Bu ilin yanvar-noyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 737 hüquqi və fiziki şəxs tərəfindən 122 320 ədəd avadanlığa icazə üçün müraciətə baxıb.
Bu barədə Ucnoqta.az-a RİNN-dən bildirilib.
Bunlardan 245 hüquqi və fiziki şəxs tərəfindən 2 593 ədəd “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müxtəlif markalı və modelli avadanlıqlara “xüsusi icazə” verilməsi ilə bağlı edilən müraciətlərə baxılıb. Bunlardan 201 müraciət üzrə 2 291 ədəd avadanlığın idxalı üçün icazə verilib.
38 müraciət üzrə 205 ədəd avadanlığa qanunvericiliyə müvafiq olaraq tələb olunan sənədlər təqdim edilmədiyi üçün icazə verilməyib.
Bununla yanaşı, 492 müraciət üzrə 119 727 avadanlığın idxalı üçün müraciətlər olunub və 461 müraciət üzrə 115 926 ədəd avadanlığın idxalı qanunvericilik çərçivəsində müsbət cavablandırılıb.
24 müraciət üzrə 3 795 avadanlığın idxalına dair daxil olmuş müraciətlər müvafiq prosedur üzrə baxılmaqdadır.
Həmçinin 11 ayda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə uyğun olaraq sürətli poçt xidmətinin göstərilməsi üçün 269 müraciət üzrə təqdim edilən ərizələrə əlavə olunan sənədlərdəki məlumatların uyğunluğunun qiymətləndirilməsi təmin edilib.
Nəticədə 265 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib. Digər 4 müraciətlə bağlı isə müsbət rəy verilməyib.