Ana səhifə
13 Noyabr 2018

«Mən onu Üzeyir Hacıbəyli ilə bir sırada görürəm»

Zümrüd Dadaşzadə: «Bəlkə də çox yaşasaydı Azərbaycanda ilk simfoniyanın müəllifi olardı»

 

 

Azərbaycan musiqi tarixində ilk romansların, uşaq musiqi repertuarının əsasını qoymuş bəstəkar Asəf Zeynalının ölümündən 82 il ötür. 23 yaşında vəfat etməsinə baxmayaraq bir çox ilklərə imza atan bəstəkar C.Cabbarlının “Sevil”, “Qayıdış”, S.Rüstəmin “Alov”, A.Həmidin “Hind qızı”, V.Kirşonun “Küləklər şəhəri” və bu kimi bir çox məhşur əsərlərə musiqi bəstələyib. O, Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) professional təhsil almış ilk Azərbaycan bəstəkarıdır. Bu barədə “Üç nöqtə”yə danışan əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə bildirdi ki, Asəf Zeynallı çox böyük istedada malik, olduqca nurlu, xalq naminə böyük xidmət göstərmək istəyən bir insan olub: “Mən onu Üzeyir Hacıbəyli ilə bir sırada görürəm. Üzeyir bəy onun məsləkdaşı və sirdaşı idi. Üzeyir bəy ona xüsusi rəğbət bəsləyirdi, gələcəyinə çox inanırdı. Asəf Zeynallı fəaliyyətə əvvəlcə bir ifaçı kimi başlayıb. Bir çox alətlərdə də ifa edirdi. Hətta biz onu öz aramızda “insan orkestr” adlandırırıq. Asəf Zeynallı gələcəkdə böyük bir orkestr üçün gözəl əsərlər də yarada bilərdi. Çox qısa ömür yaşadı. Amma buna baxmayaraq, sənətdə bir çox ilklərə imza atdı. İlk romanslar, instrumental və ilk simfonik əsərlər yazdı. Onun bir yaradıcı insan kimi formalaşmasında Üzeyir bəyin böyük xidməti var. O, Üzeyir bəyin tövsiyyəsi ilə bəstəkarlıq fakültəsində oxuyub. Üzeyir Hacıbəylinin 1921-ci ildə yaratdığı Azərbaycan Dövlət Konservatoriyasının ilk məzunlarından biri olub. Beləliklə, Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir bəyin sinfində öyrənib».

 

Əməkdar incəsənət xadimi dedi ki, Asəf Zeynallının fəaliyyəti çox çətin dövrə düşüb: “O zaman köhnə əlifba, çadra ilə yanaşı milli musiqi alətləri  və aşıq sənətini arxivə təhvil vermək kimi şüarlar səslənirdi. Belə bir dövrdə Asəf Zeynallı belə bir düzgün mövqe götürdü və məqalələrində bildirir ki,  “Avropa texnikasını mənimsəməklə yanaşı muğamat da olmalıdır. Bu zəmində gələcək musiqi mədəniyyətimizi qurmalıyıq”. Bu onun tezisi idi. Tarı muğamatın bütün xüsusiyyətlərini ifa etmək üçün ən yararlı alət hesab edirdi. Tarı məhv etmək musiqi mədəniyyətimizə zərbə olar. Bu nöqteyi-nəzərdən, Üzeyir bəylə onun mövqeyi üst-üstə düşür. Bu, onun cavan olmasına baxmayaraq uzaqgörənliyinə və müdrikliyinə dəlalət edirdi”.

 

Z.Dadaşzadə bu gün muğam sənətinin yüksəlişində bir çox sənətkarlarla yanaşı Asəf Zeynallının da  böyük xidməti olduğunu vurğuladı: “Onun bir çox əsərləri, romansları var. İlk uşaq pyeslərini yazıb. O əsərlərində sözə qarşı çox diqqətli olub. Sözü musiqi ilə qanadlandıra bilib. Məsələn “Seyran”, “Çadra”, “Səhəki” və.s kimi romansların adını çəkirəm. Onun Cəfər Cabbarlının sözlərinə “Ölkəm” adlı romansı var. Yalnız onu da yazsaydı Asəf Zeynallı Azərbaycan musiqi tarixində iz qoymuş olardı. Çünki bu romans vətənə məhəbbət haqqında çox lirik boyalarla bəstələnmiş bir əsərdir. Hətta mən deyərdim ki, uşaq gözü ilə vətəni seyr edən insanın vətən haqqında məhhəbət nəğməsidir. Bu romans müğənnilərin və estrada ifaçılarının da repertuarında var. Orada çox gözəl hislər, musiqi boyaları var. Əlbəttə ki, bu romans musiqi tariximizdə xüsusi yer tutur”.

 

Musiqişünas onu da dedi ki, Asəf Zeynalı teatr üçün də çalışıb: “Tamaşalara musiqi bəstələyirdi. Çox dünyagörüşlü bir adam idi. Universitetdə şərqşünaslıq fakültəsini bitirib. Onun yaradıcılığında humanitar və musiqi təhsili cəmlənib. Onun  əsas arzusu simfoniya yaratmaq idi. Amma tamamlaya bilmədi. O əsərlərdən parçalar qalıb. Bəlkə də çox yaşasaydı Azərbaycanda ilk simfoniyanın müəllifi olardı. O hesab edirdi ki, simfoniya dövrü əks etdirən sənət olmalıdır. Arzusu  həyata keçmədi. Amma ayrı-ayrı parçaları bu günə gəlib çatıb. Onun Azərbaycan folklorunun toplanmasında da xidməti var. Musiqilərin nota alınmasında gələcək nəsillərə çatdırılmasında da çox planları vardı”.

Tarix
27 Oktyabr 2014 [16:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin