Ana səhifə
24 Sentyabr 2018

AŞ-nın İnsan Hüquqları üzrə Komissarı Bakıya gəldi

AŞ-nın İnsan Hüquqları üzrə Komissarı Elmira Süleymanova ilə görüşdü

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurasının (AŞ) İnsan Hüquqları üzrə Komissarı cənab Nils Mujniyeksi qəbul edib.

 

Ucnoqta.az” xəbər verir ki, ANS PRESS-in məlumatına görə, qonağı salamlayan Müvəkkil ölkəmizdə insan hüquqları ilə bağlı məlumat verib, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası istiqamətində mühüm işlərin görüldüyünü, ölkənin hər bir rayonunda ictimai dinləmələrin keçirildiyini söyləyib. Həmin dinləmələr zamanı əhalinin müxtəlif təbəqələrinin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan qrupların problemlərinin dinlənildiyi və onların həlli istiqamətində müzakirələrin aparıldığı vurğulanıb.

 

Komissarın diffamasiya ilə bağlı sualını cavablandıran Ombudsman öz illik məruzələrində diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsini təklif etdiyini, sözügedən məsələ üzrə müddəanın MFP-də də öz əksini tapdığını söyləyib.

 

Qeyd edilib ki, Azərbaycan Ombudsman İnstitutu BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən hələ 2006-cı ildə “A statusu” ilə akkreditasiya olunub. 2012-ci il də Müvəkkil yenidən akkreditasiya prosesini keçərək A statusunu saxlayıb və bununla da insan hüquqları sahəsində fəaliyyətini Paris Prinsiplərinə tam uyğun apardığını, müstəqil fəaliyyət göstərdiyini sübut edib.

 

Komissarın həbs olunmuş və təqsirləndirilən şəxslərlə bağlı suallarına cavab olaraq, Ombudsmanın tərkibində həkimin də olduğu Milli Preventiv Qrupunun üzvlərinin müntəzəm şəkildə müvafiq müəssisələrə başçəkmələr həyata keçirdiyi vurğulanıb. Müvəkkilin və əməkdaşlarının həmin şəxslərə dəfələrlə baş çəkdiyi, saxlanma şəraitini, onlara qarşı rəftarı, səhhətlərini, problemlərini öyrəndiyi, Ombudsmanın öz səlahiyyətləri çərçivəsində müvafiq orqanlara müraciət edərək həllində yardımçı olduğu bildirilib.

 

Görüşdə Ombudsman Aparatının əməkdaşları ölkəmizdə qətimkan tədbirlərinin seçilməsi ilə bağlı mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermiş, “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Avropa Konvensiyasının inplementasiyası ilə əlaqədar əhalinin müxtəlif qrupları, o cümlədən saxlanılan və təqsirləndirilən şəxslər üçün maarifləndirmə tədbirlərinin keçirildiyini diqqətə çatdırmışlar.

 

Müvəkkilin qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklifləri nəzərə alınmaqla, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi və bu qanunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquqlarının təmin edilməsi ilə bağlı münasibətləri tənzimlədiyi vurğulanmışdır.

 

Sonda E.Süleymanova Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin itirildiyini, bir milyondan artıq soydaşımızın öz yurdunda qaçqın və məcburi köçkünə çevrildiyini, insan hüquqlarının kütləvi şəkildə, kobudcasına pozulduğunu, Dağlıq Qarabağın və 7 ətraf rayonun Ermənistan tərəfindən işğal edildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, bu işğal faktı bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş və bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələri, həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tövsiyə və qətnamələri mövcuddur, lakin bu sənədlərdəki müddəalar bu günədək yerinə yetirilməmişdir. Müvəkkil məlum münaqişənin sülh və danışıqlar yolu ilə həllində yardımçı olmasını Komissardan xahiş etmişdir.

N.Mujniyeks səmərəli görüş və ətraflı məlumat üçün Müvəkkilə təşəkkürünü bildirmişdir.

Tarix
26 Oktyabr 2014 [15:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin