Ana səhifə
25 Sentyabr 2018

Ədəbiyyat muzeyi 75 illik yubileyinə hazırlaşır

Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bu yaxınlarda 75 illik yubileyini qeyd etməyə hazırlaşır.

 

 

Muzeydən Ucnoqta.az-a verilən məlumata görə, dünyada yeganə ədəbiyyat muzeyi sayılan bu müqəddəs söz sarayı Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir. İlk baxışda öz memarlıq üslubu ilə diqqəti cəlb edən muzeyin binasının tarixi XIX yüz ilin ortalarından başlayır.

Muzeyin açılışı 1945-ci il mayın 14-də olunub. 2004-cü il dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muzeyə gəlişindən sonra 2005-ci ilin yayında hazırlanan layihələr əsasında əsaslı yenidənqurma və təmir-bərpa işləri aparılmış, ölkə prezidenti tərəfindən muzeyin açılışı 2009-cu il martın 14-nə təsadüf edib. Yarandığı gündən bu günə qədər muzeyə əməkdar incəsənət xadimi Salam Salamzadə, tarix elmləri doktoru, professor Əhəd Bağırzadə, əməkdar incəsənət xadimi, xalq rəssamı İsmayıl Axundov, Azərbaycan EA-nın müxbir üzvü Əziz Mirəhmədov, Azərbaycan EA-nın həqiqi üzvü Həmid Araslı, Azərbaycan EA-nın müxbir üzvü Abbas Zamanov, AMEA-nın həqiqi üzvü Bəkir Nəbiyev və başqaları rəhbərlik ediblər.

2003-cü ildən muzeyə AMEA-nın həqiqi üzvü Rafael Hüseynov rəhbərlik edir. Muzeyin ekspozisiyası qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verir. Burada görkəmli ədiblərin əlyazmaları, məşhur xəttatların yazı nümunələri, klassiklərin əsərlərinə çəkilən miniatürlər, Azərbaycan yazıçılarının əsərləri və sənədli fotoşəkillər xalq yaradıcılığı nümunələri, müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, qədim xalçalar, saxsı və bürünc qablar və digər maddi mədəniyyət abidələri nümayiş olunur.

Muzeyin yenilənmiş ekspozisiyasında ziyarətçilər monitorlar vasitəsilə qiymətli audio-video materiallarla – müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlərlə, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri ilə, tanınmış aktyorların ifasında poeziya nümunələri ilə tanış ola bilərlər. 2005-ci ildən “milli” statusunu almış Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bu gün ölkə prezidentinin qayğısı ilə respublikanın çox mühüm elm və mədəniyyət ocağına çevrilib.

Muzey Azərbaycan ədəbiyyatı tarixini hərtərəfli öyrənib təbliğ etmək, milli ədəbiyyat nümunələrini toplayıb mühafizə etmək, dünya ədəbiyyatı tarixində ədəbi-bədii irsimizin yeri, rolu, əhəmiyyəti ilə geniş kütlələri tanış etmək, muzeyşünaslığı inkişaf etdirmək, elmi-tədqiqat və muzeyşünaslıq sahəsində gənc kadrlar – doktorant və dissertantlar yetişdirməklə məşğuldur. Burada Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi istiqamətlərində araşdırmalar aparılır. Muzeyin əsas missiyalarından biri də ziyarətçiləri Azərbaycanın zəngin ədəbi irsi ilə tanış etməkdən ibarətdir. Hər gün muzeyə gələn onlarla qonaq sırasında görkəmli dövlət xadimləri, alimlər, ziyalılar, tələbələr, məktəblilər var. Muzeydə beynəlxalq əlaqələrin inkişafı sahəsində də mühüm işlər görülüb.

2011-ci ildə Sloveniyanın Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin memorial muzeyi və muzeyin direktoru, akademik Rafael Hüseynovun müəllifi olduğu, M.Hüseynzadəyə həsr edilib, “İki xalqın övladı” kitabı Azərbaycan, ingilis və sloven dillərində nəşr olunub. R. Hüseynovun 2014-cü ildə Oksford Akademiya İttifaqına üzv seçilməsi ədəbiyyat və mədəniyyətimizin dünya miqyasında təbliği, həmçinin mədəniyyətlərarası əlaqələrin inkişafı baxımından əhəmiyyətli nailiyyət olunub. 2010-cu ildə Respublika Prezidentinin sərəncamına əsasən muzeyin 70 illik yubileyi yüksək səviyyədə qeyd edilib, “Azərbaycan xalqının milli özünütəsdiqində ədəbiyyat və mədəniyyətin yeri” mövzusunda beynəlxalq konfrans keçirilib, tədbirin materialları kitab şəklində dərc olunub. Kitabın redaktoru və ön sözün müəllifi AMEA-nın həqiqi üzvü Rafael Hüseynovdur. Müstəqilliyimizin son 24 ilində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fonduna 12000 ədəddən çox eksponat daxil olub. Onların sırasında şair və yazıçıların arxivləri, rəsm əsərləri, heykəltaraşlıq nümunələri, xatirə əşyaları, əlyazmalar, köhnə və yeni çap, həmçinin hədiyyə kitabları, fotolar, qəzet və jurnallar yer alır.

Bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Azərbaycan dövlətinin qayğısı sayəsində bir bina və bir muzey kimi mövcud olduğu bütün zamanlarda olduğundan müqayisəedilməz dərəcədə yüksək səviyyəyə çatmış, tamamilə yeni bir həyat qazanmışdır. Hazırda bu mədəniyyət ocağı ölkənin əsas elm və mədəniyyət ocaqları sırasında aparıcı mövqe tutmaqdadır.

Tarix
30 İyul 2015 [17:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin