Ana səhifə
16 Noyabr 2018

Bərdədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 2,6 faiz artıb

6 ay ərzində  275 layihə üzrə güzəştli kredit verilib

 

 

Azərbaycanda öz inkişafı ilə seçilən rayonlardan biri də Bərdədir.  2015-ci ilin altı ay ərzində rayonda 183,2 milyon manatlıq ümumi məhsul, o cümlədən 6,4 milyon manatlıq sənaye, 81.9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, əhaliyə 2,2 milyon manatlıq nəqliyyat və anbar, 0,6 milyon manatlıq rabitə, 51,7  milyon manatlıq ticarət xidmətləri göstərilib, rayonda 39,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. 2014-cü ilin birinci yarısına nisbətən məhsul istehsalı 30,5 faiz, o cümlədən sənaye məhsulu istehsalı 3,3 faiz, kənd təsərrüfatı 11,9 faiz, nəqliyyat və anbar təsərrüfatı 8,8 faiz, informasiya və rabitə xidmətləri 6,0 faiz, ticarət xidmətləri 22,8 faiz, tikinti-quraşdırma işləri 2,6 dəfə artıb. 6 ay ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 103,1 faiz, xərcləri proqnozuna 91,4 faiz əməl edilib.

Rayonun bütün zəruri xərclər icra edilib. Nəzərdə tutulan dövrdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 2,6 faiz artaraq 9,8 min nəfərə çatıb. Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən 6 ay ərzində  275 layihə üzrə sahibkarlara 6 milyon 475 min 800 manat güzəştli kredit verilib. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti xətti ilə rayonda heyvandarlıq sahəsinə 895,0 min manat və tərəvəzçilik sahəsinə 55,0 min manat məbləğində güzəştli kreditlər verilib. Qeyd edək ki, rayonda sahibkarlara verilən güzəştli kreditlərin məbləği, eləcə də kənd təsərrüfatı, qida və sənaye məhsullarının istehsalına, ticarət və xidmət sahələrinə yönəldilən investisiyanın həcmi ildən-ilə artır. Bu kreditlərin hesabına  son illərdə müasir texnologiyaların tətbiqinə əsaslanan 5 min tonluq laqostik mərkəz, 10 min tonluq 2 taxıl anbarı, illik istehsal gücü 20,5 min ton süd və 1,2 min ton ət olan 4700 başlıq 4 heyvandarlıq kompleksi, illik istehsal gücü 1,6 min ton quş əti olan quşçuluq təsərrüfatı, illik istehsal gücü 5 min ton olan süd emalı müəssisəsi, 82 hektar ərazidə bağçılıq təsərrüfatı, gündəlik istehsal gücü 38,6 ton olan çörək istehsalı müəssisəsi, gündəlik istehsal gücü 1,1 ton olan şirniyyat istehsalı müəssisəsi, illik istehsal gücü 5,4 min ton olan ət emalı müəssisəsi, illik istehsal gücü 46 min ton olan qüvvəli yem istehsalı müəssisəsi yaradılıb. Mirzalıbəyli kəndində 500 başlıq heyvandarlıq kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılıb, istehsala başlanıb. Mehdili kəndində yeni yem istehsalı müəssisəsinin tikintisi davam etdirilib. Bu müəssisələr əhalinin ərzaq məhsulları ilə təminatında əhəmiyyətli rol oynayır.

2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 4145 sahibkara 308123 manat yardım verilib. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 1043 məhsul istehsalçısına 325,7 min manat dəyərində 1067,1 ton güzəştli şərtlərlə mineral gübrə satılıb. Rayonda taxıl toxumçuluğunun inkişafı məqsədilə 14 sahibkarlıq təsərrüfatı yaradılıb və hal-hazırda bu özəl təsərrüfatlar toxumçuluq fəaliyyəti ilə məşğul olurlar. Elit toxumlarının bölgüsü zamanı rayonda fəaliyyət göstərən 2 özəl toxumçuluq təsərrüfatlarına güzəştli şərtlərlə 1 ton yonca toxumu ayrılıb. Kənd Təsərrüfatı Nazirliyinin Bərdə rayon İdarəsinin inzibati-laboratoriya binasının tikintisi işləri davam etdirilir.

Rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən 1800 baş inək və düyə süni mayalandırılmış və 1700 baş sağlam bala alınıbr. Sahibkarlara lizinq yolu ilə 728 baş damazlıq heyvan satılıb. Sahibkarlara heyvanların xəstələnməsinin qarşısını almaq üçün köməklik göstərilib. 2015-ci ilin 6 ayı ərzində rayondakı sahibkarlıq təsərrüfatlarda qarayara xəstəliyinə qarşı 88548 baş iri buynuzlu, 191260 baş xırda buynuzlu, 1956 baş təkdırnaqlı heyvanlarda, 2000 baş vəhşi heyvanlarda (oral üsulla qida kimi) və Nodulyar dermatit xəstəliyinə qarşı 79665 baş iri buynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 704,5 min baş davarda profilaktik peyvəndləmələr aparılıb. Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 18896 baş iri buynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib, nəticədə 64 baş iri buynuzlu heyvanın xəstə olduğu aşkar edilmişdir. Xəstə heyvanlar bruselyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatdan çıxarılıb.

Bərdə rayonunda “Aqrolizinq” ASC-nin müasir infrastruktura malik Bərdə regional logistik bazası və Bərdə rayon aqroservis filialı fəaliyyət göstərir. Ofis binası, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalar, gübrə anbarları və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik Bərdə rayon aqroservis filialı 108 ədəd, o cümlədən 22 ədəd taxılyığan kombayn, 22 ədəd traktor, 1 ədəd ekskavator və 63 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilib və istehsalçılara 20 addan çox aqrotexniki xidmət göstərilir. Bundan əlavə, 542 ədəd, o cümlədən 8 ədəd taxılyığan kombayn, 222 ədəd traktor, 2 ədəd ekskavator və 310 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları fiziki və hüquqi şəxslərə lizinqə verilib. Bunlar fermerlərin kənd təsərrüfatı texnikasına tələbatının təmin edilməsində  önəmli rol oynayır. Sahibkarlar vaxtında təsərrüfat işlərini görə görə bilirlər. Artıq onların bu sahədə problemləri minimuma enib.

Bundan başqa, 2015-ci ilin 6 ayı ərzində xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin aparılması məqsədi ilə Bərdə rayon Bitki Mühafizəsi Mərkəzinə 40 kq/l pestisid ayrılıb. Toxum Müfəttişliyinin inzibati binasının tikinti işləri başa çatmaq üzrədir.

Qeyd edək ki, Bərdə rayonu üzrə Dövlət Texniki Nəzarət Müfəttişliyində nəzərdə tutulmuş elektron xidmətlərin göstərilməsi üçün ilkin məlumatlar bazaya yerləşdirilib. Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 4077 manat dəyərində inventar və avadanlıq alınaraq rayon baytarlıq idarəsinə və Bərdə zona baytarlıq laboratoriyasına verilib.

Ötən il də sahibkarlara hərtərəfli maliyyə dəstəyi göstərilib. Təkcə 2014-cü ildə rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 3,3 faiz artaraq 9,3 min nəfərə çatıb. Bu dövrdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil olduğu kredit təşkilatları tərəfindən 494 layihə üzrə sahibkarlara 14,8 milyon manat güzəştli kredit verilib. Bunlar göstərir ki, Azərbaycanda sahibkarlığın inkişafına önəm verili rvə qeyri-neft sektoru prioritet sahədir.

 

 

Tarix
12 Avqust 2015 [16:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin