Ana səhifə
26 May 2018

“30 il sonra bildim ki, o qız məni sevirmiş...” - MÜSAHİBƏ - FOTOSESSİYA

Azərbaycan telekanallarına baxanların, demək olar, hamısı Nəriman dayını görüb. Tamaşaçı auditoriyası olan bütün verilişlərə gedən ağsaqqal maraqlı, bəzənsə aqressiv fikirləri ilə diqqətləri özünə cəlb etməyi bacarıb. Bəlkə də artıq çoxları şou verilişlərini onsuz təsəvvür etmir. Bəs Nəriman dayı kimdir, bütün verilişlərə getməyi necə çatdırır, onda bu həvəs hardandır? Aile.lent.az-ın suallarını Nəriman Məmmədov cavablandırır.

 

 

 Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

- Nəriman dayı, əvvəlcə bir az özünüz haqqında danışın.

- Avqustun 14-də 75 yaşım tamam olur. 1940-cı ildə Qərbi Azərbaycanda doğulmuşam. Sonra deportasiya edilərək Şərura köçmüşük. Naxçıvanda yaşayanların çoxu 1948-ci ildə Qərbi Azərbaycandan deportasiya edilənlərdir. Naxçıvanda böyümüşəm. Professor Abbas Zamanov, Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevlə eyni məktəbdə oxumuşuq. Orta məktəbdə oxuyanda qəzetlərə məqalələr yazırdım, Azərbaycan radiosu ilə əməkdaşlıq edirdim, radio-reportajlar hazırlayırdım. Məktəbdə əlaçı olmuşam, fəal şagird idim. Komsomolun rəhbəri idim. Məktəbi bitirəndən sonra Ukraynaya hərbi xidmətə getdim. 27 il Ukraynada yaşadım. Xoşum gəldi, insanlar yaxşı idi, qaldım orda. Şərura dönüb, hərbi biletimi alıb, yenidən Ukraynaya qayıtdım. 

 

 

- Ukraynada ailə qurdunuz?

- Bəli. Ümumiyyətlə, ukraynalılar bizi çox sevir və bizə çox oxşayırlar. Həyat yoldaşım ukraynalı idi, amma azərbaycanlıya oxşayırdı. Əsgərlik vaxtı biz bir-birimizi sevdik, sonra ailə qurduq. İlk sevgi heç vaxt unudulmur. Sevginin milləti yoxdur. Gərək insan olasan ki, insanları sevəsən. İki övladım oldu – Nərminə və Abbas. Oğlum 1987-ci ildə 22 yaşında vəfat etdi. Odessada hərbçi idi, xidməti vəzifəsini yerinə yetirən zaman həlak oldu. Qızım yunan-türk qarışığı olan insanla evlidir. Krımın Feodosiya şəhərində yaşayırlar. Nəvələrim var. Onları hər bir şəraitlə təmin etmişəm.

 

1986-cı ildə Çernobıl hadisəsindən sonra Vətənə dönməyi özümə borc bildim. Azərbaycana qayıdanda onlara təklif etdim, amma mənimlə gəlmədilər. Amma kaş o vaxt qayıdıb Vətəndə evlənərdim...

 

 

- Qızınızla əlaqələriniz var, gedib-gəlirsiniz?

- Sonuncu dəfə qızımı 1998-ci ildə görmüşəm. Son vaxtlar əlaqələrimiz də kəsilib. Ukraynada baş verən hadisələrlə bağlı ora gedib-gəlmək çətinləşib. 1949-cu ildə, 9 yaşım olanda atamı itirdim. Müharibəyə getdi, yaralanmışdı, ağrılara dözmədi, dünyasını dəyişdi. 7 uşaq idik, anam bizi böyütdü. Anam çox dedi ki, “gəl, Vətəndə evlən”. Hətta demə, sinif yoldaşım olan bir qız məni sevirmiş. Bunu 30 ildən sonra bildim. Anama deyib ki, “sizin oğlunuzu sevirəm”. Mən bunu biləndə o xanım artıq dünyada yox idi. Kaş ki, anamın sözünə qulaq asaydım.

 

 

- Qızınız bura gəlib heç?

- Xeyr, heç vaxt gəlməyib. Təəssüf ki, o vaxtdan bizim haqqımızda orada mənfi fikirlər var. Azərbaycan son vaxtlar dünyada tanınır. Bizə alverçi kimi baxırdılar, guya bizim adətlər pisdir, qadını sıxışdırırlar, azadlıq vermirlər. Anası da belə fikirdə idi. Elə bilirdi Azərbaycanda qadınlara aşağı səviyyədə baxırlar.  

 

 

- Burada kiminlə yaşayırsınız?

- Tək yaşayıram, Bakıxanov qəsəbəsində evim var. Oradakı evlərimdən biri ilə dəyişdim. Özüm yemək bişirirəm, geyimlərimi tər-təmiz yuyub-ütüləyirəm.

 

 

- Niyə burada ikinci dəfə ailə qurmadınız?

- Bu, mənim növbəti səhvimdir. Sadəcə, alınmadı. Bacılarım da çox dedilər ki, ailə qurmalısan. Mən o mühitdə yaşamışam, oranın ab-havası ilə buranınkı eyni deyil. O mühitdə yaşayan adam üçün burada həyat qurmaq çətindir. Bizim gözəl adət-ənənələrimiz var, amma mənim üçün çətin oldu. Buradakı qadınlara uyğunlaşa bilmədim.

 

 

- Bacılarınız harada yaşayır?

- Ailə üzvlərimdən iki bacım qalır. Biri 97 yaşındadır, İzmirdə yaşayır, o biri isə Şəkidə yaşayır, 76 yaşı var. Şəkidə olan bacımla tez-tez danışırıq, nəvələrinin toyunda iştirak etmişəm. Amma İzmirdəki bacımla əlaqəm yoxdur.

 

 

- Necə dolanırsınız, nə işlə məşğul olursunuz?

- Uşaqlıdan səliqəli və çalışqan olmuşam. Ukraynada komsomolun rəhbəri idim. Orada fəal çalışırdım. 200 manata yaxın təqaüd alıram. Pis vərdişlərdən uzağam - araq içmirəm, siqaret çəkmirəm, bu pul dolanışığıma yetir. Geyimim, yeməyim, hər şeyim var. İnsanlarla ünsiyyətdə olmağı, dostluq etməyi, xoş fikirlər söyləməyi sevirəm.

 

 

- Dostlarınız kimlərdir, aralarında tanınmış simalar var?

- Dostlarım çoxdur. Şairlərdən “Qızıl qələm” mükafatı sahibi Tahir Məmmədov, Şair Ədiloğlu, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov ən yaxın dostlarımdır.  ATV-nin verilişlərində onunla birgə ekspert kimi çıxış etmişik.

 

 

- Verilişlərə getmək marağı necə yarandı?

- İndiyədək 4 min verilişə getmişəm. Azərbaycanın bir nömrəli tamaşaçısıyam. Birinci sırada ANS telekanalı durur, sonra ATV, Space, Lider, Xəzər, İTV. Əvvəlcə mən radiolarda telefonla efirə çıxırdım, müxtəlif mövzularla bağlı fikirlərimi bildirirdim. Hətta İctimai Radionun keçirdiyi populyar dinləyici sorğusunda qalib gəlmişəm. Sonra İTV-nin verilişlərinə tamaşaçı kimi dəvət etdilər. İTV-dən sonra ANS-in verilişlərinə getməyə başladım. İlk dəfə ANS-də Elgizin “Cümə axşamları” verilişinə getdim. İndiyədək ANS-in 1500 verilişində tamaşaçı kimi iştirak etmişəm. ANS-də ən yaxşı tamaşaçı kimi iki dəfə medal almışam. Lakin 9 aydır ANS-ə getmirəm. İlqar Mikayıloğlu ANS-dən çıxdı, mən də onun arxasınca getdim. Çox sadiq insanam. İlqar bizi populyar etdi, 4 il verilişlərdə bizi təqdim etdi. Mən ANS-in tanınmış siması idim. O, ATV-də “Gün üzü” verilişini açanda xeyir-dua verdim, bu da ANS-in xətrinə dəydi.

 

 

- Verilişlərə tanınmış insanları yaxından görmək, ünsiyyətdə olmaq, ya özünüzü tanıtmaq üçün getməyə başladınız? Bəlkə başqa maraq sizi ora apardı?

- Hər bir insan öz fikrini bildirməlidir. İstəyirəm ki, jurnalist kimi ictimaiyyətə, cəmiyyətə bir xeyir verim. Tənqid etməyi, reallıqları deməyi, düzgünlüyü sevirəm. Verilişlərə gedib öz fikirmi demək istədim. Sonra da ekspert kimi dəvət etməyə başladılar. Çox insanlara köməklik etmişəm. Cəmiyyətdə öz sözümü deyəndə onun həlli tapılırsa, bu, mənim uğurumdur.

 

 

- Daha çox hansı verilişlərə getməyi sevirsiniz?

- Daha çox Mətanət Əliverdiyevanın verilişinə getməyi sevirdim. Mətanətə qarşı haqsızlıq etdilər, o çox vətənpərvər insandır. Sadəcə, dediyi söz səhv anlaşıldı. İnsanlara fayda verən ictimai-siyasi, sosial verilişlərə də gedirəm. Çox adam deyir ki, “bunların işi-gücü yoxdur, gedib otururlar orada”. Çoxları da soruşur ki, bizə pul verirlərmi? Bu dünyada hamının fikri odur ki, “sizə nə verirlər?” Bizə heç nə vermirlər, ancaq mənəvi qida alırıq. Bizim evimizi yıxan bu dedi-qodudur. İnsanlar yalan danışmamalıdır. Biri dedi bizə 10, o biri dedi 20 manat verirlər. Pul versələr, tamaşaçı növbəsində camaat bir-birini qırar. Xaricdə tamaşaçılar aparıcılardan da populyardır. Onların fikri, geyimi, danışığı göz önündə olur. Xaricdə tamaşaçıları mükafatlandırırlar. Amma təəssüf ki, Azərbaycanda belə şey yoxdur. Hələ ki, Azərbaycanda tamaşaçı mədəniyyəti inkişaf etməyib. Mən alqışı sevirəm. Efirin gözəlliyi alqış, geyim, oturuş-duruşdur. Efir mədəniyyəti deyilən anlayış var. Amma hər adam bunu bilmir. Lakin mən bunu Azərbaycana gətirdim və bu hörməti qazandım. İnsanların 90 faizi məni tanıyır.

 

 

- Aparıcılarla münasibətləriniz necədir?

- İndiyədək 200-dən çox aparıcı ilə ünsiyyətdə olmuşam. Bütün aparıcılarla münasibətim yaxşıdır. Daha çox Nanə Ağamalıyeva, Aytən Səfərova, İlqar Mikayıloğlu, İlhamə Bədəlova, Elgiz, Rövşanə, Turan, Zaur Baxşəliyev, Mətanət Əliverdiyevanı sevirəm. Mən olmayanda Nanə deyir “Nəriman dayı hanı? Çağırın onu”. ATV-nin “Nə varsa” verilişində fəal iştirak edirdim, inzibatçı kimi kömək edirdim. Buna görə aparıcı İlhamə Bədəlova ötən il məni Antalyanın Kəmər qəsəbəsinə bir həftəlik istirahətə yolladı. Bilmirdim ki, orada Azərbaycan telekanallarına baxırlar. Antalyada hara gedirdim məni tanıyırdılar, türklər deyirdi “Neriman abi, sizi izləyirik, sevirik”. Məni çaya qonaq edirdilər. Radiolar içərisində “Antenn”də Yusifi çox bəyənirəm. Onunla birlikdə qonaq olduğum verilişlərin birində mənə aparıcılıq etməyi təklif etdi.

 

 

- Belə bir fikriniz var?

- Yaşım o yaş deyil. Gənclərə köməklik edə bilərəm. Cavanlar olan yerdə mənim veriliş aparmağım yaxşı çıxmaz. ATV-nin proqram direktoru Tohid müəllim də mənə veriliş açmağı təklif etdi. Amma sponsor tapmaq lazımdır. Bir neçə dəfə ANS-də “Günəbaxan” verilişində 15 dəqiqə aparıcılıq etmişəm. İlqarla yerimizi dəyişmişik və mən aparıcılıq etmişəm, alqışlarla qarşılanıb.

 

 

- Müğənnilərlə dostluğunuz var?

- Hamısını çox sevirəm, amma Ədalət Şükürov çox gözəl insandır. Onunla Namiq Qaraçuxurlu sıfırdan başlayan müğənnilərdir. Sənətə fəhləlikdən gəliblər. Kimsə kənardan onlara dəstək durmayıb, öz istedadları ilə məşhur olublar. Manaf Ağayev, Tacir Şahmalıoğlu, Sahib İbrahimov ilə dostuq. Vasif Məhərrəmli hansı kanala gedir, məni soruşur. Tacirin yubileyində iştirak etdim, bu yaxınlarda rəhmətə gedən qardaşı ilə orada tanış olmuşduq. Eldar Ələkbərovun oğlunun toyunda iştirak etmişəm. Çox adam müğənnilərin əlini güdür. Məndə belə şey yoxdur. Onlar tər töküb əziyyət çəkirlər, niyə görə kiməsə əl tutmalıdırlar? 

 

 

- Müğənniləri məclislərinə dəvət etmək üçün sizdən xahiş edən insanlar var?

- Etməyiblər. İndiyədək heç bir müğənnidən istifadə etməmişəm. Məni ancaq öz məclislərinə dəvət edirlər, mən də məmnuniyyətlə iştirak edirəm. Bəlkə də insanlar mənə ağız açmağa çəkinirlər. Amma bütün müğənnilər mənim hörmətimi saxlayır, yəqin ki, sözümü yerə salmazlar. Düz danışan, səmimi olduğum üçün məni sevirlər.

 

 

- Özünüzün bəyəndiyiniz tamaşaçı varmı?

- Ən çox Şair Ədiloğlu və Mələk xanım. Mən özümü Azərbaycan tamaşaçılarının atası sayıram. Belə qərara gəlmişəm ki, bütün tamaşaçıları yığıb zooparka aparacam.

 

 

- Zooparka niyə, ay Nəriman dayı?

- İstəyirəm insanlar gedib görsünlər ki, heyvanlar necə yaşayır. Bu, həm də mənəvi qidadır. Televiziya kanallarında gedib otururlar, qoy, gedib heyvanlara da baş çəksinlər. O vaxt bizə heyvanlara sevgi öyrədirdilər. Televiziyada heyvanlarla bağlı verilişlər var idi. Zooparkın rəhbəri Azər müəllimlə danışmışam, razılaşmışıq. 50-60 nəfər tamaşaçını zooparka ekskursiyaya aparacam.

 

 

- Reklama çəkildiniz. Buna görə qonorar aldınız?

- Xeyr. Yəqin özüm də tələb etmədim, ona görə. Gürcülər Bakıda sənədli film çəkirdilər, orada iştirak etmişəm. Cənnət Səlimova rejissorluq edirdi. Şöhrətpərəstliyi sevmirəm. Amma çox sevinirəm ki, küçədə, şəhərdə insanlar məni tanıyır. Xüsusən də uşaqlar məni “Nəriman baba”, deyib çağıranda çox sevinirəm. Elə adamlar da var ki, məni görüb tanıyır, amma göz süzdürüb, üzündə ikrah hissi ilə yanımdan düz keçir.

 

 

- Məşhurluğunuzdan istifadə etmisiniz?

- Harasa gedəndə əlbəttə ki, hörmətlə qarşılayırlar, dinləyirlər. Məni görən kimi alqışlayırlar. Bundan gözəl nə ola bilər?! Ölkənin ictimai-siyasi, mədəni həyatında da iştirak edirəm. İşıq, qaz, su və başqa sosial problemlərlə maraqlanıram, fikrimi söyləyirəm, kömək etməyə çalışıram. İnsanlar da mənə problemləri ilə bağlı müraciət edirlər. Düzdür, bunları millət vəkilləri etməlidir. Amma mən də bacardığım qədər kömək edirəm. Hətta mənə deyiblər ki, bəlkə millət vəkili olum. Demişəm, yox. Bəlkə də əvvəl ola bilərdi. Vaqif Əsədov, Kamran Əliyevə bir çox məsələlərlə bağlı müraciət etmişəm. Yaxşı insanlardır, sağ olsunlar, kömək ediblər. Bakıxanov qəsəbəsi və Xalqlar dostluğu metrostansiyasının yanında yolda kanalizasiyanın ağzı açıq idi, öz maşınım yoxdur, amma gördüm maşın sürənlər əziyyət çəkir. Əvvəlcə ağac tapıb gətirib ora sancdım ki, sürücülər görsünlər. Bu problemi də həll etdim. ATS deyilən yerdə işıqfor yox idi, tez-tez qəzalar baş verirdi. Oraya işıqfor qoyulmasına nail oldum. Bakıxanovda yolların birində işarə yox idi, qoyulmasına nail oldum. Vaqif müəllim deyir ki, mənim fanatımdır.

 

 

- Nə vaxta qədər verilişlərə getməyi düşünürsünüz?

- Nə qədər canımda can var, bütün verilişlərə gedəcəm. Mən olmayanda darıxırlar. Elə bir hal olmayıb ki, mən hansısa səbəbə görə verilişə getməyim. Qarda-boranda, yayın istisində hamıdan birinci gəlmişəm. 5 fevral 2010-cu ildə qara görə heç kim evdən çıxa bilmirdi, mənsə səhər saat 10:00-da canlı efirdə idim. Məni istək, həvəs gətirir.

 

 

- Arzunuz nədir?

- Arzum budur ki, insanlar bir-biri ilə xoş davransınlar, bir-birini sevsinlər, bir-birini ləkələməsinlər.

Tarix
6 Avqust 2015 [18:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin