Ana səhifə
21 May 2018

Roza Zərgərli: "Ərim yaxın adamımla mənə xəyanət etdi" - MÜSAHİBƏ

Müğənni Roza Zərgərlinin Aile.lent.az-a müsahibəsi. Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

 

- Müsahibədən əvvəl söhbətimiz zamanı qeyd etdiniz ki, getdiyiniz yerlərdə diqqət mərkəzində olursunuz. Daha çox qadınlar sizə baxır, yoxsa kişilər?

 

- Çox maraqlıdır ki, qadınlardan və kişilərdən daha çox uşaqların diqqət mərkəzində oluram. Amma kişilərin də diqqətini hiss edirəm, qadınların da. Gənclər, orta yaşlı nəslin nümayəndələrindən daha çox yaşlı qadın və kişilər mənə sevgilərini bildirəndə çox sevinirəm.

 

- Sizdən xoşu gələn hər adam sevgisini etiraf edə bilər?

 

- Baxır necə. Elə insan var ki, danışıq qabiliyyəti yoxdur. Elələri də var ki, sevgisini gözəl şəkildə bildirir və bu, adama xoş gəlir. Həmin adamı bəyənsəm də, bəyənməsəm də, təşəkkür edirəm. Bir də baxır sevgi etirafının məzmununa. Biri var sənətçi kimi, biri də var qadın kimi.

 

- Daha çox hansı mövzuda sevgi etirafı edirlər?

 

- Heç vaxt müqayisə etməmişəm. Onu bilirəm ki, hər zaman insanlığıma görə çox sevgi etirafı ediblər. “Çox yaxşı insansan”, “çox yaxşı dostsan”sözlərini tez-tez eşidirəm. “Yaxşı anasan”, “yaxşı həyat yoldaşısan” sözlərini eşitmək də mənə xoşdur. İstənilən etirafın içində hər zaman insanlığım vurğulanlır.

 

- Bəs unutmadığınız etiraf var?

 

- Ən yaddaqalanı həyat yoldaşımın sevgi etirafıdır. Bu da onun mənə sevgi etiraf etməməsidir (gülür). Həyat yoldaşım mənə nə sevgi etiraf etdi, nə də evlilik. Soruşdu  ki,  “soyadını dəyişərsən?” Bu, onun mənə sevgi və evlilik təklifi imiş (gülür). Cavab verdim ki, yox. Yenidən sual verdi ki, “Zərgərli”ni dəyişməyəcəksən? Dedim axı, Zərgərli mənim soyadım deyil, bunu dəyişmərəm, amma soyadımı dəyişərəm.

 

- İlk sevgi etirafı yadınızdadır?

 

- 14 yaşım vardı onda. Orta məktəbdə məndən iki yaş böyük oğlanla bir-birimizi sevirdik. Amma heç birimiz bunu bildirmirdik. Mən gedirdim, bir kilometr arxamca o gəlirdi. Mən də bilirdim o, niyə mənim arxamca gəlir, o da. Hamı bizim bir-birimizi sevdiyimizi bilirdi. Gəlirdim evə elə xoşbəxt olurdum ki (gülür). O vaxt oğlanın qızı sevməsi ayıb idi. Onu bir kilometrdə görəndə həyəcanlanırdım. Amma indi 5 dəqiqənin içində internetdə yazışırlar, bu da oldu sevgi. Bizim vaxtımızda sevgi daha maraqlı idi.

 

- Bizim vaxtımız deyəndə ki, siz axı yaşlı deyilsiniz...

 

- 36 yaşım var, 40-a az qalıb. Uzağa getməyək, 15 il əvvəl belə deyildi. O vaxt  mobil telefonlar tək-tük adamlarda var idi. Hamı ev telefonundan istifadə edirdi. Gəlib telefonun yanında otururduq ki, filankəs nə vaxt zəng vuracaq. Mən heç oğlanla telefonla da danışmamışdım. Eləcə arxamca gəlirdi.

 

- Heç bir oğlanla telefonda danışmamısınız?

 

- Yox. 16 yaşımda ərə verdilər. Heç bilmədim bu həyatda nə var, nə yox?! Çatdırıb romantik anları yaşaya bilmədim. Atam ailə qurmağımı çox istəyirdi. Özü tez evlənmişdi deyə istəyirdi ki, qardaşım da, mən də tez ailə quraq. Təkcə övladlarıma görə tez ailə qurmağıma peşman deyiləm. 36 yaşım var, oğlum, qızım özüm boydadır. Ancaq indiki ağlım olsaydı, bəlkə də başqa cür addım atardım. O yaşda ailə qurmazdım. Oğlum 27  yaşından tez evlənməyəcək, qızım 24 yaşından tez ərə getməyəcək. Ən azından ali təhsillərini bitirib, karyeralarını qurub sonra ailə haqqında düşünməlidirlər.

 

- Bayaq qeyd etdiniz ki, tez ailə quranda övladlar da tez olur, ana gənc qalır.

 

- Düzdür. Amma mənim övladım olanda özüm uşaq idim. Gənc yaşlarımdan övlad qayğıları ilə məşğul oldum, əziyyətlə uşaq böyütdüm. Uşaqlığımı, gəncliyimi yaşamadım. Bu da normal hal deyil. Axı hər kəsin uşaqlıq və gəncliyini yaşamağa haqqı var. Mən də istəyirəm ki, övladlarım normal gənclik yaşasınlar. Oğlumun 20 yaşı var, elə bilirəm o yenə də uşaqdır. 24 yaş qızın ailə quması üçün çox yaxşı yaşdır. Dərrakəli olurlar, ölçüb- biçirlər, həyat haqqında anlayışları olur. Qız üçün təhsil almaq, karyera qurmaq önəmlidir. Qız özünü püxtələşdirməlidir ki, normal ana olmaq dövrünə gəlib çıxsın. Oğlan isə ev, maşın, mütəmadi gəlir yerini əldə etməlidir ki, səhərisi gün ailə saxlaya bilsin. Mənsə həm ailə üçün çalışmışam, həm övlada baxmışam, həm qayınana-qayınataya qulluq etmişəm.

 

- Sizi ailə qurmağa razı salmaq asan oldu, yoxsa çətin?

 

-  Valideynlərimiz  bizi tanış etdilər, bir müddət nişanlı qaldıq. Danışırdıq, görüşürdük. Yəni, başıma çadra bağlayıb eşşşək arabası ilə yollamadılar. 6 ay nişanlı qaldıq, bir-birimizin xasiyyətinə bələd olduq. Amma yenə də uşaq idim, 16 yaşında qızın nə ağlı olacaq?! Deyirdim hündürboy, gözəl-göyçək, qaraqaş, qaragöz oğlandır, qızlar da baxıb deyirdilər ki, - “Ay Allah, Roza nə gözəl oğlana ərə gedir!” Baxdım gördüm ki, müasir oğlandır, dedim öldü  var, döndü yoxdur. Adam gənc olur, çox şey düşünmür. Lakin ilər ötdükcə bir-birimizi daha yaxşı tanıdıq.

 

- Ailə quranda sənətə gəlmək haqqqında düşünürdünüz?

 

- Karyera və ailə həyatını bir yerdə davam etdirmək çox çətin oldu. Sənətdə çox qadınlar var ki, karyera qurandan sonra ailə həyatı qurur. Amma sonra yoxa çıxırlar. Lakin bizə çətin olsa da, karyeramızı da davam etdiririk, ailəmizi də qoruya bilirik. Biz ailəli ola-ola sənətdə olmuşuq. Hər şey dəyişməz olaraq qalır. Amma ailə qurmazdan əvvəl sənətdə uğurlar qazanırsan, ailə qurursan və sonra nərdivandan aşağı enirsən.  

 

- Sizcə, qadın-kişi münasibətlərində önəmli faktor nədir?

 

- Anlayış, hörmət, etibar, dürüstlük. Ailədə qısqanclığı heç cürə başa düşmürəm. Qısqanclıq etibarsızlıq deməkdir. Əgər sən məni, mən də səni sevirəmsə və səndən başqa mənə bu həyatda heç kim lazım deyilsə, məni qısqanmağa dəyməz. Ailədə hökmranlıq olmamalıdır. Hökmranlıq olan yerdə o saat yoxa çıxıram.

 

- Bəs qısqanclıq sevginin əlaməti deyil?

 

- Xeyr, inamsızlığın əlamətidir. Əgər mən özümə inanıramsa, sevdiyim insan mənə heç vaxt xəyanət etməz. Əgər etdisə də, o, itirdi, mən yox. Amma mən bir xəstəliyəm. Mənə düçar olan yaxasını qurtara bilmir. Ona görə də yanımda mükəmməl insanlar var.

 

 

- Xəyanəti bağışlamırsınız?

 

- Bir gözəlliyim də yoxdur ki, özümə inanım olsun. Amma, bəli, bu faktdır. Əgər mən inanıramsa, niyə qısqanıram? Niyə ömrünü-gününü zəhər edirəm? Əgər zəhər edirəmsə, qisasın bir yolu var: rədd et başından, çıxıb getsin. Sənə harda xoşdursa, get ora.

 

- Bəlkə bir səhvdir edib?!

 

- Səhv? Səhv edib mənə xəyanət etmisən, onda lap yaxşı, davam edək. Mən də gedim bir səhv edim, gəlim, sən də məni bağışla, hesab olsun 1:1 və yenidən başlayaq. Səhv edənə “yaxşı yol”. Çox eşitmişəm – “bağışla, içkili olmuşam, səhv etmişəm”. Məhz bu səbəbdən bir dəfə mənim ailəm dağılıb. Ona görə də xəyanət mənim üçün bağışlanmazdır. Nə olsun ki, mən artıq ikinci dəfə ailəliyəm, o, mənim dərdimdən Məcnundur, sürünür arxamca. Amma nə olsun, səhv etməzdi. Mən ki, səhv etməmişəm. İctimaiyyət önündə olan, tanınmış xanımlar daha çox xəyanət edə bilər. Bizim qarşımıza min adam çıxır. Hər cür təklif gəlir. Amma mən çaşmıram. Mən çaşmıramsa, sənin ümumiyyətlə, çaşmağa haqqın yoxdur.

 

- Ailəni bir xəyanətə görə dağıtmaq olar?

 

- Əlbəttə! Mən düşünmədən dağıtdım. Əgər ailə başçısı xəyanət edibsə, düşünmədən dağıtmaq olar. Mən də eyni şərti qoyuram, əgər xəyanət etsəm, yalan danışsam, məndən ayrıla bilərsən.

 

- Bəlkə sevməmisiniz deyə xəyanəti bağışlamamasınız...

 

- Xeyr. Sevməsəydim, övladım olmazdı. Sevgidən nifrətə bir addım var. Bu addımı da atmayasan. Sevgi öyrəşmək, hörmət, anlayışdır. Sevgi o deməkdir ki, sən və mən – biz eyni insanıq. Xəyanət edəni rədd elə getsin, yerinə ondan da yaxşısı gələcək. Gələn adam görəcək ki, birincinin xəyanəti bağışlanmayıb, ona görə də daha diqqətli olacaq və düşüncək ki, mən bu səhvi etməyim, yoxsa mən də gedərəm.

 

- Belə çıxır ki, həyat yoldaşınızı bu cür əlinizdə saxlayırsınız?

 

- İkinci həyat yoldaşımla 10 ildir evliyik. Eyni bürcdənik. Dalaşanda da eyni anda dalaşırıq, hirsimiz də eyni anda soyuyur. İkimizin də hirsi 15 dəqiqə çəkir. Bizim mübahisəmiz çox olur. Amma mən artıq yolunu bilirəm. Mübahisə edəndə onun dediyi ilə razılaşıb gedirəm. 15 dəqiqədən sonra gəlib könlünü alıram və öz dediyimi edirəm (gülür). İlk ailə həyatımı gənc yaşımda qurmuşam deyə qadın sirlərini bilməmişəm, əfəl olmuşam. Amma ikinci evliliyimdə birincidəki səhvləri etmirəm. Axı həyat yoldaşım da mənə çox anlayış göstərir. Mən də bundan bacardığım qədər istifadə edirəm (gülür).

 

- Ayrılmaq qərarına gəldiyiniz zaman övladlarınızı düşündünüz?

 

- Övladlarım körpə idi. Övladlarım uşaqdır, çox balacadırlar deyə qorxmadım. Bir saatın içində ayrılıq qərarını verdim. Bir saatın içində verdiyim qərardan atam da məni döndərə bilməz. Baxmayaraq ki, mən atamla nəfəs alıram. Mən onun xəyanətini bağışlasaydım, 6 aydan sonra bir daha təkrar olunacaqdı, yenə bağışla, üçüncü dəfə yenə. Həm də bizim aramızda xəyanətdən başqa məsələlər də vardı. O insan bir az qəddar idi. Ona dözmək olardı, amma xəyanət final oldu.

 

- Sizə xəyanət etdiyini etiraf etdi?

 

- Yox, mən özüm bildim. Etiraf etsəydi, bəlkə də başqa cür addım atardım. Amma bildim ki, mənə lap yaxın bir insanla xəyanət edib. Demə, qulağımın dibində “xaruqələr” yaşanırmış. Həmin gündən mənim həyatda dostum yoxdur.

 

- Qadınların çoxu “boşanmış qadın” statusundan da qorxur.

 

- Adlarına çıxan söz-söhbətə görə. Amma heç kim heç kimin həyatını yaşamır. Mən hər gün özüm haqqında yeni “lətifələr” eşidirəm  və gülürəm. Artıq buna ailəm də öyrəşib. O vaxt klip çəkdirdim, başımı keçəl qırxdırdım, haqqımda olmazın sözlər dedilər. 5 il övladımın səhhəti ilə bağlı sənətdən getmişdim, omba sümüyü çıxıq idi. Onu xaricdə müalicə etdirirdim. Gah dedilər müflis olub, gah dedilər narkomandı. Konsertlərdə yuxusuz oluruq, gözümüz-başımız axır, deyirlər ki, narkomandır. Amma yanımda olan adamlar bilir ki, mən bütün günü işləyirəm. Bəlkə də biz şou-biznes nümayəndələri psixoloji xəstələrik.

 

- Ayrılıq qərarınızı böyüklər necə qarşıladı?

 

 

- 20 yaşında boşanmaq qərarına gəldim. Bir il ailələrimiz bizi barışdırmaq istədilər. O da 6 il boşanma razılığı vermədi. Bir dəfə də barışmaq istədik, alınmadı. Şans verdim, amma gördüm ki, yox, o pis xatirələr gözümün qarşısından getmir, dedim səni bağışlaya bilmirəm. Tərs damarım tutsa, vay qarşımdakının halına, çox qəddar oluram. Amma çox mehriban, əliaçığam. 5 dəqiqədə insanla elə ünsiyyət qururam ki, elə bil məni yüz ildir tanıyır. Ona rahatlıq verirəm. Ünsiyyətciləm, xeyriyyəçiliklə məşğulam. Bundan həzz alıram. Heç bir dostumu darda qoymuram. Amma verdiklərimin 30 faizini almayanda qəlbim qırılır.

 

- İkinci dəfə ailə qurmaq qərarına da bir saatın içində gəldiniz?

 

- Xeyr. İkinci dəfə ailə qurmağım uzun çəkdi. Çox tərəddüd edirdim. 10 ildir evliyik, 4 il də sürünmələr olub. Ümumilikdə, 14 ildir bir-birimizi tanıyırıq. Sadəcə şərti şumda kəsdik ki, xırmanda yabalaşmayaq. Mən şərt kəsdim ki, sənətimə müdaxilə olmayacaq, hara gedirəmsə gedim, istəyirsənsə, gəl, yanımda dur. Amma bir dəfə də olsa gəlməyib, heç bir konsertimdə olmayıb, heç vaxt tamaşaçı kimi məni seyr etməyib. Deyir “sən sənətdən gedən günü gəlib tamaşaçı kimi səni seyr edəcəm”. Onun şərti də odur ki, ailəmiz biz yerdə olanda sən orada olmalısan. Ona görə də öncədən elə planlaşdırıram ki, burun-buruna dəyməyək. Yaradıcılıqdan çox uzaq insandır.

 

- Qarşınıza çıxdığı günü xatırlayırsınız?

 

- Təsadüfən tanış olduq. Təyyarədə yer üstündə dalaşmışdıq. Bizim tanış olmağımızdan ailə qurmağımıza qədər bir hind filmidir. Mən onun yerində oturmuşdum. Bir il sonra yenidən rastlaşdıq, bu dəfə o, mənim yerimdə oturmuşdu. Sonra təsadüfən bir ad günündə rastlaşdıq. Sonra isə münasibətlər başladı.

 

- 4 il tərəddüddən sonra hansı jesti sizə qərar verməyə vadar etdi?

 

- Mən onun eşqinə mahnı yazan kimi başa düşdüm ki, onu sevirəm. “Qəlbdən sevən” mahnımı ona həsr etmişəm. 27 yaşımda mənə 27 dənə qızıl gül bağışladı. Romantik şam yeməyi, romantik etiraflar və ürəyimi ələ aldı. Sonra dedi ki, “ya mənə ərə gəlirsən, ya da çıxıb gedirəm, bəsdir daha əziyyət çəkdim”. Romantik insan deyiləm. Amma demə, məni dəniz, 27 dənə qızıl gül, şam yeməyi ilə aldatmaq olurmuş (gülür).

 

- Ona qədər evlilik təklifləri çox olmuşdu?

 

- 21 yaşında boşandım, 27 yaşında ikinci dəfə ailə qurdum. Bu 6 ildə 3 dəfə nişanlı olmuşam. Üç dəfə razılıq vermişəm ki, ərə gedirəm, amma toy günü fikrimi dəyişmişəm. Anlamışam ki, alınmayacaq.

 

- Anlamaq üçün toy gününə qədər gəlmək lazım idi?

 

- Deyiblər sənətinlə məşğul ol. Amma sonra elə bir hərəkət edib ki, bilmişəm bu mənə "pişiyim-pişiyim" deyir, toydan sonra bunlar olmayacaq. İntuisiyam çox güclüdür. Bəzən özüm-özümü aldarıram, arxayınlaşdırıram ki, yaxşı olacaq. Şans verirəm. Amma görürəm ki, yox, hisslərim məni yanıltmır.

 

- Övladlarınız da yaradıcılıqla məşğuldur.

 

- 4 övladım var, 2 oğlan, 2 qız. Böyük qızım ailəlidir. 5 yaşında bir nəvəm var. Oğlum Mədəniyyət və İncəsənət Universitetində oxuyur, istedadlı aktyordur, 9 yaşından filmlərə çəkilir. Təhsilini bitirib Türkiyədə çalışmağa başlayacaq. Qızım Bül-bül adına orta ixtisas musiqi məktəbinin vokal şöbəsində oxuyur. Saksafon və fortepiano ifaçısıdır. Bakı Musiqi Akademiyasına daxil olmağa hazırlaşır. Italiyada təhsilini davam etdirmək istəyir. Kişik oğlumun 15 yaşı var. Babası kimi hərbçi olmaq arzusundadır. Böyük qızım təhsil almadı. Make-up ustasıdır. Hamısının ataları ilə münasibəti çox yaaşıdır. İşləri düşəndə mənə “ana” deyirlər, adi vaxtlarda adımla müraciət edirlər.

 

Tarix
28 Avqust 2015 [15:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin