Ana səhifə
17 Noyabr 2018

Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünü tərk edə bilər

Vüqar Bayramov: “Bu təşəbbüsdən çıxmağımız heç bir halda arzuolunan deyil”

 

 

Azərbaycan hökuməti Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünü (MHŞT) tərk etmək fikrini nəzərdən keçirir. Bu haqda MHŞT üzrə Hökumət Komissiyasının sədri, Azərbaycan Dövlət neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun  MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin Azərbaycan üzrə qəbul etdiyi qərara dair bəyanatında bildirilir.

 

Hökumət Komissiyası sədrinin bəyanatında qeyd olunur ki, Azərbaycan MHŞT-yə 2003-cü ildən qoşulub. Yaradıldığı vaxtda MHŞT mədən sənayesindən əldə edilən gəlirlər barədə şəffaflığın təmin edilməsi məqsədini daşıyırdı. Bu məqsədə uyğun olaraq Azərbaycanda mədən hasilatından əldə edilən gəlirlər üzrə hesabatlar dərc edilmiş, gəlirlər üzrə tam şəffaflığa nail olunmuş, bütün məlumatlar vətəndaşlara açıqlanıb. Ölkədə prosesə rəhbərlik QHT Koalisiyasının da daxil olduğu MHŞT üzrə Çoxtərəfli Qrup tərəfindən həyata keçirilir.

 

Məlumatda vurğulanır ki, son bir neçə ildir ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyəti səviyyəsində MHŞT-nin mandatının dəyişdirilməsinə cəhdlər başlanılıb. Təəssüflə qeyd edilməlidir ki, MHŞT-nin ilkin məqsədi unudulmaq üzrədir. O  insan hüquqları və ya daha dəqiq desək QHT-lərin hüquqlarının qorunmasını təmin edən təşkilat təsəvvürü yaratmağa başlayıb. Son illər ərzində MHŞT barədə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatlarda, nüfuzlu media orqanları tərəfindən dərc olunan məqalələrdə yalnız QHT-lərin mövqeyi əks etdirilib, şəffaflıq məsələləri kənarda qalıb, Təşəbbüsün əsas mandatı unudulub.

 

2003-cü ildə Təşəbbüsə qoşularkən Azərbaycan hökumətinin əsas məqsədi ölkə vətəndaşları üçün mədən hasilatından əldə edilən gəlirlər üzrə tam şəffaflığın təmin edilməsi olub. Bu gün isə Azərbaycan müxtəlif ikili standartlara xidmət edən təşkilatlar tərəfindən tənqid edilir. MHŞT-nin növbəti bu cür təşkilata çevrilməsi yolverilməzdir. Azərbaycan hər hansı Azərbaycan hüdudlarından kənar bir qurum qarşısında hesabat vermək, onun əsas mandatına uyğun olmayan tənqidlərini dinləmək üçün bu Təşəbbüsə qoşulmayıb.

 

Bəynatda vurğulanır ki, bununla bağlı təzyiqlərə Azərbaycan hökumətinin dözmək fikri yoxdur. Bütün bunları nəzərə alaraq Azərbaycan hökuməti MHŞT-ni tərk etmək məsələsini nəzərdən keçirəcək. Bütün digər MHŞT üzvü olan ölkələrə də narahatlığını çatdıracaq.

Ş.Mövsumov bəyanatını onunla yekunlaşdırır ki, “Azərbaycan MHŞT daxilində və ya ondan kənarda hər zaman olduğu kimi öz vətəndaşları üçün mədən hasilatından əldə etdiyi gəlirlər barədə şəffaflığın təmin edilməsi sahəsində fəaliyyətini davam etdirəcək.

 

Bu məsələyə münasibət bildirən iqtisadçı alim Vüqar Bayramov “Üç nöqtə”yə açıqlamasında qeyd etdi ki, Azərbaycan MHŞT-yə ilk qoşulan pioner ölkələrdən biridir və praktik olaraq bu sahədə hökumət, QHT, biznes qurumlar arasinda əlaqələr baxımından kifayət qədər müsbət təcrübəyə malikdir: “Hətta zaman-zaman digər ölkələrdən Azərbaycana səfər edərək, buradakı mövcud təcrübəni öyrənib, digər ölkələrdə tətbiq etməyə çalışıblar”.

Onun sözlərinə görə, Azərbaycanın bu təşəbbüsdən çıxması heç bir halda arzuolunan deyil: “Düşünmürəm hökumətdə bunda maraqlıdır. Çünki MHŞT-yə qoşulması üçün ən yüksək səviyyədə siyasi iradə ortaya qoyulub. Bunun da nəticəsi o olub ki, Azərbaycan həmin koalisiyada aparıcı ölkələrdən olub. Müəyyən çətinliklərin olması təbiidir. Nəzərə alaq ki, bu koalisiya çoxtərəfli qrupdur, bu qrupda 3 tərəf olaraq şirkətlər, Azərbaycan hökumətinin təmsilçisi fonunda Dövlət Neft Fondu və QHT-lər təmsil olunur. İldə bir dəfə keçirilən yığıncaqlarında tərəflər özlərini maraqlandıran məsələləri qaldırmaqla yanaşı, həllinə çalışırlar”.

V.Bayramov deyir ki, mövcud problemlərin, tərəflər arasında yaranan anlaşılmazlıqların müzakirə yolu ilə aradan qaldırılması daha məqsədəuyğundur: “İstənilən normal inkişaf etmiş ölkələrdə belə, çoxtərəfli qruplar arasında bu problemlər olur. Bu gün mövcud çətinliklər fonunda Azərbaycanın hökumət, şirkət, QHT olaraq birlik formasında MHTŞ-dən çıxması önəmli deyil. Olduqca vacib məqamlardan biri tərəflərin dialoqu davam etdirməsinə nail olmaq lazımdır. Çünki yenə deyirəm ki, Azərbaycan bu qrupda əhəmiyyətli ölkələrdəndir, bu təşəbüsdə başqa ölkənin inkişafına töhvə vermiş ölkədir, o zaman şəbəkədə qalması, fəaliyyətini davam etdirməsi arzuolunandır”.

 

Müstəqil olaraq vəziyyəti qiymətləndirən ekspert qeyd etdi ki, tərəflər arasında hər hansı ciddi problem yoxdur: “Bu gün əslində anlaşılmazlıq ondan ibarətdir ki, koalisiyaya üzv QHT-lərin hesabları dondurulub. Bu da təbii ki, həmin QHT-lərin fəaliyyətində çətinliklər yaradıb. Bu bir mənalı olaraq 3 tərəf arasında ciddi problemin olması anlamına gəlmir. Hazırda çoxtərəfli görüş davam etdirilir. Əsas odur ki, bu görüşlərin keçirilməsində, hesabatlılığın artırılmasında hər hansı problem yoxdur. əminəm ki, vətəndaş cəmiyyəti institutlarındakı araşdırmalar başa çatdırıldıqdan sonra uzunmüddət əməkdaşlıq davam etdiriləcək”.

 

 

Əfsun

 

Tarix
27 Oktyabr 2014 [23:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin