Ana səhifə
20 Fevral 2018

"Sözünü demiş müğənniyə prodüser lazım deyil"

Şou aləminin tarixinə nəzər salsaq, burada gedən bir çox proseslərin şahidi olarıq. Qalmaqallı dövr də olub, müəyyən zaman sənət üçün çalışmaq da. Kimi qalmaqalı özü yaradıb, kimi də qalmaqala təhrik edilib. Son vaxtlar bu aləmdə qalmaqalların sayının artdığını görürük. İllərdir bu prosesin içərisində olan prodüser Mədinə Məliklə şou-biznesin hazırkı durumu haqqında söhbət apardıq. Redaksiyamızın qonağı olan prodüserlə rəhbəri olduğu "Kristal" qrupunun hazırkı vəziyyəti və gələcək taleyi ilə bağlı da danışdıq.

 

- Hazırda şou aləmində vəziyyət necədir?

 

- Vəziyyət bir balaca bərbaddır. Həm müsbət, həm də mənfi cəhətlər var. Müsbət odur ki, irəliləyişlər var. Kənardan baxanda müğənnilərimizin nə isə etməyə çalışıdıqları hiss olunur. Mənfilər məni daha çox narahat edir. Sanki insanlarda canavarlaşma gedir. Bunu necə izah edəcəyimi bilmirəm. Təəssüflər olsun ki, insanlar bir-birilərini daha çox yeyir, didirlər. Son illər bu qalmaqallardan uzaqlaşmışam. Amma bəzən elə sözlər danışırlar ki, cavab vermək məcburiyyətində oluruq. O zaman efirdən kənara çəkib, səhvini deyirəm. Səhvini boynuna al, insan kimi yenə də "salam-sağ olu"muz olsun. Balaca bir şou-biznes ailəsi var. Artıq ailə anlamı da qalmayıb. Bəzən dostum, canım, bacım filan deyirlər. Amma artıq o səmimiyyətə, dostluqlara inanmıram. Çünki şou-biznesdə dostluq yoxdur.

 

- Bu dostluqlara mane olan nədir?

 

- Şəxsən mənim dostum anamdır. Hansısa bir dərdimi bölüşə biləcəyim insan yoxdur, çünki etibar etmirəm. Bir vaxtlar şou-biznesdə sponsor sözünü ucuzlaşdırmışdılar. İndi dost sözünü ondan 10-15 qat ucuzlaşdırıblar. Sevgililər də bir-birinə dostum deyir. Ailədə cütlüklərin bir-biriylə dost olması çox gözəldir. Amma sevgili olub ayrılandan sonra dostuq deyirlər. Dost sirdaşın, canın, sənin özündür. Dost rəfiqə deməkdir. Təəssüflər olsun ki, rəfiqə sözünü işlətmirlər, "padruqam" deyirlər. Sirrini bilən dost artıq sənin düşmənindir. Bunu isə zaman göstərir.

 

- Şou-biznesdə hər ifaçının bir dövranı var deyirlər. Bu gün kimin dövranıdır?

 

- Sənət yoldaşlarımızın dili ilə desək, belə söyləyirlər. "Heç istəmirəm klip çəkdirim", "Konsert vermək istəmirəm" deyənlər çoxdur. Çünki susqunluqdur, sakitçilikdir. Amma eyni zamanda hər kəs nə isə də etməyə çalışır. Dövranın həmişə kimlərin olduğu məlumdur. Dövran güclü sponsoru olanlarındır. Həmişə belə olub, belədir, belə də olacaq. Mən illərdir şou-biznesdəyəm. O vaxt bu işə başlayanda ətrafımda prodüser deyilən kimsə yox idi. İndi isə hamı özünə "bir nömrə" deyir. Birincisi, insan özünü nömrələməməlidir. Nömrə idmançılarda olar. Mənim üçün ulduz da, "nömrə bir" də bayrağımızı ucaldan idmançılarımızdır. Xaricdə az da olsa tanınan, nə isə etmək istəyən sənətçilərimiz var. Bu məni sevindirir. Amma burada bir-birimizin ətini yemək mənə çatmır. Bu baxımdan onları heç vaxt anlamayacam, nə də onların sırasında olmağı istəmirəm.

 

- "Kristal"dakı qızlardan biri solo ifaçılığa başlayacağını dedi. Həm də sizinlə işləmək istədiyini dilə gətirdi...

 

- Gülüm 7 ildir mənimlə bir yerdədir. Artıq solo ifaçılığa başlayacaq. Gülüm artıq mənim özüm kimidir. Onunla bağlı böyük arzularım, xəyallarım var. İnşallah, onları gerçəkləşdirmək istəyirəm. Gülümə hər zaman elçi düşürlər. Mənim yanımda ola-ola üç dəfə elçi düşüb. Hər dəfə də Gülüm deyir ki, məni qəbul edirsənsə, sənətimi də qəbul et. Təəssüflər olsun ki, çox zaman ailə qurandan sonra xanımların evdə oturmalarını istəyirlər. Gülümə ona dayaq duracaq bir şəxslə ailə qurmağı arzu edirəm. Bəlkə elə insana rast gələr ki, sənətin arxasınca getmək istəməz. İnsan heç nədən sığortalanmayıb. Amma hər şey fikirləşdiyimiz kimi olsa, çox müğənnilər Gülümün yanında heç olacaq. Buna adım kimi əminəm. Gülüm cazdan saza qədər hər bir şey oxuyur. Universal bir müğənnidir. 7 ildir yanımdadır deyə, o texnikanı, səhnə mədəniyyətini bilir.

 

- Müğənninin gündəmdə qalmasında prodüserin, yoxsa özünün rolu böyükdür?

 

- Qrup mənim məhsulumdur. Mən "Kristal"ı sıfırdan götürüb yaratmışam. Mən 10 manat qazanıb, onlara nə qədər versəm də, kimsə mənə müdaxilə edə bilməz. Çünki mənim biznesimdir. Qızların işlərinə qarışa da bilirəm. Amma solo ifaçıda azadlıq olur. Mən onun telefon işlətməyinə mane ola bilmərəm. Böyük kimi məsləhət verə bilərəm. Gülüm hörmət etməyi bacaran, böyük-kiçik yeri biləndi. Belə olmasa, uzun illər bir yerdə olmağımız mümkün deyil.

 

- Prodüsersiz müğənni...

 

- Elə müğənnilərimiz var ki, onlara prodüser lazım deyil. Düzdür, hamısının prodüseri var, amma ehtiyac yoxdur. Öz sözünü demiş müğənniyə prodüser lazım deyil. Kimi yanında bir ay fırlatsa, ona hamı prodüser deyəcək. Prodüser, piar menecer başqa-başqa şeylərdir. Çay gətirənin, ayaqqabı geyindirənin adı başqa olmalıdır. Sevgililərinə prodüserim deyənlər də var. Burada da prodüser anlamı heç uyğun gəlmir. Prodüser ifaçını sıfırdan götürüb zirvəyə gətirə biləndir. Misal üçün, cavan bir müğənni oxuyur. Orada-burada oxuyub toylara gedən o müğənni pul qazansa da, ortaya çıxa bilməyəcək. Prodüserin çevrəsində inandığı, güvəndiyi insanlar olmalıdır. Aranjemançıdan tutmuş bəstəkara, klipmeykerə qədər güclü komanda olmalıdır. Mən əjdaha kimi insanam ki, tək işləyirəm. Mənim iş baxımından yaxşı tanışlarım hədsiz çoxdur. Vüqar Camal, Gövhər Həsənzadə, Novruz Aslanovla işlərimiz olub. O insanlar mənə dayaq olurlar. Çünki təmiz çörək yediyimi bilirlər. Həzm edən və edə bilməyənlər üçün də bu bir həqiqətdir. Kimin nə işlə məşğul olduğunu hər kəs bilir. İşlərin görülməsi faiz baxımından prodüserdən də asılıdır, müğənnidən də. Ona görə, mənim özümdən və işlədiyim insandan asılıdır. Əgər müğənninin işlədiyi beş ildirsə, artıq onun qazancı var. İndi prodüserlər müğənniyə "Pulun varsa, gəlim işləyək" - deyirlər. Amma əksinə olmalıdır. Müğənni də çalışqan olmalıdır.

 

- Qızlarınıza qarşı mühafizəkarsız...

 

- Mənim bu barədə bir az sərt xasiyyətim var. Qızlarıma söz deyənin boğazını üzərəm. Özümə söz desələr, bəlkə də susaram, amma qızlarıma söz deyənin dilini boğazından çıxararam. Eləmişəm də. Dava etmək, üstünə adam göndərmək kimi yox. Özüm kənara çəkib sözümü demişəm. Söhbət indiki qızlarımdan getmir.

 

- Bir müddət şou-biznesdə qalmaqal səngimişdi. Çox müğənni işlə gündəmə gəlməyə çalışırdı. İndi qalmaqallar yenə artıb...

 

- Artıq qalmaqallarda ortadan pərdə götürülüb. Bir-iki qalmaqalın şahidi olmuşam. Orada hər kəsi qınamışam. Yaxşı münasibətdə olduğum adamlar da var, heç tanımadığım da. Amma günahı hər kəsdə görmüşəm. Belə şeylərlə qarşılaşdığm zamanlarda, sadəcə olaraq dönüb getmişəm. Əgər birlikdə əyləşdiyim insanlar mənim çevrəm deyilsə, gərək orada oturmayım. Yaşlı insanlar daha emosional olur. Gərək biz onları anlayaq və üstlərinə çox getməyək. Mənim həyatımda belə şey olub. Məndən yaşda çox böyük biri üstümə çımxırıb, yaşına qurban edib heç nə deməmişəm. İki gündən sonra zəng edib üzr istəyib. Bəzən hansısa statusda böyük qalmaqal başlayır. Kimsə əks fikir yazırsa, sənətçilər cavab verməyə başlayırlar. Bizə də yazanlar olur, amma cavab vermirik, bloka atırıq gedir. Əgər biz də nalayiq ifadə yazana onun kimi cavab versək, onlardan nə fərqimiz olar? Biz incəsənət adamlarıyıq. Mən də əvvəllər çılğın olmuşam. Bəlkə də yaş burada öz sözünü deyir. Bir də təcrübəm var. Bu, səhv etməyəcəyəm anlamına gəlmir. Son zamanlar qalmaqallar efir mədəniyyətinə layiq olmayan söyüşsüz, təhqirsiz ötüşmür. Qarşımdakı məndən böyükdürsə, kiçik kimi anlayış göstərməliyəm. Əgər kiçikdirsə, böyüklüyümü qorumalıyam. Onsuz da kənardan baxan insanlar kimin necə olmasını qiymətləndirəcək.

 

- Qrupla bağlı gələcək planlarınız nədir?

 

- Gülüm solo ifaçılığa başlayacaq. Hələ bunu nə vaxt edəcəyimizi bilmirəm. Günayım tam hazır olmalıdır. Düzdür, artıq demək olar ki, hazırdır. Amma daha yaxşı olmasını istəyirəm. Çünki növbədə gələn qızı Günay hazırlamalıdır. Necə Gülüm indi mənə kömək edir, Günay da eləcə. Qızlar var, hələ ki tam seçim etməmişəm. Bir az kaprizliyəm. Bizim "Şərikli çörək" mahnımıza klip çəkilib. Bu il Böyük Vətən müharibəsinin 70 illiyi oldu. Böyük bir layihə işlədim. Təəssüflər olsun ki, rejissor "Kristal" ailəsini pis vəziyyətdə qoydu. Biz onun təqdimatını keçirə bilmədik. 9 maya qədər təqdimatı keçirmək istəyirdik. Sonra düşündüm ki, 21 iyunda müharibə başlayan ərəfədə təqdim edək. Amma hələ də klip əlimdə deyil, sadəcə baxıb rəyimi bildirmişəm. Yəqin ki, mənə çox suallar veriləcək, çünki "Kristal"ın belə klipi olmayıb. Şou-biznesimizdə də belə klip olmayıb. Söhbət klipin qiymətindən yox, ümumiyyətlə, tematikasından gedir. Belə gözəl ideyalar "Kristal" ailəsini çox gözləyir. "Öndər Fondu", "Ey Vətən", "Son zəng"ə klip çəkiləcək. O kliplər də bu ideyada olacaq. İdeya haqqında isə danışmayacam.

 

Kaspi.az

 

Tarix
30 İyul 2015 [20:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ