Ana səhifə
16 Dekabr 2018

Əhməd Şahidov: “Dostlarım da deyir ki, lap uşaq kimiyəm” - MÜSAHİBƏ + FOTOLAR

AZXEBER.COM-un "Gənc elçi" rubrikasının bu dəfəki qonağı hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovdur. Əhmədlə söhbətimiz onun ad gününə təsadüf etdiyindən müsaahibəyə də bu notlarla başladıq. Həmin müsahibəni təqdim edirik

 

- Əhməd, bu gün 33 yaşınız tamam olur. Bu illərə nəzər yetirəndə ən böyük uğurun nə olub?

 

- Bu gün 33 yaşım tamam olur və bu gün məni yaşamağa səsləyən amillər ailəm, dostlarım və imanımdır. Bu dəyərlər həyatımın ən qiymətli məqamıdır. Bu illər ərzində ən böyük qazancım da məhz sadaladıqlarımdır.

 

- Demək ki, bu 33 ili yalnız ailən və dostların üçün yaşamısan..

 

- Elə deməzdim. Bu illər ərzində Vətənimiz, xalqımız və dövlətimiz üçün xeyli fəaliyyətlərim olub. Bunu sevə-sevə etmişəm, çünki bu mənim bir vətəndaş kimi borcumdur. Fəaliyyətim isə göz önündədir, nəsə əlavə etməyim doğru olmaz.

- Əhməd, özünü gənc hesab edirsənmi? Məncə gənclik təkcə yaşla bağlı olan məsələ deyil, həm də ruh işidir...

 

- Mən gənc bir insanam. Həm yaşım, həm ruhum gəncdir. Müəyyən duyğusal anlar olur ki, özümü saxlaya bilmirəm, kövrəlirəm. Dostlarım da deyir ki, lap uşaq kimiyəm. Əlbəttə, gənc olmaq və hər yaşda gənc qalmaq vacibdir. Əsas olan insanın ruhudur.

 

- Duyğusallıqdan söz düşmüşkən, bir neçə şeir kitabının müəllifisən. Səncə ictimai-siyasi işlərlə məğul olan bir adamın şeir, əsər yazması nə dərəcədə düzgündü? Səncə bu hərəkəti cəmiyyət necə qarşılayır?

 

- Hər bir insanın qəlbində mərhəmət olmalıdır. Allah da mərhəmətli insanları sevir. Mərhəmət, sevgi və həssaslıq cəmiyyətin firavanlığı üçün mühümdür. Əgər bu cəmiyyəti doğru hədəflərə aparmaq istəyiriksə, o dəyərləri ilk növbədə özümüzdə bərqərar etməliyik. İnsanlara, xüsusən də mərhəmətə ehtiyacı olan insanlara qayğı və şəfqətlə yanaşmaq lazımdır. Şeir də elədir, sevginin və mərhəmətin poetik təzahürüdür. Dünyanın ən böyük dövlət və hökümət başçıları sözə və şeirə önəm veriblər. Bu, tarixən də belə olub, indi də belədir. Düşünmürəm ki, sözə, sənətə önəm verən şəxs ictimai-siyasi həyatda qeyri-ciddi qəbul olunsun. Əsla!

 

- Dövlət və hökümət başçılarından danışdın, tez-tez xaricə səfərlərin olur və prezidentlərlə görüşürsən. Cəmiyyəti maraqlandıran suallardan biri də budur ki, Azərbaycan yüzlərlə hüquq müdafiəçisi, aktiv gəncin bacarmadığını Əhməd Şahidov necə bacarır. Daha da konkretləşdirsək, Əhmədə arxa duran, dəstək olan kimdir ki, o bu qədər iş görə bilir...

 

- Dünyanın 40-a yaxın ölkəsində olmuşam və keçirdiyim görüşlərdə, tədbirlərdə hər zaman Azərbaycanımızın milli maraqlarını müdafiə etmişəm və Dağlıq Qarabağla bağlı məsələ qaldırmışam. Avropanın 10-a yaxın ölkəsinin prezidentləri, baş nazirləri və nazirləri ilə görüşlərim olub.

Bu görüşlər bir günün içində olmur, illərdir aparılan məqsədyönlü işin nəticəsidir və tədricən məni və rəhbərlik etdiyim təşkilatı Avropada tanıyırlar, ən mötəbər tədbirlərə dəvət olunuram və yaxından iştirak edirəm.

 

Bu fəaliyyətimə görə ilk növbədə Allahıma şükürlər diləyirəm. Namazlarımda etdiyim dualar yalnız Allaha ünvanlanıb və Onun sayəsində uğurlara imza atıram. Daha sonra ətrafımda olan dostlarıma minnətdaram ki, onlar hər zaman mənə dəstək olurlar, Azərbaycanımız üçün nələrsə edə bilirimsə, bu, həm də mənim dostlarımın əməyidir. Yoxsa, mən tək bacara bilməzdim.

 

- Qeyd etdin ki, Prezidentlərlə, nazirlərlə görüşlər keçirmisən. Bu görüşlərin cəmiyyətdə müsbət qarşılanır və eyni zamanda bəzi dairələrdə də qıcıq yaradır. Ümumiyyətlə, görüşlərinə ölkədaxilindəki reaksiya səni qane edirmi?

 

- Avropada keçirdiyim yüksək səviyyəli görüşlərlə bağlı hər hansı mənfi reaksiya müşahidə etməmişəm. Əlbəttə ki, görüşün motivi də əsasdır və mən bütün görüşlərdə Azərbaycan xalqının və dövlətinin maraqlarını hər şeydən üstünün tuturam. Həmin görüşlərdən olan foto və video materiallar da buna sübutdur. Cəmiyyət də bunu görür və müsbət qarşılayır. Bu da məni yeni-yeni uğurlara motivasiya edir.

 

- Avropada çıxış edərkən hazırda həbsdə olan Xədicə İsmayılın səni boykot etməsi və ermənilərin aksiyasını dağıtmaqla gündəmə gəldin. Sadaladığım hadisələr ekspromt alındı yoxsa əvvəlcədən bunu düşünmüşdün?

 

- Əlbəttə ki, gözlənilməz və ekspromt olaylar idi. AŞPA qarşısına toplaşan 50-ə yaxın erməni Türkiyəyə qarşı etiraz aksiyası keçirirdi və mən də bir hüquq müdafiəçisi kimi AŞPA-dakı müzakirələrdə iştirak edirdim. Bayıra çıxanda erməniləri gördüm və marağıma səbəb oldu. Yaxınlaşıb polemikaya girdim onlarla.

Xədicə İsmayıl ilə bağlı hadisəni isə heç gözləmirdim. Belə desək, həmin hadisədə mənim heç bir rolum yox idi, sadəcə Xədicə və onun erməni dostları əvvəlcədən mənim çıxışa mane olmaq barədə planlar cızırdılar və bunu da həyata keçirdilər. Əsas olan odur ki, onların bütün cəhdlərinə baxmayaraq, mən çıxışıma davam etdim və Ermənistanın işğalçı siyasətini ifşa etdim.

 

- Əhməd, son 2-3 ayda çox aktivləşmisən. Bunun xüsusi səbəbi varmı?

 

- Mən hər zaman aktiv həyat tərzi sürməyə önəm verirəm. Sadəcə, indiyə kimi Avropada aktiv fəaliyyətim olub, yay aylarından isə daha çox ölkə daxilində bir sıra görüşlər keçirdim. Əsasən də doğulduğum Qax rayonunda silsilə görüş keçirdim, bir hüquq müdafiəçisi kimi qaxlıların qayğıları ilə yaxından tanış oldum. Həm istirahət elədim doğma yurdumda, həm də yerlilərimin qayğıları ilə maraqlandım. Sentyabrdan yenə Avropa səfərlərim başlayır.

 

- Cəmiyyətdə belə bir fikir var ki, bu görüşlərin qarşıdan gələn parlament seçkilərinə hesablanıb. Sən ise sentyabrda Avropaya gedirsən. Ne məsələdi?

 

- Mən bu tip görüşləri hər zaman keçirmişəm, sadəcə Parlament seçkiləri öncəsi bu daha çox diqqət çəkir. Əslində, bir hüquq müdafiəçisi kimi öz işimi görürəm. Sentyabrda isə Varşava keçiriləcək ATƏT-in Zirvə Toplantısında çıxışlarım var. Yenə də Azərbaycanımızı layiqincə təmsil etməyə çalışacam. Mənim işim budur.

 

- Konkret cavab ver zəhmət olmasa. Noyabrda baş tutacaq seçkilərdə iştirak edəcəksənmi?

 

- Bu barədə hələ ki qərar verməmişəm. Düşünürəm ki, zamanım var, qərarımı dəqiqləşdirəcəm.

 

- Ümumiyyətlə, seçkilərdən gözləntilərin nədir?

 

- Namizədliyim haqqında danışmaq hələ tezdir, çünki qərar verməmişəm. Seçkilərin isə demokratik keçiriləcəyinə inanıram və hesab edirəm ki, Azərbaycan bütün dünyaya demokratiya nümunəsi göstərəcək.

 

- Əhməd, müsahibəyə gənclərlə başladıq, gənclərlə də bitirək. Azərbaycan gənclərinin fəallığı səni qane edirmi?

 

- Ötən dövrlərə nəzər yetirdikdə, bu gün Azərbaycan gəncliyi çox aktivdir. İstər elm və təhsildə, istərsə də ictimai-siyasi arenada gənclərin sayı durmadan artır. Bu gün idman və mədəniyyətdə demək olar ki, gənclik aparıcı qüvvədir. Tədricən həyatın bütün sahələrində gənclik iştirakçı funksiyasından idarəçi rolunu qazanmaqdadır. Bu, həm də dövlətin məqsədyönlü siyasətinin nəticəsidir.

 

Tarix
31 Avqust 2015 [12:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin