Ana səhifə
25 Sentyabr 2017

“Bespoke Coachline”:“Rolls-Royce Motor Cars”ın əl işi sənətkarliğinin nəfis simvolu

1904-cü ilin mayında müvəffəqiyyətli mühəndis Henri Roysun dünyada ilk avtomobil diler şəbəkələrindən birinin sahibi Çarlz Rollsla birlikdə “Rolls-Royce Limited” şirkətinin əsasının qoyulması ilə nəticələnən işgüzar naharından 110 ildən çox vaxt keçib. O vaxtdan etibarən “Rolls-Royce” avtomobillərinin istehsal prosesinin incəlikləri markanın sənətkarlıq və keyfiyyət anlayışlarının bariz nümunəsi olduğunu təcəssüm etdirən əfsanələrə çevrilib.

 

 

Dünyaca tanınmış dəbdəbəli avtomobillərə həsr olunmuş hekayələr arasında Mark Kortla bağlı olanı daha geniş müzakirə olunur. O, şirkətin “Bespoke” bölməsi tərəfindən istehsal olunan “Rolls-Royce” avtomobillərinin üzərində məşhur “coachline” zolağını çəkmək üçün gərəkli ixtisas və təcrübəyə malik yeganə insandır.

 

“Rolls-Royce” avtomobillərinin istehsal prosesinə xas keyfiyyət və yüksək sənətkarlığı simvolizə edən “coachline” xətti heç bir texniki vasitənin köməyi olmadan  müstəsna şəkildə əl ilə altı metrlik “Rolls-Royce” modellərinin gövdəsinin hər iki tərəfinə çəkilir.

 

Tək və ya cüt olan zolaq həm bir, həm də iki rəng çalarında çəkilir və özəl hallarda “Rolls-Royce Bespoke” bölməsinin fərdiləşdirmə proqramı çərçivəsində müştərinin tələbinə uyğun olaraq hər hansı loqotip, ailə nişanı, hətta ərəb xəttatlığını da özündə əks etdirə bilər.

 

Eksklüziv “Rolls-Royce” modellərinin üzərində əks olunmuş “coachline” dizaynının son illərə aid ən gözəl nümunələri sırasında Min Bir Gecə “Ghost” kolleksiyasındakı ərəb kalliqrafiyası, həmçinin “Rolls-Royce Maharaja Phantom Drophead Coupé”nin üzərini bəzəyən zümrüdü yaşıl rəngli “coachline” zolağındakı tovuz quşu emblemi yer alır.

 

“Rolls-Royce Motor Cars”la əməkdaşlığa qədər Mark Kort öz karyerasını restoranlar üçün işarə və loqotiplərin çəkilməsi, mağaza vitrinlərinin bəzədilməsi, avtomobil istehsalçıları üçün müxtəlif xəttatlıq işlərinin görülməsi əsasında qurmuşdur. Markın istedadı ona tanınmış avtomobil markasının “evi” sayılan Qudvudda fəaliyyət göstərməyə və “Bespoke” bölməsinin füsunkar modellərinin dizaynına əl işi olan incəsənət nümunəsi əlavə etməyə şərait yaradıb.

 

Dəbdəbəli “Rolls-Royce” avtomobillərinə xas zərif zolaqların çəkilməsi üzrə ixtisaslaşmış yeganə dizayner sayılan Mark Kort son on il ərzində “Rolls-Royce Motor Cars” tərəfindən istehsal olunan 2500-dək eksklüziv avtomobilin gövdəsini bəzəyən hər bir “coachline” zolağının müstəsnasız müəllifidir. Rəssamlıq bacarığından savayı bu işdə yüksək dərəcədə səbir və diqqət tələb olunur, belə ki, üç saatadək davamlılığa malik iş prosesində sincab tükündən hazırlanmış zərif fırçalardan istifadə edilir.

 

Bu cür uzun müddət ərzində əli dayanıqlı şəkildə saxlamaq və diqqəti bir yerdə cəmləşdirmək bacarığı bəlkə də yalnız irsən ötürülə bilən keyfiyyətlərdir. Məhz bu səbəbdən Markın davamçısı qismində nəzərdən keçirilən yeganə namizəd kimi oğlu Eşli göstərilir. Qeyd edək ki, o, dünyaca tanınmış “coachliner” ( “coachline” zolaqların müəllifi) kimi atasının yolunu davam etdirmək məqsədilə Qudvudda Markın yanında təcrübə qazanır.

 

“Rolls-Royce”un müştərilərə sonsuz hörmətinin sübutu olaraq şirkət VIP müştərilərin istəyinə əsasən artıq zavodu tərk etmiş avtomobil sahiblərinin coğrafi yerləşməsindən asılı olmayaraq zolaqların çəkilməsi məqsədilə Mark Kortun onları ziyarət etməsinə şərait yaradır. 2012-ci ildə Mark Kortun özəl müştərinin istəyinə əsasən Dubaya səfəri avtomobil aləmində əfsanəvi bir hadisəyə çevrilib. Məhz bu hadisə “Rolls-Royce”un qısa video-çarxının mövzusunu təşkil edib. Video-çarxı təqdim olunan link vasitəsilə izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=aZ37QC2xFkQ.

 

“Improtex Motors” haqqında:

“Improtex” Şirkətlər Qrupunun tərkib hissəsindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce”, “MINI”, “Alpina” və BMW motosikllarının rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını  Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hər yeni təqdimat təmtəraqlı şəkildə qeyd edilir.

Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və  bütün müasir standartlara tam cavab verən  3 sərgi-satış salonu və servis mərkəzi vardır.

Azərbaycan avtomobil sektorunda qabaqcıl şirkətlərindən biri olan və 16 ildən artıq fəaliyyət göstərən “Improtex Motors”, Azərbaycan avtomobil bazarında özünü etibarlı və nüfuzlu şirkət kimi ifadə edərək, uzunmüddətli peşəkar  fəaliyyəti sayəsində müştərilərin etibarını və hörmətini qazanmışdır.

Tarix
27 İyul 2015 [17:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ