Bakıdan Sumqayıt istiqamətinə yeni avtobus zolağı çəkilməsinə baxmayaraq, sərnişinlər hələ də avtobusların azlığından və nəticədə yaranan sıxlıqdan şikayətçidirlər.
Ucnoqta.az APA TV-yə istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, zolaq çəkilsə də, problem tam aradan qalxmayıb və onlar hələ də nəqliyyatda əvvəlki çətinliklərlə üzləşirlər:
"Kameranı o tərəfə çevirsən, görəcəksən qadınlar necə əziyyət çəkirlər. Kişiləri qoy qırağa. Basabasdır, marşruta girmək olmur. Marşrutda sürücülər də camaata qarşı çox aqressivdir".
Vətəndaşlar avtobusların sayının artırılmasını və xüsusilə pik saatlarda sərnişin sıxlığının aradan qaldırılmasını tələb edirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobuslara üstünlüyün təmin edilməsi məqsədilə xüsusi zolaqların çəkilməsi məhz tıxac olan küçələrdə vacibdir.
AYNA avtobus sayının azlığı və gecikmələrə aydınlıq gətirməyib.