Ana səhifə
25 Sentyabr 2018

Sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi diqqət yetirilir

Qeyri-neft sektorunda əldə olunan artım Azərbaycan iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür

 

 

Onun sözlərinə görə, qloballaşan dünyada o dövlətlər dinamik və sabit inkişaf edir ki, onlar gələcəyi nəzərdə tutan düşünülmüş strategiyaya malikdir. Bu gün tam cəsarətlə demək olar ki, Azərbaycan məhz belə dövlətlərdəndir. Son 11 ildə Azərbaycanın sosial-iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri nəticəsində respublikamızın iqtisadi qüdrəti daha da artıb, ölkəmiz qloballaşan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. İqtisadi inkişafın artım sürətinə görə, Azərbaycan dünyada lider mövqeyinə çıxıb və onu inamla qoruyub saxlamaqdadır. Respublikamızda liberal iqtisadi sistemin qurulması, sahibkarlıq üçün hərtərəfli şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Həyata keçirilən iqtisadi islahatlarla paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Məlum olduğu kimi, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib. Bundan əsas məqsəd sənayenin modernləşdirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb olunması, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi və onun innovasiyalar əsasında inkişafının təmin edilməsidir. Cari ildə sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının inkişaf etdirilməsi, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib, 200-dək, o cümlədən 40-dan çox orta və iri sənaye müəssisəsi açılıb. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə artıb. Kiçik və orta biznesin inkişafı xüsusilə artıb. «Ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayıb». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əsabil Qasımov deyib. Ə.Qasımov bildirib ki, sahibkarlığın inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib. Onun sözlərinə görə, Azərbaycanda güclü sahibkarlar ordusunun yaranması dövlət başçısının həmişə diqqət mərkəzindədir və cənab Prezident sahibkarlara öz siyasi dəstəyini bəyan edib.

«Orta təbəqənin formalaşması, ilk növbədə, kiçik və orta sahibkarlıq sektorunun inkişafı ilə bağlıdır. Son illər hökumətin ölkədə özəl bölmənin inkişafına diqqət və qayğısının gücləndirilməsi sahibkarlıq sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi, bu il də davam etdirilməkdədir. Onların kredit resursları ilə təmin edilməsində Sahibkarlığa Kömək Milli Fondu başlıca maliyyə mənbələrindən birinə çevrilib. Hökumət əsasən, bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir. Bunun nəticəsidir ki, indiyədək maliyyələşdirilən layihələrin 80 faizi məhz regionların payına düşür»- deyə, komitə üzvü vurğulayıb.

 

Dövlət başçısının da dəfələrlə bəyan etdiyi kimi, həyata keçirilən siyasətin, görülən bütün işlərin başlıca məqsədi Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsidir. İşsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 5 faizə düşüb ki, bu göstəricilərə görə Azərbaycan dünyanın inkişaf etmiş bir çox ölkəsini belə geridə qoyur. Təsadüfi deyil ki, “Standard & Poor’s”,  “Fitch Ratings”, “Moody’s” kimi dünyanın aparıcı beynəlxalq reytinq agentlikləri ölkəmizə verilən investisiya səviyyəli kredit reytinqlərini bir daha təsdiqləyiblər. Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan 144 ölkə arasında 38-ci yerə yüksəlib və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında birinciliyi əldə saxlayır.

Son 10 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı şaxələndirilib və qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib. Artıq bir neçə ildir ki, ÜDM istehsalında qeyri-neft sektorunun çəkisi 50 faizdən çoxdur və 2014-cü ildə bu nisbət 59 faizə çatıb.

Səmərəli iqtisadi strategiya həm də sosial siyasətin uğurluluğunu təmin edir. Ötən il vətəndaşların maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, əməkhaqlarının və pensiyaların artırılması, onların əmanətlərinin kompensasiya şəklində qaytarılması əhəmiyyətli nəticələr kimi dəyərləndirilməlidir. Cari ilin birinci yarısında sosial-iqtisadi sahədə əldə olunan nəticələr də sevindiricidir.

«Xüsusilə vurğulanmalıdır ki, ölkə rəhbərinin müəyyənləşdirdiyi “Sahibkarlığın inkişafı dövlət siyasətidir və dövlət siyasəti kimi qalacaqdır” strateji xətti regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının da başlıca istiqamətlərindən olub. Bu prinsipə uyğun olaraq, son 11 ildə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilib»,- bunu isə “Kənan-insaat və ticarət” MMC-nin baş direktoru Əlihüseyn Əskərov deyib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”  3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, bu sahənin inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.  Dövlət başçısı demişdir: “Bu gün ölkə iqtisadiyyatının mütləq əksəriyyəti özəl sektorda formalaşır. Özəl sektor gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcəkdir. Biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması daim diqqət mərkəzindədir”.

Ölkə iqtisadiyyatında neft amilindən asılılığın azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı hazırda digər sahələrin tərəqqisi ilə müşayiət olunur. Qeyri-neft sektorunda əldə olunan artım Azərbaycan iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür və qarşıya qoyulmuş əsas məqsəd də bu sahədə artıma nail olmaqdır. Bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorunun yaranmasına gətirib çıxaracaqdır. Sahibkarlığın inkişafına dövlət dəstəyinin davamlılığı 2015-ci ildə də ölkə qarşısında duran vəzifələrin icrası üçün daha yaxşı şərait yaradacaqdır. 

Tarix
30 İyul 2015 [19:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin