Ana səhifə
20 Sentyabr 2018

Zərdabda heyvandarlığın inkişafına dəstək artır

Bu məqsədilə sahibkarlara  60 min manat güzəştli kreditlər verilib 

 

 

Azərbaycan iqtisadiyyatında mühüm rolu olan sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti yaradılıb. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı daim dövlətin diqqətindədir. Son illər bu sahədə çox böyük irəliləyiş əldə edildiyini, sahibkarlıqla məşğul olmaq üçün prosedur qaydalarının tamamilə sadələşdirildiyini vurğulayan dövlətimizin başçısı İlham Əliyev bildirib ki, "Bir pəncərə" prinsipinin tətbiqi bu sahədə demək olar ki, böyük dönüşdur: "... və deyə bilərəm ki dövlət tərəfindən və Prezident tərəfindən sahibkarlığın inkişafına çox böyük dəstək var".

Bu dəstəyin nəticəsidir ki,  Azərbaycanın özəl sektoru öz məhsulları ilə nəinki daxili bazarı təmin edir, eyni zamanda bu məhsulların ixrac potensialı da ilbəil artır. Azərbaycan məhsulları dünya standartları səviyyəsindədir və beynəlxalq sertifikatlara malikdir. Emal müəssisələrinin fəaliyyəti də genişlənir. Bu gün ölkəmizdə bölgənin ən böyük emal müəssisələri var və yeniləri də yaradılır. Azərbaycanın tələbatını tam ödəməklə, xarici ölkələrə də məhsul ixrac edir. Ölkənin iqtisadi uğurlarında Zərdab rayonun da öz payı var. 2015-ci ilin birinci rübündə rayon iqtisadiyyatının əsas sahələrində 13 milyon 484 min 300 manatlıq məhsul istehsal edilib. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında da inkişaf və irəliləyiş davam edib. Son beş ildə Zərdabda əkin dövriyyəsinə cəlb olunan torpaq sahələrinin həcmi, kənd təsərrüfatında bitkiçilik məhsullarının istehsalı və məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb. Əkin sahələrinə mineral və üzvü gübrələrin verilməsi, növbəli əkinin aparılması və optimal müddətlərdə suvarma suyunun verilməsi, dövlət tərəfindən taxıl istehsalçılarına göstərilən dəstək davam edir.  2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 3083 istehsalçıya 317744 manat yardım verilib. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 426 nəfər məhsul istehsalçısına 120,6 min manat dəyərində 396,5 ton güzəştli şərtlərlə mineral gübrə satılıb.

“Aqrolizinq” ASC-nin müasir infrastruktura, ofis binasına, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalara, gübrə anbarına və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik Zərdab rayon aqroservis filialı 58 ədəd, o cümlədən 19 ədəd taxılyığan kombayn, 11 ədəd traktor və 28 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilir. Bundan əlavə 140 ədəd, o cümlədən 3 ədəd taxılyığan kombayn, 52 ədəd traktor və 85 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib.

 Texnikadan səmərəli istifadə edilməsi nəticəsində məhsuldarlıq xeyli artıb. Aqrar sektorda məhsul istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə torpaqların münbitliyinin bərpası, sudan səmərəli istifadənin təmin olunması, suvarma sisteminin bərpası və inkişafı, rayonun suvarma suyundan qismən korluq çəkən ayrı-ayrı kəndlərində yeni nasos stansiyalarının quraşdırılması, kanalların çəkilməsı və bərpası tədbirləri sahibkarlara vaxtında əkin sahələrini suvarmağa imkan verib. Bu da öz nəticələrini verib. Əsasən aqrar rayon olan Zərdabda 2015 ilin məhsulu üçün 16730 ha sahədə payızlıq taxıl əkilib. Lazımi aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində bol taxıl məhsulu yetişib. Taxıl biçini başa çatdırılmış  6365 hektar sahədən 17042 ton arpa ,10365 hektar sahədən isə 32808 ton buğda, ümumilikdə rayon üzrə 16730 hektar sahədən 49850 ton taxıl istehsal olunub, hər hektardan məhsuldarlıq 29.8  sentner təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən məhsul istehsalı 118 ton, məhsuldarlıq 2,2 sentner artıb.

Mal-qaranın və davarların sayı artıb, heyvandarlıq məhsulları istehsalında dinamik artım təmin edilib. Köhnə yonca əkini sahələri ilə yanaşı, yeni yonca əkini sahələri də yaradılıb. Həmçinin fermer təsərrüfatlarının sayı artaraq 44-ə çatıb. Rayonda heyvandarlığın inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 60,0 min manat məbləğində güzəştli kreditlər verilib.  Rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən sahibkarlara məxsus 450 baş inək və düyə süni mayalandırılıb və 280 baş sağlam bala alınıb. 2015-ci ilin 6 ayı ərzində rayondakı təsərrüfatlarda qarayara xəstəliyinə qarşı 52950 baş iri buynuzlu, 114124 baş xırdabuynuzlu, 894 baş təkdırnaqlı heyvanlarda, Nodulyar dermatit xəstəliyinə qarşı 39054 baş iri buynuzlu heyvanda profilaktik peyvəndləmələr aparılmışdır. Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 12773 baş iri buynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib, nəticədə 10 baş iri buynuzlu heyvanın xəstə olduğu aşkar edilib. Xəstə heyvanlar bruselyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatdan çıxarılıb. Bu isə sahibkarlıq təsərrüfatlarında heyvanlar arasında xəstəliyin yayılmasının qarşısını alıb.

Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına verilən güzəştli kreditlərin həcmi də hər il artır.  Ötən il Zərdam və ətraf rayonlardan olan 56 sahibkara 18,7 milyon  manat güzəştli kredit verilib. Bu il isə Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zərdab rayonunda (Aran iqtisadi rayonu) prioritet hesab edilən sahələr üzrə investisiya lahiyihələrinin qəbuluna başlayıb. Sahibkarlıq subyektlərindən prioritet hesab edilən sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün ixtisaslaşdırılmış "yaşıl market"in, ət kəsimi, çörək və plastik qapı-pəncərə istehsalı müəssisələri, cins heyvandarlıq və bağçılıq təsərrüfatlarının yaradılması məqsədəuyğun hesab edilib.

Sahibkarların vergiləri ödəməsini asanlaşdırmaq üçün də Zərdamda bəzi tədbirlər görülüb. 14 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 9 saylı Ərazi Vergilər İdarəsinin Zərdab rayonu üzrə Vergi ödəyicilərinə xidmət mərkəzi açılıb. Açılış mərasimində Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov, Vergilər Nazirliyinin Xidmət baş idarəsinin rəisi Elçin Məmmədov, 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ədalət Fərəcov və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev açılış mərasimində çıxış edərək qonaqları salamlayıb, açılış münasibətilə iştirakçıları təbrik edib.

Qeyd edək ki, yeni istifadəyə verilən xidmət mərkəzi vergi ödəyicilərini narahat edən məsələlərin həllində onlara yardımçı olacaq, eləcə də rayon ərazisində vergi yığımına öz müsbət təsirini göstərəcəkdir.

Tarix
1 Sentyabr 2015 [14:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin