13 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Audiovizual Şurasından məlumat verilib.
Bildirilib ki, iclasda "ARB" kanalının efirində "Reklam haqqında" Qanunun pozulması faktı müzakirə olunub.
Müzakirə zamanı 08 fevral 2026-cı il tarixində kanalın efirində saat 13.38-də yayımlanan reklam materialında endirimin və ödəniş şərtlərinin reklamda aydın və düzgün şəkildə göstərilməməsi aşkarlanıb.
Fakt ilə bağlı aparılan zəruri araşdırmalar zamanı "Reklam haqqında" Qanunun 7-ci maddəsinin tələblərinin pozulması təsbit olunub. Belə ki, həmin reklamda təqdim olunan məlumatlar "Reklam haqqında" Qanunun 7.1.4-cü maddəsinə əsasən əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks etdirdiyinə görə qeyri-dəqiq reklam hesab olunur və həmin Qanunun 7.2-ci maddəsinə görə isə qeyri-dəqiq reklama yol verilmir.
Cari ilin əvvəlindən televiziya kanalının efirində belə pozuntuların bir neçə dəfə baş verməsini, kanala müvafiq bildirişlərin göndərilməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sərt sanksiya tədbirinin tətbiq edilməsi və kanalın yayımının 16 fevral tarixində saat 08.00-dan başlayaraq 24 saat müddətinə müvəqqəti dayandırlması barədə qərar qəbul ediblər.