Ana səhifə
19 Avqust 2018

Qan bir həyat mənbəyidir

Fuad Əsgərov: “Mən Səhiyyə Nazirliyi tərəfindən ciddi “təhlükə siqnalının” çalınmasını istəyirəm”

 

 

“İnsanların ciddi probilemləri onların köçürülən qandan hepatit virusuna yoluxmalarıdır”

 

 

RESPUBLİKAMIZDA qan xəstəliklərindən əziyyət çəkənlərin uzun illər ən böyük problemlərindən biri qan ehtiyatının olmaması ilə bağlı olub. Amma 10 ildən artıqdır ölkəmizdə talassemiya və eləcə də irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün qanvermə aksiyaları keçirilir. Ölkə ictimaiyyəti bu xeyriyyə aksiyalarında fəal iştirak edir. Hər il Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə ölkə üzrə məscid və ibadətgahlarda qanvermə aksiyaları təşkil olunur. Eyni zamanda Səhiyyə Nazirliyi və digər dövlət qurumları tərəfindən vaxtaşırı təşkil edilən könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur. Digər tərəfdən əgər əvvəllər talassemiya xəstələri qan almaq üçün paytaxta üz tuturdularsa, bu gün Mərkəzi Qan Bankının 9 bölməsi  yaradılıb. Onların hər birinə bir neçə rayon təhkim olunub ki, bu da talassemiyalı xəstələrin yaşadıqları rayonların daha yaxın olan ərazidə qan ala bilməsini asanlaşdırır. Amma bununla yanaşı bu sahədə problemlər qalmaqdadır. Könüllü qan donorluğunun inkişafı üçün dövlət orqanları ilə yanaşı vətəndaş cəmiyyəti institutları da fəal iş aparır. Bu dəfəki mühasibimiz də  “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərovdur.

 

- Fuad müəllim, Azərbaycanda qan donorluğu ilə bağlı son durumu necə qiymətləndirərdiniz?

 

- Səhiyyə sahəsi nə qədər inkişaf etsə də, qana hər zaman ehtiyac olub. Düşünürəm ki, bu ehtiyacların tam təmin olunması olduqca çətin bir məsələdir. Nəzərə almalıyıq ki, respublikada irsi qan xəstəliklərindən əziyyət çəkən xeyli insan var və bu insanların qana olan ehtiyacları bitmək bilmir. Amma qan yalnız qan xəstəliklərindən əziyyət çəkən şəxslərə lazım deyil. Müxtəlif xəstəliklərlə bağlı qana gündəlik təlabatlar da var. Amma bir məsələ də var ki, qanın müəyyən saxlanma müddəti olduğundan qan ehtiyatları hər zaman yenilənməlidir. Hazırda ölkəmizdə bütün qruplar üzrə qan ehtiyatı kifayət qədər olsa da, insanların hansı qan qrupuna daha çox ehtiyacının olduğunu konkret demək olmaz. Çünki ölkəmizdə kifayət qədər irsi qan xəstəliyi olan insanlar, hemotoloji, onkoloji qan xəstələri var. Qan ehtiyatı onlar üçün eyni zamanda cərrahiyə sahəsində istifadə edilir. Buna rəğmən Mərkəz Qan Bankı gündəlik ehtiyacların öhdəsindən lazımınca gəlir. Əvvəlki illərdən fərqli olaraq indi, nadir hallarda qan tapa bilməyən irsi qan xəstəliyindən əziyyət çəkən insana rast gəlirik. Amma onu da etiraf edək ki, yay aylarında qana təlabat artsa da, qan verənlərin sayı azalır. Buda təbii ki, öz növbəsində müəyyən problemlər yaradır. Amma bu problemlərin öhdəsindən gəlmək üçün vətəndaş cəmiyyəti institutları da güclərini səfərbər edir. Hazırda respublikamızda qan donorluğunun inkişafına dəstək məqsədi ilə koalisiya yaradılıb. Bu birliyə Mərkəzi Qan Bankı, Azərbaycan Talassemiya Federasiyası və Qan Donorları Assosiasiyası daxildir. Düşünürəm bu çox güclü bir komandadır. Yaxın gələcəkdə bu sahədə dönüşə və uğurlu layihələrə imza ata biləcəyik.

 

- Əvvəki illərdə qan çatışmamazlığından ehtiyacı olanların çoxu dünyasını dəyişirdi. Hazırda Mərkəzi Qan Bankının ölkənin regionlarında da nümayəndəliyi yaradılıb. Vəziyyətin müsbətə doğru dəyişdiyini düşünə bilərikmi?

 

- Gəlin, statistikaya baxaq. Bu gün irsi qan xəstəliklərindən əziyyət çəkən bir uşağın “qan tapa bilmədi” deyə həyatını dəyişməsi xəbərinə rast gəlirikmi? Məncə gəlmirik. Qan xəstəlikləri rahat bir xəstəliklər deyil. İztirab dolu və üzücü xəstəliklərdir. Bu mənada ölüm hallarının olması hardasa, gözləniləndir. Amma buna səbəb qan ehtiyatının olmaması deyil. Mən vətəndaş cəmiyyətini təmsil edirəm və istəməzdim dövlət qurumları adından çıxış edim. Amma ədalət deyilən  bir şey var. Mən Mərkəzi Qan Bankının fəaliyyətindən tam razıyam. Hətta öncəki illərlə müqayisə belə etmək istəmirəm. Sadəcə qanvermə saylarını genişləndirmək lazımdır. Amma bu işdə biz vətəndaşlar məsuliyyətli olmalıyıq. Burada hər hansısa dövlət və ya qeyri-hökümət təşkilatının fəaliyyətini gözləmək lazım deyil.

 

- Qan xəstələri bəzən şikayətlənir ki, qan əldə etmək üçün hökmən öz yaxınları Mərkəzi Qan Bankına qan verməlidir. Yalnız bundan sonra onlara qan verilir. Bu barədə Sizdə məlumat varmı?

 

- Mən istəməzdim Qan Bankına aid sullara cavab verim. Amma qan donoruğu sahəsində yetəri qədər təcrübəyə malik olan insan kimi deyə bilərəm ki, qana ehtiyacı olan insanların qan verməsində qeyri-qanuni heç bir şey yoxdur. Əksinə bu qanunla tənzimlənir. Hətta mən deyərdim ki, bu qan donorluğunun inkişafına dəstəkdir.

 

- Hazırda ölkəmizdə qan xəstəliyindən əziyyət çəkənlərin əsas problemləri nə ilə bağlıdır?

 

- Hazırda qan xəstəliklərindən əziyyət çəkən insanların ən cıddi probilemi reablitasiya və hepatit C virusudur. Mən bütün məsuliyyətimlə deyərdim ki, yaşca daha boyuk və ya orta yaşlı insanların ciddi probilemləri onların köçürülən qandan hepatit virusuna yoluxmalarıdır. Mən Səhiyyə Nazirliyi tərəfindən ciddi “təhlükə siqnalının” çalınmasını istəyirəm. İstər hemofiliya, istərsə də Talassemiyalı şəxslər yaxın keçmişdə hepatitə yoluxublar. Bəs bu insanların müalicəsinə nə vaxt başlanılacaq? Halbuki hepatit olduqca ciddi bir visurdur və insanı “öldürə bilər”. Bu xəstələri müalicəsiz və nəzarətsiz buraxmaq olmaz. Bunun fəsadları gələcəkdə cox ciddi ola bilər.

 

 

- Azərbaycanın hələ də müharibə şəraitində olduğunu nəzərə alsaq, qan donorluğu ilə bağlı vəziyyəti qənaətbəxş saymaq olarmı?

 

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Qan Donorları Assossasiyası da irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərlə çalışır və onların qan təlabatına dəstək olmağa çalışır. Amma Mərkəzi Qan Bankının fəaliyyətinə tam güvənən insan olaraq düşünürəm bu mövzuda bir sıxıntı yoxdur. Amma qeyd etdiyim kimi bu sualın cavabı məndə deyil .

 

 

- Bu sahənin inkişafı üçün hansı tədbirlərin görülməsi zəruridir?

 

- Ölkədə qan donorluğu vətəndaşlar arasında bir mənəvi məhsuliyyət olaraq aşılanmalıdır. Könüllü və təmənnasız donorluq üçün fərdlərin fəallığı önəmlidir. Genofondumuzun sağlam vətəndaş olaraq böyüməsini istəyiriksə, bu mövzuya önəm verməliyik.

 

 

- Bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi üçün vətəndaş cəmiyyəti institutları nə iş görür?

 

- Qan Donorluğu sahəsində vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq hazırda ən fəal qurumlar Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyaının fəaliyyətini önə çəkək istərdim. Hazırda Mərkəzi Qan Bankı ilə yaxın əməkdaşlıq şəraitində işləyirik. Son 2 ildə paytaxt və regionları əhatə edən forum, konfrans və bir çox məqsədyönlü layihələr həyata keçirilib. Hazırda 27-31 avqust tarixində İtaliyanın Milan şəhərində keirilən Gənc Qan Donorlarının Dunya Forumuna hazırlaşırıq. Məqsədimiz dünya forumun 2017-ci ildə ölkəyə gətirmək və bu mövzu ətrafında dünyanın diqqətini ölkəmizə yönəltməkdir. Bu istiqamətdə dövlətin dəstəyinə güvənirik və bu dəstək bizim üçün də zəruridir.

 

- Qan Donorları Assosiasiyası bu istiqamətdə hansı işləri planlaşdırır?

 

- Təşkilatımızın yaxın illər üçün çox ciddi icra planı var. Layihələrimiz üzərində peşəkar və əzmkar bir komanda fəaliyyət göstərir. Təbii ki maneələr də var. Amma bizim məqsədimiz saf və məhsuldardır. Yaxın zamanlarda yeni layihələr imza atacayıq. Amma hər nə ediriksə, ölkənin sahiyyə sahəsində olan proqramlarına dəstək məqsədi ilə edirik. Qan bir həyat mənbəyidir və bizim fəaliyyət insanlara həyatda qalmağa kömək etməkdir.

 

 

Yazı “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  «Qan xəstəlikləri ilə bağlı ictimai məlumatlandırma: problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələr» layihəsi çərçivəsində hazırlanıb

 

Tarix
24 Avqust 2015 [15:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin