Ana səhifə
18 Noyabr 2018

Nuridə Qurbanova Ukrayna Pravoslav Kilsəsinin ordeninə layiq görülüb (FOTO)

Mələk xanım və Azərbaycanın Vanqası kimi tanınan məşhur öncəgörücü və şəfaverici Nuridə Qurbanovanın Bakıda təntənəli mükafatlandırma mərasimi keçirilib.

 

 

Trend-in məlumatına görə, mükafatlandırma mərasimində Rusiya və Ukraynadan olan qonaqlar, aralarında Mübariz Tağıyev və Eldar Mansurov kimi şəxsiyyətlər olan mədəniyyət, incəsənət və elm nümayəndələri iştirak ediblər. N. Qurbanova həmin gün 44 yaşını bayram ab-havasında qeyd edib. Zal orijinal gül kompozisiyaları ilə bəzədilmişdi, qonaqlara “Cəngi” rəqs qrupunun, müğənnilər Ədalət Şükürov, İzzət Bağırov, Novruz Novruzlu, Amil Həsənoğlu və digərlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim edildi. Xüsusi olaraq Moskvadan tanınmış şanson ifaçısı, bakılı İqor Timakov gəlmişdi. Mərasimin aparıcısı teleaparıcı Ruslan Həsənov idi.

 

 

Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığının mətbuat mərkəzinin katibi Vladimir Yatsulçak N. Qurbanovaya Ukraynada mənəviyyatın dirçəldilməsində xidmətlərinə görə Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordenini təqdim edib.

 

 

Rusiyadan olan qonaqlar – Sergey Nabataov və “Komsomolskaya pravda” nəşrinin nümayəndələri Tatyana Yulmasova və Marina Anikeyeva Beynəlxalq “Slava Rossiyi” ictimai tanınma mükafatının Təltiflər Komitəsinin adından tibbin inkişafında xidmətlərinə görə “Hippokrat” ordenini təqdim ediblər. Həmçinin, qeyd ediblər ki, avqustun 3-də “Komsomolskaya pravda”nın üz qapağında N. Qurbanova haqqında məqalə dərc edilib.

 

 

Çıxış edənlər vurğulayıblar ki, N. Qurbanova Rusiya və Ukraynada  fəaliyyəti dövründə ictimai fəaliyyətdə və tibb sahəsində önəmli uğurlar əldə edib, elm dünyası tərəfindən tanınıb və xilas edilmiş insanların minnətdarlıqlarını qazanıb.

 

Həmçinin qeyd edilib ki, iyulun sonunda N. Qurbanova yüksək mükafatlara da layiq görülüb. “INTERSAFETY” (“Beynəlxalq Təhlükəsizlik”) Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Təltiflər İttifaqının (UNCOPA) Təltiflər Şurasının qərarına əsasən N.Qurbanova “Qızıl qartal” ordeni ilə mükafatlandırılıb. Bu orden beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işində göstərilən xidmətlərə, eləcə də narkomaniya, ekoloji cinayətlər və müasir qlobal təhlükələrə qarşı mübarizədə verilən töhfəyə görə təqdim edilir. N.Qurbanova, həmçinin sağlam həyat tərzinin qorunması, xalq təbabətinin inkişafı və ictimai təhlükəsizliyin təmin edilməsi işində göstərdiyi xidmətlərə görə “Sülh missiyasının səfiri” adı verilməklə “Cəmiyyət qarşısında xidmətlərinə görə” qızıl medalı ilə mükafatlandırılıb.

 

N.Qurbanova belə yüksək mükafatlara görə minnətdarlığını bildirib və qeyd edib ki, Rusiya və Ukraynada uzun müddət işlədikdən sonra Vətənə qayıdıb və burada cəmiyyətin inkişafı, eləcə də insanların sağlamlığı naminə məhsuldar fəaliyyətini davam etdirəcək.

 

Öncəgörücü və şəfaverici N. Qurbanova əlavə edib ki, Bakıda N.Qurbanova Fenomeni Mərkəzi yaradılıb və böyük layihə reallaşdırılır - sayt 4 dildə modernləşdirilir, jurnal və kitab buraxılır, N.Qurbanova fenomeni haqqında bədii-sənədli filmin çəkilişləri başlayır. Bundan başqa, Bakıda Nuridə Qurbanova Akademiyası da açılacaq, Akademiyada ekstrasensorika üzrə tədris keçərək sertifikat və diplom almaq mümkün olacaq. Azərbaycanda ilk dəfə insanların qeyri-adi qabiliyyətləri haqqında “Xeyirxah İşıq” kinofestivalı və Beynəlxalq Şəfavericilər və Öngörücülər Konfransı keçiriləcək. Layihə çərçivəsində Nuridə Qurbanova Fenomeni Mərkəzinin BƏƏ və Almaniyada nümayəndəlikləri açılacaq. Onun adı yaxın vaxtlarda Ginnesin Rekordlar Kitabına daxil ediləcək.

 

Mərasim bayram tortunun kəsilməsi ilə başa çatıb.

 

N.Qurbanova Azərbaycanın Qarabağ torpağında, Şuşa şəhərində anadan olub. O, bioenerqoinformatika elementləri ilə ənənəvi sagaltma sistemləri üzrə mütəxəssisdir, insanın fikirlərini onun nəbzi əsasında oxuya bilir, diaqnostika və müalicədə öncəgörmə və kosmobioenergetikadan istifadə edir.

 

N.Qurbanovada şəfavericilik və gələcəyi görmə qabiliyyəti onu 10 yaşında ildırım vurduqdan sonra yaranıb. Şəfavericinin fenomenal qabiliyyətləti “ENİOM” Ümumrusiya Ənənəvi Xalq Təbabəti Elmi-Tədqiqat Mərkəzi tərəfindən təsdiq edilib.

 

Məhsuldar fəaliyyəti sayəsində elm dünyasında tanınıb və bir sıra yüksək mükafatlara layiq görülüb. Belə ki, Moskva şəfavericiləri reyestrinə daxil edilən Nuridə Qurbanova "Rusiyada XX əsrin son onilliyinin ən yaxşı şəfavericisi" müsabiqəsinin laureatı, Rusiya filosofiya elmləri doktoru, enerji informasiya elmləri namizədi, komplementar tibb sahəsinin ən yüksək mükafatı olan "Magistr Ulduzu" ali mükafatının sahibi, M.Nostradamus adına Proskopik Elmlər Akademiyasının (NPEA) "Elmin və təcrübənin metri" adının sahibi, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının “İlin ekstrasensi”, “Fəxri ekstrasens” mükafatlarının qalibi, beynəlxalq təşkilatların çoxsaylı mükafat, diplom və sertifikatlarının sahibidir.

 

 

Tarix
5 Avqust 2015 [13:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin