Ana səhifə
22 Sentyabr 2018

"Bu, bütün teatr kollektivinə çox bərk toxunub"

Bu gün xalq artisti, prezident mükafatçısı İlham Əsgərovun ölümündən üç gün ötür. Ailə üzvləri və sənət dostları onun qəbrini ziyarət etmək üçün Masallıya yollanıblar. Lakin hələ də sənətkarın itkisi ilə barışmırlar. Uzun illərdir İ. Əsgərovun tərəf müqabili olan, 30 ildən çoxdur dostluq edən xalq artisti Ramiz Məlik onun yerinin hər zaman görünəcəyini deyir. R. Məlik sentyabrın 18-də səhnəni İlham müəllimlə paylaşmayacağını ürək ağrısı ilə dilə gətirdi: “Ürəyimizdən qara qanlar axır. O cür oğlanı, o cür sənətkarı, o cür dostu, o cür mehriban bir insanı itirdik. Sentyabrın 18-də İlhamla “Qarabağnamə” tamaşasında tərəf müqabili olacaqdıq. O İbrahim xan, mən Cavad xan olacaqdım. Hər il İlhamla teatr mövsümünü “Qarabağnamə” tamaşası ilə açırdıq. Amma bu dəfə səhnəyə çıxmaq ona nəsib olmadı. İlhamın yoxluğu bizi çox yandırır. Heç bir şey deyə bilmədən sanki bir anda uçub getdi”.
 Xalq artistini daha çox təsirləndirənsə sənət yoldaşının son mənzilə layiqincə yola salınmamasıdır: “Bizi ən çox yandıran onunla vidalaşmamağımız oldu. Heç olmasa, bizə 2 saat yer ayrılmadı. Nə Akademik Milli Dram Teatrı, nə Teatr Xadimləri İttifaqı, nə də Rəşid Behbudov adına Mahnı Teatrında onu son mənzilə yola salmaq üçün yer ayrılmadı. İlham xalq artisti, dövlət mükafatçısıdır. İlhamın çox sayda pərəstişkarı, sevənləri var. Ayıb deyil? Onunla vidalaşa bilməməyimiz bizə çox böyük utanc gətirir. Bu, bütün teatr kollektivinə çox bərk toxunub. Mədəniyyət və Turizm Nazirliyi bunu etməli idi. Amma nazirliyin mətbuat katibi deyir ki, nazirliyin qərarlarına hörmət etmək lazımdır. Biz nəyə hörmət edək? Bakıda yer tapılmadı ki, Masallıya apardılar? Heç olmasa, ürəyimiz istəyəndə qəbrini ziyarət edə bilərdik. İlhamın həyat yoldaşı da bunu deyir, bütün camaat, bütün teatr sevərlər də. Mən İlhama çox deyirdim ki, özünə bax, hirslənmə, vaxtlı vaxtında dərmanlarını at. Əsəbiləşirdi, şəkəri qalxırdı. Nəticədə də insult oldu. Deyirlər ki, ürəyindən getdi. Xeyr! O əsəbiləşib və beyninə qan sızıb”.
 
İ. Əsgərovun sənət dostu, əməkdar artist Füzuli Hüseynov da onu ürək ağrısı ilə xatırlayır. F. Hüseynov sənətkarın səhhətində yaranan problemlərin teatrda baş verənlərlə bağlı olduğunu deyir. Əməkdar artist onun ruhunun yalnız teatrda yaranacaq sabitlikdən sonra şad olacağını bildirdi: “İlham çox abırlı insan idi. Biz zarafatyana onun yanında ədəbsiz söz danışanda o qızarırdı, utanırdı. O içində əsəbiləşirdi, heç vaxt büruzə vermirdi. İlhamın səsini biz heç vaxt hündürdən eşitməmişdik. Teatrda bizim adını çəkmək istəmədiyim mərəzimiz var. O gələndən sonra İlhamın səsi çıxmağa başladı. Onu güclə saxlayırdıq. Şəxsən mən bir neçə dəfə onu qucaqlayıb kənara çəkmişəm, demişəm ki, sənin şəkərin var, əsəbiləşmək olmaz. Həmin şəxs İlhamı o həddə çatdırmışdı. Həmin fərd  teatra gələndən sonra konkret olaraq dedi ki, - “mən kollektivin içində yeni bir kollektiv yaradacam və köhnələr bir-bir ölüb gedəcək”. O elə bilməsin ki, arzusuna çatdı. O teatrdan getməyənədək İlhamın ruhu şad olmayacaq. Biz həmin mərəzi teatrdan təmizləyəndən sonra teatrın varlığı, milliliyini qoruyan gənclərlə bərabər hamımız İlhamın qəbrinin üstünə gedib ruhunun şad olması üçün dua oxuyacağıq. Çox az qalıb. O elə bilməsin ki, hamımız öləcəyik. Deyirlər cadu-piti edir. Qoy etsin. Mən də ölə bilərəm. O elə bilməsin ki, bizi qırıb qurtaracaq. Çünki bizdən sonra gələn cavanlar var. Hətta mən ölsəm, bu mübarizəni qəbrimin içindən davam etdirəcəm. Başqa yol yoxdur. Allah ona rəhmət etsin. Hələlik “ruhu şad olsun” demirəm. Çünki biz gedib onun ruhunu şad edəcəyik”.
 İ. Əsgərovun həyatsevər olduğunu vurğulayan əməkdar artist onun səhhətində yaranan problemlərin birbaşa teatrdakı durum və teatrın direktoru ilə bağlı olduğunu iddia edir: “İlhamın ölümündə İsrafilin çox böyük günahı var. Çünki teatrda elə şərait, elə bir sistem yaratdı ki, insanlar bir-birinə düşmən oldu, dedi-qodu sistemi yaratdı. İlhamın da əsəbləri dözmədi. 2010-cu ilin qış ayında İlham infarkt keçirdi, ürək xəstəliyinə düçar oldu, şəkəri artdı. Yasamaldan işədək ayaqla gəlirdi, özünə baxan idi. Bu günlərdə  mən məzuniyyətdən qayıdanda təyyarənin təkərləri yerə enməmiş mənə zəng vurdu, zarafatlaşdıq. Səmimi, mehriban insan idi. Onun indi yaşamağa başlayacaq anları idi”.
 Əməkdar artist Sənubər İsgəndərli isə İ. Əsgərovla uzun illərdir eyni teatrda çalışmaları, dostluq etmələrinə baxmayaraq, tərəf müqabili olmadıqlarına təəssüflənir. Aktrisa da sənətkarın səhhətində yaranan problemlərin teatrla bağlı olması fikrindədir: “Bu sənətə atdığım ilk addımdan İlhamı tanıyıram. 1988-ci ildən Akademik Milli Dram Teatrına gələndən İlhamla kolleqayıq. Qəribəsi odur ki, bu illər ərzində bir dəfə də olsun biz onunla tərəf müqabili olmamışıq. Eyni tamaşada oynamışıq, amma obrazların yolları kəsişməyib. Onun bir zarafatı vardı, bizim salamlaşmağımız həmin zarafatla olurdu. Deyirdi ki, - “boyu boyumdan, soyu soyumdan olan Sənubər, indiyədək niyə biz bir yerdə oynamamışıq?” Rəhmətə getməmişdən 3 gün əvvəl gördüm, yenə də o cür salamlaşdıq görüşdük. Bu illər ərzində onun əsəbiləşdiyini yalnız teatrda baş verən son hadisələrdə gördüm. Mən onu ömür boyu elə görməmişdim. Bu da onun haqsızlığa dözməməyindən irəli gəlirdi. Bu 5 il ərzində xəstələndi. Nə oldu, bu 5 ildə oldu. Keçən il iclasda ilk dəfə idi onun haqsızlığa dözməyərək səsinin yüksəldiyini eşitdim. Ömründə, həyatım boyu onun səsinin yüksəldiyini, kiminsə üstünə qışqırdığını eşitməmişdim”.
 Akademik Milli Dram Teatrının gənc aktyorlarından olan Elnur Qədirov da həmkarlarının fikri ilə razılaşır. 2001-ci ildən -  teatra gəldiyi gündən İlham müəllimi hər zaman sakit, heç kimin işinə qarışmayan, təmkinli bir insan kimi tanıdığını deyən aktyor son illər onun xarakterinin dəyişdiyini deyir: “İsrafil İsrafilov teatrın direktoru olduğu vaxtdan İlham müəllim dəyişdi. 2010-cu ildə teatr təmirdə olduğu üçün biz “Mir” telekompaniyasında yerləşirdik. Orda İlham müəllim aktyorlarla bağlı nəsə oxudu, başladı qışqırmağa. İsrafil də otaqda idi, çıxmadı. Saat 11-dək gəlib qol çəkmək, gecikənə töhmət verməklə bağlı yersiz qərarlar verirdi. İlham müəllim çox əsəbiləşdi. İlk dəfə idi onu əsəbiləşən görürdüm. Üstündən 2-3 gün keçdi, infarkt oldu, xəstəxanaya yatırıldı. Hələ heç kim İsrafilə qarşı çıxmayanda, hamı onun dediklərini sakit qəbul edəndə İlham müəllim tək mübarizə aparırdı. İclaslarda ona qarşı iradlarını bildirirdi, səhv hərəkət etdiyini deyirdi. “Qarabağnamə”nin ictimai baxışı olmuşdu. İsrafil yenə hər zamankı kimi aktyorları aşağıladı. Premyeraya bir gün qalmış dedi ki, filan-filan şey səhvdir, başladı dramaturqun yazdığı sözləri dəyişməyə. 3 ay məşqdən sonra premyeraya bir gün qalmış tamaşanın sözlərini dəyişməyə onun ixtiyarı yox idi. İlyas Əfəndiyev kimi yazıçı, yəni dramaturqun əsərinə müdaxilə edib sözləri dəyişməyə direktorun ixtiyarı yoxdur. İlham müəllim də bunu iclasda dedi və mübahisə etdilər. Sonra bir neçə dəfə iclas oldu, yenə mübahisə etdilər. Növbəti dəfə 2014-cü ilin sonunda foyedə tədbir idi, İlham müəllimlə İsrafil möhkəm dava etdi. Hər dəfə bu insanın əsəbiləşməyinə İsrafil səbəb olurdu. Şəxsi problemləri qalmışdı bir kənarda, bütün gün teatrın problemlərini düşünürdü, İsrafillə mübarizə aparırdı. İsrafil aktyor oyunundan tutmuş hər şeyə müdaxilə edirdi. Deyir, “Azdramanın aktyorları turşdur”. O, heç vaxt  bizi bəyənməyib. Bəs, bəyənmədiyin yerdə necə oturmusan? İndi də biz səni bəyənmirik, çıx get, niyə qalmısan?”. lent.az

Tarix
9 Sentyabr 2015 [17:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin