Ana səhifə
19 Oktyabr 2018

“Passiv deputat deyiləm, nədənsə jurnalistlər belə düşünür” - MÜSAHİBƏ

Azərbaycan Milli Məclisinin 64 saylı Sabirabad II Seçki Dairəsindən seçilmiş deputatı Rüstəm Xəlilovun APA-ya müsahibəsi

 

 

- Nə vaxtdan deputatsınız və deputat olana qədər hansı fəaliyyətlə məşğul olmusunuz?

- 2005-ci ildən deputatam. Lap əvvəllər komsomol sistemində çalışmışam. Onu da deyim ki, pis çalışmamışam... Daha sonra partiya işində çalışdım və Sabirabad rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri, təsərrüfat rəhbəri işləmişəm. Sonra da gömrük orqanlarında çalışmışam. Bunun ardınca da parlamentə gəldim...

 

 

- Niyə deputat olmağa qərar verdiniz?

- Bu, təkcə mənim qərarımla olmayıb. Rayonda yüksək fəallığım ilə seçilirdim, rayon ictimaiyyətinin də ortaq fikri belə oldu ki, seçkilərə qoşulum. Mən də 64 saylı Sabirabad II Seçki Dairəsindən namizədliyimi verdim. Yeni Azərbaycan Partiyasının üzvü olsam da, namizədliyimi müstəqil vermişdim. Seçkilər demokratik keçirildi, mən də 19 opponentim olmasına baxmayaraq seçildim. O vaxt opponentlərim arasında “Azadlıq Blok”u deyilən blokdan da namizədlər vardı.

 

 

- 9 ildir deputatsınız. Bu müddətdə seçicilərin etimadını doğrultmağınızdan əminsinizmi?

- Məncə doğrultmuşam...

 

 

- Necə?

- Ən azı ona görə ki, artıq seçildiyim rayonda hamı məni tanıyır, mən də onları tanıyıram. Əvvəldən də insanlarla geniş əlaqəm olub. Yenə də rayonumuzda oluram və insanlarla görüşürəm. Onların qaldırdığı problemləri aidiyyəti orqanlar qarşısında qaldırıram. Müəyyən problemlər həll olunur. Ölkənin digər yerlərində olduğu kimi Sabirabadda da tikinti-quruculuq işləri gedir.

 

 

- Media nümayəndələri arasında bir sıra deputatlar passiv fəaliyyətdə ittiham olunur ki, onlar arasında Sizin də adınız var...

- Jurnalistlər bizim aktivliyimizi və ya passivliyimizi müəyyən edə bilməz. Onlar bizim media ilə işləməyimizə münasibət bildirə bilərlər. Bu onların şəxsi fikirləri ola bilər, həqiqət yox...

 

 

- Yəni bununla razılaşmırsınız?

- Əlbəttə yox. Demirəm ki, fəaliyyətim çox yüksəkdir, amma axı var. Jurnalistlər bizim fəaliyyətimizlə bağlı rəy verə bilməzlər. Mənim KİV-in bütün əməkdaşlarına hörmətim var. Yaxından izləyirəm də. Amma parlamentdə gündəlik çıxış eləməmək, hər fikrə reaksiya verməmək o demək deyil ki, mən passiv deputatam. Lazım olanda işləyirəm də... Sadəcə, mənim xarakterimdə yoxdur ki, hər şeyə reklam xətrinə və ya nəyəsə görə reaksiya verim. Hər şeyə reaksiya verib kiminsə vaxtını almağı özümə borc bilmirəm.

 

 

- Nəzərə alsaq ki, deputatın əsas fəaliyyətindən biri qanunvericilik təşəbbüsüdür, bu 9 ildə hansı qanunvericilik təşəbbüsləriniz olub?

- Mən Regional məsələlər komitəsində olduğum üçün bir dəfə, 2005-ci ildə seçiləndə, parlament mübahisəli torpaqlarla bağlı qanun qəbul olunanda mənim də öz rolum oldu. Çıxış etdim, təklif etdim. Bu qədər. Lazım olanda yenə çıxışlar edirəm, hansısa məsələlərə rəylərimi verirəm...

 

 

- Mətbuatla əməkdaşlıq etməkdə niyə belə çətinlik çəkirsiniz?

- Bilmirəm. Məndə elə bir çətinlik yoxdur. Amma nədənsə jurnalistlər mənim barəmdə belə düşünür ki, qeyri-fəalam.

 

 

- Deputat fəaliyyətindən başqa daha hansı fəaliyyətiniz var?

- Deputat fəaliyyətimdən başqa heç bir fəaliyyətim yoxdur. Heç biznesim də yoxdur. Rayonda olan torpaq da pay bölgüsündə mənə və ailə üzvlərimizə dövlət aktı ilə düşən torpaq paylarımızdır. Mənim elə geniş mülkiyyətim yoxdur.

 

 

- Yaxın qohumlarınızdan yüksək vəzifədə olanlar var?

- Mənim qardaşım Daxili İşlər Nazirliyində çalışır. Amma mən deputat seçiləndə rayonda polis rəisi idi. Ondan başqa yüksək vəzifədə işləyən qohum-əqrəbam yoxdur.

 

 

- İndiyə qədər hansısa problemlə bağlı dövlət və ya hökumət işçisinin deputat olaraq Sizi qəbul etməməsi, sözünüzü yerə salması olubmu?

- Düzünü deyim ki, bu 9 ildə hansısa hökumət üzvünün, dövlət qulluqçusunun, nazir və ya onun müavinin qəbuluna getməmişəm. Seçicilərimin problemləri ilə bağlı müəyyən müraciətlər olub ki, yazılı şəkildə sorğu göndərmişəm. Onlar da bunu cavablandırıb, bir çox halda da kömək ediblər. Mən də cavabı necə varsa mənə müraciət edənə izah etmişəm ki, vəziyyət budur.

 

 

- Gələn il parlament seçkilərində yenidən namizədliyinizi irəli sürmək fikriniz var?

- Hələ dəqiq qərar verməmişəm. Bu, elə şərəfli işdir ki, vəziyyətə baxacağam.

Tarix
25 Oktyabr 2014 [16:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin