Ana səhifə
15 Noyabr 2018

Taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 34 faiz yüksəkdir

Sahibkarlara 2,8 milyon manat dəyərində 6654.2 ton yüksək reproduksiyalı toxum verilib
Kənd təsərrüfatı  məhsulları istehsalçıları tərəfindən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın müddəalarına uyğun olaraq 2015-ci ilin  məhsulu üçün mühüm tədbirlər həyata keçirilib. Respublika üzrə 2015-ci ilin məhsulu üçün təmiz herik şumu da daxil olmaqla payızlıq əkinlər üçün 1016991 hektar sahədə şum qaldırılıb. 892253 hektarda dən və yaşıl yem üçün, o cümlədən 875686 hektarda dən üçün payızlıq bitkilər səpilib ki, onun da 537231 hektarını buğda, 338444 hektarını arpa təşkil edib.  Şum və səpin aparılması ciddi nəzarətə götürülüb, bəzi rayonlarda qərargahlar yaradılıb, ərazi kənd təsərrüfatı idarələrindən şum və səpinin gedişatı barədə gündəlik operativ məlumatlar toplanılıb və müvafiq təhlillər aparılıb. Bundan əlavə, sözügedən işlərin sürətləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə 2014-cü ilin oktyabr-noyabr aylarında Qobustan, Şamaxı, Qəbələ, Şəki, Samux, Göygöl, Tovuz, Goranboy və s. rayonlarda aidiyyəti qurumların, fermer və sahibkarların iştirakları ilə tədbirlər keçirilib. 

Payız tarla işlərində “Aqrolizinq” ASC və sahibkarlıq təsərrüfatlarındakı mövcud olan texnikalardan istifadə edilib, texniki təminatla bağlı heç bir problem olmayıb. Lakin bəzi bölgələrdə, xüsusən də dəmyə taxılçılıq rayonlarında ötən mövsüm məhsuldarlığın kəskin azalması və ya əkinlərin tamamən məhv olması nəticəsində maddi zərər çəkmiş sahibkarların toxum təminatında ciddi problemlər yaranıb. Rayonlardan toxum təminatı ilə bağlı yaranmış çətinliklər barədə daxil olmuş çoxsaylı müraciətlərlə əlaqədar ölkə başçısının göstərişinə əsasən Nazirlik tərəfindən görülmüş tədbirlər nəticəsində Qobustan, Şamaxı, Qəbələ və Şəki rayonlarının taxılçılarına dövlət vəsaiti hesabına 2850.0 min manat dəyərində 6654.2 ton yüksək reproduksiyalı toxum verilməsi təmin olunub. Səpin müddətində intensiv yağıntılar nəticəsində torpağın əkin qatında nəmlik kifayət qədər olub,  bununla yanaşı suvarma şəraitində becərilən sahələrin 152,0 min hektarı payızda suvarılıb.  Sahibkarlar tərəfindən taxılın məhsuldarlığını və keyfiyyətini yüksəltmək məqsədi ilə mineral gübrələrdən istifadə edilməsinə diqqət artıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq olunmuş “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydaları”na və Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarının icrasına uyğun olaraq satıcı təşkilatlar tərəfindən 2015-ci ilin məhsulu üçün payızlıq şum altına və səpinlə birlikdə verilməsi üçün 14066 nəfər sahibkara 120325 hektara görə güzəştlə 18081,9 ton mineral gübrələr satılıb ki, bu da dən üçün payızlıq taxıl əkinlərin 13,7 fıaizini təşkil edib.                
Ölkədə aparılan aqrar siyasətin bölgələrdə geniş təbliğ edilməsi, bitkiçilik məhsullarının becərmə texnologiyalarına əməl olunması, istehsalın artırılması, itkilərin qarşısının alınması, məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə regionlarda texniki, texnoloji, təşkilati və digər tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilənlərlə bağlı Bitkiçilik şöbəsində “2015-ci ildə bitkiçilik sahəsində bölgələrdə keçirilməsi nəzərdə tutulan tədbirlərin Təqvim Planı” və “Dənli və dənli paxlalı bitkilərin becərilməsinə dair 2015-ci il üçün Tədbirlər Planı” hazırlanmış və buna uyğun olaraq fevral ayından başlayaraq Bərdə, Şəki, Biləsuvar, Xaçmaz, Samux, Quba və Tərtər rayonlarında fermer və sahibkarların və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə “Yaz tarla işlərinə hazırlıq və məhsuldarlığın yüksəldilməsi üçün qarşıda duran vəzifələr”, “Yazlıq bitkilərin əkini, payızlıq sahələr və çoxillik əkmələrdə aqrotexniki qulluq işlərinin təşkili”, “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları”, “Təkrar əkinlərin əhəmiyyəti və tətbiqi” mövzularında respublika və regional müşavirələr keçirilib. Eyni zamanda, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində Qəbələ rayonunda “Tarla günləri”, və ya açıq hava sərgisi təşkil olunub. Aqrar sektordakı son yeniliklər və imkanları özündə əyani surətdə əks etdirən və bu inkişafı təbliğ etmək məqsədini daşıyan “Tarla günləri”ndə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar 6 ay (aprel-oktyabr) ərzində bu məqsədlə ayrılmış 10 hektar torpaq sahəsində bitkiçilik məhsullarının əkin və becərmə texnologiyalarını, qazanılmış nailiyyətləri, elmi-tədqiqat işlərinin nəticələrini, texnika, avadanlıq, gübrə, pestisid və digər potensial əməkdaşlıq imkanlarını nümayiş etdirəcəklər.
2015-ci ilin məhsulu üçün əkinlərin qəti uçotu haqqında DSK-nın məlumatına əsasən  sahibkarlar 26362 hektarda yazlıq dənli və dənli paxlalılar (qarğıdalısız), 36433 hektarda dən üçün qarğıdalı, 18778 hektarda pambıq, 10683 hektarda dən üçün günəbaxan, 1362 hektarda tütün, 60974 hektarda kartof, 77082 hektarda tərəvəz, 27847 hektarda bostan bitkiləri, 4922 hektarda emal üçün şəkər çuğunduru və 99545 hektarda yem bitkiləri əkilib. Cari ildə “Aqrolizinq” ASC və digər təşkilatlar tərəfindən torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 45736 ton mineral gübrələr satılıb, tətbiq edilən gübrələrin növlərinin seçilməsində, normaların müəyyənləşdirilməsində və vaxtında sahəyə verilməsində  istehsalçılara lazımi tövsiyələr verilib.
2015-ci ilin məhsulu üçün toxumçuluq subyektləri tərəfindən əkilmiş 56.5 min ha toxumluq taxıl sahəsində aprobasiya (Toxumluq əkinlərin sorttəmizliyinin, xəstəliyə yoluxmasının, ziyanvericilər tərəfindən zədələnməsinin və alaqlanma dərəcəsinin təyini)aparılıb və dövlət standartlarının tələblərinə cavab verməyən 15.4 min ha sahə toxum dövriyyəsindən çıxarılıb, qalan 41.1 min ha sahədə təmizləmə və biçin işləri aparılıb. “Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə” Əsasnamənin tələblərinə uyğun olaraq cari ilin 6 ayı ərzində 30 hüquqi və fiziki şəxs toxum istehsalçılarının reyestrinə daxil edilmiş və onlara müvafiq şəhadətnamə verilib. Artıq əksər bitkilərin yığımına başlanılmışdır. Dövlət Statistika Komitəsinin 2015-ci il  iyulun 6-sı vəziyyətinə operativ məlumatına əsasən 915212 hektar biçiləcək dənli və dənli paxlalıların (qarğıdalısız) 780932 (88.8 faiz) hektarı biçilmiş, hektardan 30.3 sentner olmaqla 2368900 ton taxıl, o cümlədən biçiləcək 539715  hektar buğda sahəsinin 425379 hektarı (78.8 faiz) biçilərək hektardan 31.7 sentner olmaqla 1349900 ton məhsul yığılıb. Cari mövsüm respublika tarixində ilk olaraq rekord (30 sen/hektardan yuxarı)  orta məhsuldarlıq göstəricisinə nail olunub. Qeyd edilən tarixə taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 34 faiz, o cümlədən buğda üzrə 33.8 faiz yüksəkdir.
01.07.2015-ci il tarixə  288663 ton kartof, 382930 ton tərəvəz, 37413 ton bostan, 93140 ton meyvə, 273.4 ton yaşıl çay yarpağı və 76.5 ton tütün məhsulu yığılıb. Kartof, tərəvəz, meyvə, yaşıl çay yarpağı və tütünün istehsal həcmi ötən illə müqayisədə müvafiq olaraq 10.7, 11.8, 2.6, 18.7 və 30.5 faiz artmış, bostan məhsulları istehsalında isə hələlik 15 faiz azalma müşahidə olunub. Yığım davam edir. 

Tarix
4 Sentyabr 2015 [16:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin