Ana səhifə
20 Noyabr 2018

Gədəbəydə sənaye müəssisələri müasir texnologiyalar əsasında qurulub

Bu müəssisələr xaricə məhsul ixrac edir

Gədəbəy rayonu kənd təsərrüfatı üzrə ixtisaslaşıb, əsasən kartofçuluq, heyvandarlıq, taxılçılıq və bağçılıq inkişaf edib. Burada kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, iri taxılçılıq, heyvandarlıq, yemçilik, arıçılıq və balıqçılıq təsərrüfatlarının yaradılması, mineral su istehsalının genişləndirilməsi, istixanaların yaradılması, meyvəçilik, turizm və s. sahələrin daha sürətlə inkişafı üçün böyük potensial var. Bunun üçün isə investisiya yatırılmalı, sahibkarlara güzəştli kreditlər verilməlidir. Hazırda bu istiqamətdə böyük işlər görülür. Məsələn, “Gədəbəy Mineral Suları” MMC mineral su istehsalında aparıcı sahibkarlıq təsərrüfatıdır. Müəssisə rəhbərliyi 2009-2010-cu il dövlət proqramı çərçivəsində Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 896 min manat kredit alıb və həmin vəsaitin hesabına da Gədəbəydə “Gədəbəy Mineral Suları” fabriki qurulub. Fabrikada istehsal edilən məhsul hazırda bütün ölkə bazarında təmsil olunur, həmçinin, müəyyən miqdarda da Rusiyaya irac edilir. Eyni zamanda, burada istehsal edilən məhsullar hazırda dövlət əhəmiyyətli tədbirlərdə qonaqlar üçün verilən suların sırasındadır. Bu məqamın özü də məhsulun bazarda söz sahibi olmasına çox böyük təsir edir. Təbii ki, müəssisə keyfiyyətli məhsul istehsal etməliydi ki, protokol səviyyəsinə yüksəlsin. Bunlar isə dövlətin sahibkarlığa və əlverişli biznes mühitinin yaranması üçün yaratdığı şəraitə görə mümkün olub. “Gədəbəy Mineral Suları” fabrikində 160 nəfərdən artıq vətəndaş işlə təmin olunub. Müəssisə rəhbərliyi bildirib ki, artıq dövlətə olan borc ödənilib. Daha sonra isə Avropa Yenidənqurma və İnkişaf Bankının təmsilçiləri Gədəbəyə gəlib, müəssisənin işi ilə tanış olduqdan sonra  investisiya krediti ayırıb. Avropa Bankının verdiyi kreditlə yeni fabrik tikilir.
 Qeyd edək ki,  fabriq qurulanda türk mütəxəssislərin təcrübəsindən yararlanıb.  Elə indi də şirkətin işinin təşkilində həmin mütəxəssislərdən biri fəal şəkildə iştirak edir. Müəssisə rəhbərliyindən bildirilib ki,  Gədəbəydə yeni su qaynağı tapılıb və artıq həmin ərazidə torpağı alınıb. Fabrik fərqli növlərdə və yeni markada məhsullar istehsalına başlayıb. Hazırda Gədəbəydə  15-dən çox tərkibdə mineral su növləri istehsal olunaraq satışa çıxarılır.
Qeyd edək ki, bu gün rayonda iş görmək istəyənlər üçün çox gözəl şərait var. İş görənlər iş görür, görməyənlər isə bəhanə axtarır. Bu baxımdan, “Gədəbəy Mineral Suları” MMC regionların inkişaf proqramının məntiqi nəticəsi kimi yaranmış bir şirkətdir və gələcəkdə öz məhsullarını xarici bazara çıxarıb rəqabət qabiliyyətli məhsul satmaq imkanına malikdir.
Gədəbəy həm də müxtəlif filizlə zəngindir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə il bundan əvvəl Gədəbəydə "Azerbaijan International Mining Company Limited" şirkətinin yeni zavodunun açılışında iştirak edib. Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir. Bu zavodda sulfidli filiz emal olunacaqdır ki, köhnə müəssisədə bu proses həyata keçirilə bilmirdi. Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azaldılıb. Bu məqsədlə anbar tikilib və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilib. Zavodda istifadə olunan texnologiyalar isə xaricdən gətirilib. Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının istehsalıdır. Köhnə zavodda çökdürmə prosesi açıq havada aparılırdısa, yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir. Yeni müəssisənin tikinti sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulub.
Bildirək ki, Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olub, dəfələrlə mis və nəcib metalların çıxarılması məqsədilə istismar edilib. 1864-1917-ci illərdə yataqda müvafiq qaydada dağ-mədən işləri aparılıb. Həmin dövrdə Almaniyanın "Siemens" şirkəti yataqda mis hasilatı ilə məşğul olub, təxminən 2 milyon ton filiz çıxarılıb. 1997-ci ildə Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti ilə ABŞ-ın "R.V. İnvestment Group Services LLC" şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filizi yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Layihə çərçivəsində ilk zavod 2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayıb.
Azərbaycan dünya bazarına mis və gümüş çıxarmaq imkanına da sahibdir. Bu barədə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Rza Vəziri məlumat verib. Elə bu məqsədlə Gədəbəydə mis zavodu fəaliyyət göstərir. 
Gədəbəydə fəaliyyət göstərən müəssisələrdən biri də  “Halal Qida” süd emalı zavodu, tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksidir. Kompleksin ümumi dəyəri 4,1 milyon manatdır və bu layihəyə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,8 milyon manat güzəştli kredit verilib. Tutumu 10 min ton olan soyuducu anbar kompleksi xaricdə istehsal olunan avadanlıqla təchiz edilib. Soyuducu anbar kompleksi Gədəbəy və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın təmin olunmasına imkan yaradır. Gündəlik istehsal gücü 5 ton olan kartof emalı sahəsi Hollandiya texnologiyası əsasında qurulub. Burada Gədəbəy və ətraf rayonlardan tədarük olunacaq kartofun yuyulması, çeşidlənməsi və son zamanlarda istehlakçıların yarımfabrikat məhsullara tələbatını nəzərə alaraq kartofun qabıqdan çıxarılaraq doğranmış formalarda vakuum qablaşdırılması həyata keçirilir. İstehsal olunacaq süd və kartof məhsulları daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac edilməsi nəzərdə tutulur. Müəssisənin xammal bazası yerli fermerlərdən tədarük olunacaq məhsullar hesabına təmin edilir. Bu layihələrin icrası nəticəsində 74 nəfər yeni iş yeri ilə təmin olunub.
Gündəlik istehsal gücü 10 ton olan süd emalı zavodunda yaradılan şərait də günün tələblərinə cavab verir. Müasir texnologiyalar əsasında qurulan süd emalı müəssisəsində ilkin olaraq pendir, qatıq, xama və digər süd məhsullarının istehsal olunur. Gələcəkdə İsveçrənin “Tetra Pak” şirkətinin müasir avadanlığı ilə təchiz edilməklə süd məhsullarının ekoloji təmiz qablaşdırılması və daha uzunmüddətli saxlanılması məqsədilə istehsal sahəsinin genişləndirilməsi planlaşdırılır. Burada istehsal olunan məhsullar “Gədəbəy” brendi adı altında buraxılır.
Qeyd edək ki, bu müəssisələr rayon sakinlərinin işlə təmin olunmasında, onların həyat şəraitinin yaxşılaşmasında önəmli rol oynayır.

Tarix
11 Sentyabr 2015 [17:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin