Ana səhifə
18 Noyabr 2018

Prezidentlər görüşdü

Qabil Hüseynli: “ Əsas məqsəd münaqişə tərəflərinin sülh prinsipinə sadiqliyinə nail olmaqdır»

Fikrət Sadıqov: “Belə şəraitdə Fransanın, ümumiyyətlə, Qərbin münaqişəyə hər hansı töhfə verəcəyinə ümid etmək olmaz”

Azərbaycan və Ermənistan prezidentləri dünən Parisdə bir araya gəldilər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılıb. Fransa prezidentinin təşəbbüsü ilə baş tutan danışıqlarda Fransua Olland əvvəlcə İlham Əliyev, daha sonra isə Serj Sarqsyanla görüşüb. Sonra görüşlər üçtərəfli formatda davam etdirilib. Üçtərəfli görüş Yelisey sarayında keçirilib. ATƏT-in Minsk qrupu həmsədrlərinin də prezidentlərin görüşü ilə bağlı Parisə çağırıldığı bildirilir. Görüşün yekununa dair birgə bəyanatın imzalanması da gözlənilir. Fransa prezidenti Fransua Olland prezidentlərin birgə bəyannamə imzalamasına nail olmağa cəhd göstərir.
Xatırladaq ki, 20 ildən çoxdur davam edən danışıqlar prosesi ərzində Azərbaycan və Ermənistan prezidentləri tərəfindən münaqişəyə dair imzalanan yeganə sənəd 2008-ci ilin payızında Moskvada imzalanmış Mayndroff bəyannaməsidir. Həmin vaxt Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə görüşən prezidentlər münaqişənin yalnız sülh yolu ilə nizamlanmasının vacibliyi, güc tətbiqindən çəkinməyə çağırışlar və tərəflər arasında etimadı artırmaq üçün humanitar mahiyyətli addımların atılması haqqında müddəaların yer aldığı birgə bəyannaməyə imza atmışdılar. Lakin Mayndroff bəyannaməsi münaqişənin nizamlanmasına dair razılaşmanın əldə olunmasına kömək etməyib. Ekspertlər Paris görüşü ilə bağlı müəyyən gözləntilərə ümid etməyi də sadəlöhvlük hesab edirlər.
Prezidentlərin görüşü ilə bağlı şərh verən politoloq Qabil Hüseynli bildirib ki, əgər Ermənistan 7 rayonu 5-6 ay ərzində qaytarılmasına razılıq verərsə, o zaman danışıqlardan müsbət irəliləyişlər gözləmək olar. Onun sözlərinə görə, bu görüşlərin əsas məqsədi münaqişə tərəflərinin sülh prinsipinə sadiqliyinə nail olmaqdır.
Politoloq Fikrət Sadıqov bu görüşdən müsbət nəticə gözləmədiyini dedi. O, bunu Fransanın münaqişəyə və Ermənistana münasibətinin bəlli olması ilə əlaqələndirdi. Onun sözlərinə görə, bu gün Fransa prezidentinin ətrafında kifayət qədər ermənipərəst qüvvələr var. Prezident Fransua Olandın 2015-ci ildə qondarma soyqırımın 100 illiyində iştirak etməyə razılıq verdiyini deyən F.Sadıqov belə şəraitdə Fransanın, ümumiyyətlə, Qərbin münaqişəyə hər hansı töhfə verəcəyinə ümid etmək olmaz.
Politoloq Ərəstun Oruclu isə bildirib ki, görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olsa da, təşəbbüskarların məqsədi məhz münaqişə tərəflərinə təsir gücünü artırmaqdır: Onun sözlərinə görə, qərbin niyyəti Azərbaycan və Ermənistana təsir gücünü artırmaq, Rusiyanın bu ölkələrə təsirini azaltmaqdır. Bununala yanaşı politoloq hesab edir ki, Gürcüstanın və Ukraynanın timsalında baş verən hadisələr Avropanın buna nail ola bilməyəcəyini göstərir.
Politoloq Rasim Ağayev prezidentlərin Paris görüşünün hər hansı bir nəticə ilə başa çata biləcəyinə ümidsiz yanaşdı. Onun sözlərinə görə, regionda özünün təsir gücünü artıran Rusiya, eləcə də ABŞ münaqişənin həlli ilə bağlı hər hansı bir ciddi irəliləyişə nail ola bilməyibsə, Fransa görüşündə də hər hansı bir nəticənin ola biləcəyinə ümid etmək yersizdir. Politoloq bundan əvvəlki Uels sammitini, daha sonra Soçidə keçirilən görüşlərə diqqət çəkərək bu danışıqlarda münaqişənin sülh yolu ilə həlli üçün hər hansı bazanın yaradılmadığını da dedi. Politoloq hesab edir ki, prezidentlərin görüşdürülməsi yalnız münaqişə tərəflərinin indiki vəziyyətlə barışaraq sülhə razı salmağa hesablanıb. Onun fikrincə, bu, Ermənistana sərf edən bir variantdır. Proseslər Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi istiqamətində hər hansı çabaların olmadığını da biruzə çıxarır. “Əgər prezidentlərin görüşü zamanı işğalçı Ermənistan qınanmadan sadəcə, vəziyyətin ağırlaşmamsı üçün atəşkəsin pozulmaması ilə bağlı razılıqdan danışılacaqsa, bu yanaşma bizi qane edə bilməz. İşğalçıya qarşı hər hansı təpkilərin həyata keçirilməsi məsələsi gündəmə çıxarılmayacaqsa, danışıqlar prosesində müsbət irəliləyişlərdən də danışmaq yersizdir”.
Politoloq Tofiq Abbasov da «Paris görüşü ilə əlaqədar ürəyaçan gözləntilər yersizdir» deyir. Onun szölərinə görə, bu “raundda” Qərb qütbünü təmsil edən Parislə Vaşinqton, Soçi görüşü ilə bağlı yaranmış natarazlığı düzəltməyə çalışacaqlar. “Yəni, üçlük çərçivəsindəki Qərb-Şərq çəkişməsində qeydə alınmış gərginlik daha heç kəs üçün sirr deyil. Odur ki, vasitəçilər arasında gedən rəqabətin problemin həllinə vurduğu zərbə də özünəməxsus əngələ çevrilib. Odur ki, Uelsdə NATO zirvə görüşündən sonra nisbi üstünlük Amerika-Fransa cütlüyünə keçib və indi qərbli vasitəçilər problemin həllində heç olmasa status-kvonu yaratmağa çalışırlar ki, bunun Qarabağ böhranının həllinə bir o qədər də əhəmiyyət və ya təsiri yoxdur”. Politoloq bu səbəbdən də Parisdə vacib nəticələrin əldə olunmasını bir qədər müəmmalı görür. “Lakin münaqişə tərəflərinin cari baxışları, müzakirə obyektlərinə münasibətlərinin açıqlanması baxımından ola bilsin ki, nəsə əldə edilsin”.

T.Qafarlı

Tarix
27 Oktyabr 2014 [18:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin