Ana səhifə
21 Sentyabr 2018

Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkədir

Sahibkarlığın və bütövlükdə qeyri-neft sahələrinin inkişafı hökumətin prioritetini təşkil edir

 

 

Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində bir sıra önəmli addımlar atılıb və bu da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaradıb. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin azaldılması və sosial yönümlü müxtəlif problemlərin aradan qaldırılması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olub. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli iqtisadi siyasət sayəsində ölkə iqtisadiyyatında hökm sürən makroiqtisadi sabitlik, ÜDM-in istehsalında əldə olunmuş sabit artım tempi, bank, maliyyə və digər sahələrin göstərdiyi yüksək iqtisadi nəticələr onu deməyə əsas verdi ki, Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkədir. Bununla əlaqədar hazırda sahibkarlığın və bütövlükdə qeyri-neft sahələrinin inkişafı hökumətin prioritetini təşkil edir.  Qeyri-neft sektorunu inkişaf etdirərkən, ənənəvi sahələrlə bərabər, yeni iqtisadi sahələrin, xüsusilə də idxalı əvəzləyəcək və eyni zamanda əlavə dəyərin yaradılmasında payı çox olan sahələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. İdxal olunan malların ölkə daxilində istehsalının stimullaşdırılması idxaldan asılılığın maksimum azaldılmasına imkan verib, ixracyönümlü qeyri-neft sahələrinin inkişafı isə ölkəyə valyuta daxilolmalarının artmasına şərait yaradıb.

 

Qeyd edək ki, Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyası milli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılmasını tələb edir. Neft sektorunda olduğu kimi, qeyri-neft bölməsinə də xarici investisiyaların cəlb edilməsi və bu məqsədlə ölkədə əlverişli və dinamik tənzimlənən biznes mühitinin formalaşdırılması bu sektorda sıçrayışlı inkişafa təkan verib. Eyni zamanda xarici investorların iştirakı ilə istehsalyönümlü birgə layihələrin həyata keçirilməsi ölkədə qeyri-neft sahələrinin inkişafına, ixracyönümlü məhsul istehsalının artımına şərait yaradıb. Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycanda İnvestisiya və İxracın Təşviqi Fondunun bu istiqamətdəki fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.

Qeyri-neft sektorunu inkişaf etdirərkən daha çox əməktutumlu sahələrin, xüsusilə sənaye müəssisələrinin açılmasının və bu sahəyə investisiya qoyuluşunun təşviqi ölkədə məşğulluğun və eyni zamanda qeyri-neft sektorundan vergi daxilolmalarının artırılmasına da xidmət edib. Qeyri-neft sektorunda artıma müasir bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq sahibkarlığın və özəl sektorun inkişafını stimullaşdıran əlverişli şəraitin yaradılması və digər tərəfdən ölkənin kommunikasiya və infrastruktur sistemlərinin modernləşdirilməsi və müasir tələblərə çatdırılması yolu ilə nail olunub. Həmin sahədə əldə olunmuş nailiyyətlər göstərir ki, bu siyasət tam şəkildə özünü doğruldub.

Son illər ərzində infrastruktur layihələrinin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycanın iqtisadi inkişafı üçün güclü baza formalaşıb. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılıb, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilib, yollar salınıb. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsi olub.

Qeyri-neft sektorunun inkişafı eyni zamanda sahibkarlığın inkişafını stimullaşdıran tədbirlərin artırılmasını tələb edir. Bu məqsədlə dövlət tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi prosesinin intensivləşdirilməsi ölkədə həm özəl biznesin, həm də müvəkkil bankların inkişafına şərait yaradıb. Hüquqi şəxlərin qeydiyyatı üçün "vahid pəncərə" prinsipinin tətbiqi, sadələşdirilmiş vergitutma, o cümlədən elektron vergiödəmə sisteminin tətbiqi biznes mühitini daha da yaxşılaşdırıb. Əlverişli biznes mühitinin inkişafı mükəmməl təhsil almış və xarici təcrübəni ölkədə tətbiq etməyə qadir olan ixtisaslı kadrların hazırlanmasını tələb edir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş və Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası "qara qızılın insan kapitalına çevrilməsi" ideyasının reallaşmasına və ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının formalaşmasına şərait yaradıb. Bu proqram çərçivəsində Neft Fondunun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayı hazırda min nəfərə çatıb və bu say ildən-ilə artır. Xaricdə təhsil almış Azərbaycan gənclərinin təcrübəsindən təkcə dövlət sektorunda deyil, eləcə də özəl sektorda istifadə edilməsi ölkədə müasir biznes mühitinin formalaşmasına və müasir idarəetmə üsullarının geniş tətbiqinə şərait yaradıb.

Dövlətin maliyyə imkanlarının artması Azərbaycanda ekoloji problemlərin həlli üçün də geniş imkanlar açıb. Bu baxımdan Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planının və "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi, eyni zamanda 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ölkədə uzun illər ərzində həllini gözləyən ekoloji problemlərin aradan qaldırılmasına və eyni zamanda ətraf mühitin yaxılaşdırılmasına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və bununla da ölkədə yüksək standartların tətbiqinə şərait yaradan strateji addımlar sayılır.

Uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində ölkə modernləşdirmə xətti ilə yüksək templə inkişaf edir və hazırda formalaşmış iqtisadi baza, maliyyə resursları, insan kapitalı imkan verir ki, növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni, böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlasın.

Hazırda ümumi daxili məhsulun 85 faizi özəl sektorda istehsal olunur. Bu uğurların qazanılmasında Azərbaycan sahibkarlarının, eyni zamanda ASK-nın da öz tövhəsi olub. Vaxtilə ümummilli lider Heydər Əliyev deyib: "Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ictimai təşkilat kimi ölkədə sahibkarlığın inkişafına kömək sahəsində güclü dövlət siyasətinin gerçəkləşdirilməsində, iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində, sahibkarların və iş adamlarının hüquq və qanuni mənafelərinin qorunmasında, ölkədə əhalinin hüquq mədəniyyətinin formalaşdırılmasında və işgüzar fəaliyyətinin gücləndirilməsində fəal rol oynayır".

Doğurdan da konfederasiyanın üzvləri daim ölkə sahibkarlarına, o cümlədən Konfederasiyaya ulu öndər tərəfindən verilən yüksək qiymətə layiq olmağa calışır.

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 1999-cu ildə təsis edilib, ölkədə iş adamlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O özündə 4000-dən çox sahibkarlıq subyektini, o cümlədən 50-yə qədər assosiasiya və birlikləri birləşdirir. Səmərəli idarəolunmanı təşkil etmək məqsədilə Konfederasiyanın yanında yaradılmış 10 daimi komissiya sahələr üzrə, respublikanın bütün bölgələrini əhatə edən 10 regional nümayəndəlik isə regional idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılması və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaradıb.

(ardı var)

 

Tarix
24 İyul 2015 [12:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin