə əks fikirlər irəli sürürsünüz. Bu nə deməkdir?

 

N.Fazil ona mələkləri də təəccübləndirəcək bir söz deyir:

 

– Mənim keçmişim zibillikdir, zibilliyi isə ancaq itlər qurdalayar.

 

***

 

N.Fazilin də içində olduğu təyyarədə Yeşilköy Hava Limanından qalxandan sonra bir az sonra qəza vəziyyəti yaranır və təyyarə limana qayıtmalı olur. Hava limanındakılar geri qayıdan sərnişinləri görüb təəccüblənir və N.Fazildən soruşurlar:

 

– Nə oldu, necə oldu belə tez eniş elədiniz?

 

Şair cavab verir:

 

–          Axirətə qəbul eləmədilər, geri qayıtdıq.

 

***

 

Məğlubiyyətdən, kürəyini yerə vurmaqdan zəhləsi gedən N.Fazilin şeirlərinin heyranı onun qatar stansiyasında əsəbi-əsəbi gəzindiyini görüb soruşur:

 

–  Nolub, ustad, qatara çata bilməmisən?

 

– Yox, qatarı qovmuşam, rədd olub.

 

***

 

Bir nəfər N.Fazildən soruşur:

 

–  Şəxsi maşınınız yoxdur?

 

- Var, amma ona ən axırda minəcəyəm.

 

***

 

Ustad çıxış edəndə bir gənc fransızca sual verir:

 

– Osmanlı imperialist deyildimi?  – N.Fazil cavab verir:

 

– Oğul, əgər Osmanlı imperialist olsaydı, indi bu sualı fransızca yox, türkcə soruşardın.

 

***

 

Bir gün tələbələrindən biri N.Fazilə deyir:

 

–          Ustad, bir yuxu görmüşəm, tütündən başqa bütün bitkilər ağaclar Allaha səcdə edirdi.

 

Ustad cavab verir:

 

–          Bəri verin o kafiri yandıraq.

 

***

 

N.Fazil kitab yazanda otağa girən  gənc bir yazıçı istehza ilə soruşur:

 

–          Ustad, otağında niyə kitab yoxdu. Sən heç kitab-zad oxumursan?

 

Ustad lazımı cavabı verir:

 

–          Sən heç süd içən inək görmüsən?

 

***

 

Nəcib Fazilin qatıldığı şeir müsabiqəsinin nəticələri bəlli olur, ancaq o nəticələrdən xəbərsiz imiş. Bir dostu hövlnak gəlib deyir:

 

– Ustad, müsabiqənin qalibləri bilindi. – N.Fazil tez dostundan soruşur:

 

– İkinci yeri kim tutdu?

 

Dostunun təəccübdən matı-qutu quruyur. Çünki birinci yeri N.Fazil tutubmuş.

 

 

 

Tərcümə edən: Fərid Hüseyn

 

Tarix
28 Oktyabr 2014 [11:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin